Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/20/2026

Paylaşın

Mədəniyyət

Vicdan kürsüsündə insan – “Mühakimə” tamaşasından qeydlər

“Mühakimə”

İndi gəldiyim bu ünvan bəlkə də bir vaxtlar kiminsə yaşadığı mənzil olub. Qalın divarları, hündür pəncərə və qapıları bu yaşlı binanın uzun bir dövrə şahidlik etdiyini göstərir. Divarlar sökülüb tökülsə də, parket döşəmə keçmiş gözəlliyindən hələ də nəsə qoruyub saxlayır.

Sənətkar zövqünü xatırladan xonçalı parket, divar boyunca uzanan müasir işıqlandırmanın altında parıldayır. Bu işıqlandırma məkanın studiya ovqatını daha da gücləndirir. Hələ ki vaxt var. Mən isə içində olduğum binanın tarixini düşünürəm.

Bir vaxtlar Aşurbəyovlar malikanəsi Bakının mərkəzi məhəllərindən birini öz ehtişamı ilə bəzəyirdi. Bu, Teymur bəy Aşurbəyovun oğlu Bala bəyə toy etməyə hazırlaşdığı dövr idi. O, gənclərin səadətini taclandıracaq bir malikanə hədiyyə etmək istəyirdi. Layihəni isə dövrün baş memarı İosif Qoslavskiyə həvalə etmişdi. Taleyin ironiyasına bax ki, bu bina memarın son işi kimi tarixə düşdü.

1904-cü ildə tikilən bu malikanə mart qırğınlarını, Cümhuriyyət dövrünü, sovet hakimiyyətini və yenidən müstəqilliyi yaşamış 122 illik tarixi bir abidədir. Sahiblərinin taleyi zamanın girdabında itənlərin aqibəti kimi ağrılı olsa da, bina yaşayır — keçmişin canlı şahidi kimi ayaqdadır.

Təxminən 5–6 dəqiqədən sonra iç otaqda yaradıcı laboratoriyanın “Mühakimə”sini izləyəcəyəm. Bu, böyük teatr səhnəsi deyil. Əksinə, studiya, emalatxana, laboratoriya atmosferidir. Əsas olan isə peşəkar quruluş və tamaşaçı ilə üz-üzə aktyor oyununun canlı enerjisidir.

Qırmızı işıqla yarımqaranlıq bir otaq. Ortada masa və ətrafında səkkiz stul. Deməli, mühakimə burada — gözümüzün önündə, əlimiz çatacaq qədər yaxın məsafədə baş verəcək…

Burada pərdə yoxdur. Xaotik bir söhbət var. Masa arxasında oturanlar qızğın mübahisə edirlər. Tamaşaçı istər-istəməz bu söhbətin içinə daxil olur. Səs-küy, üst-üstə düşən fikirlər… Nəhayət, “səsinizi kəsin!” nidası ilə sükut yaranır və mühakimə başlayır.

Bu, nəyin mühakiməsidir? Haqq ilə haqsızlığın? Cinayət və cəzanın? Yoxsa vicdanın?

Görünən odur ki, tamaşa boyu axtarılan məhz vicdanın özüdür.

“12 qəzəbli adam” motivləri əsasında İlqar Aydının qələmə aldığı “Mühakimə” pyesinə Məhəmməd Məmmədov quruluş verib.

Məhkəmə qarşısına çıxarılacaq 18 yaşlı gəncin günahkar olması və ya edamı kimə lazımdır? Heç nəyi dəqiq görmədiyi halda “gördüm” deyən şahidlərəmi? Susan vəkiləmi? Faktları yoxlamadan qərar verməyə tələsənlərəmi? Yoxsa kölgələrlə yaşayan doğmasına?

Yeddi nəfərin içində yalnız bir nəfər həqiqəti görür və gəncin məsumluğuna inanır. Bəs nə qədər cəsarət və inandırma gücü lazımdır ki, digərlərinin fikrini dəyişib ədalətin tərəzisini düzəldəsən?

Analitik psixologiyanın banisi Karl Yunq hesab edirdi ki, cinayət ruhun parçalanmasıdır, cəza isə onun yenidən bütövləşməsi üçün zəruri prosesdir. Cəza xaricdən gələn bir akt deyil — vicdanın özünü bərpa cəhdidir.

Yunqa görə, hər bir insanın daxilində qəbul olunmayan qaranlıq tərəf — “kölgə” mövcuddur. Tamaşada bu tərəf açıq şəkildə üzə çıxır.

Mühakimə ağır keçir. Məişət səviyyəsindən başlayan müzakirələr getdikcə dərinləşir və kulminasiyaya çatır. Münsiflərin qərarına təsir edən təzyiqlər, emosiyalar, şəxsi komplekslər — hamısı bir-birini izləyir.

Atalığın qətlində ittiham olunan gəncin cəzalandırılmasını tələb edən şəxs bəlkə də elə bu cinayətin əsas səbəbkarıdır?

Yunq bu cür halları psixoloji mexanizmlərlə izah edir. İnsan bəzən cəmiyyət üçün ideal bir “persona” — sosial maska yaradır və öz qaranlıq tərəfini onun arxasında gizlədir. Günahı başqasına yönəltməklə daxili dağıntısını kompensasiya etməyə çalışır.

Digər əsas mexanizm isə proyeksiyadır. İnsan öz içindəki qaranlığı qəbul edə bilmədikdə, onu başqasına — çox vaxt ən yaxın insana yönəldir. Bu halda günahkar öz yükünü başqasının üzərinə ataraq sanki təmiz qalmağa çalışır.

Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının eksperimenti — “Mühakimə” uğurla başa çatdı. Tamaşa göstərdi ki, səhnə olmadan da səhnə yaratmaq mümkündür.

Ən vacibi isə aktyorların pafossuz, təbii və sərbəst oyunu idi. Onların canlı enerjisi tamaşaçını prosesin bir hissəsinə çevirməyi bacardı.

Laboratoriya yeni eksperimentlərlə yoluna davam edəcək. Görünən odur ki, bu yaradıcı axtarışlar hələ çox danışılacaq.

Təranə Bakırqızı

Tədqiqatçı jurnalist

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Serbiya Prezidenti Aleksandar Vuçiç aprelin 19-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Ən son

ƏDƏBİYYAT

Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin”in yaranmasından 120 il ötür.

ƏDƏBİYYAT

Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin”in yaranmasından 120 il ötür.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin