Türksoylu xalqların kabusuna çevrilən Çar Rusiyasının sonu gəlmişdi
“Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə yoxdan bir bayraq yapıb, dövlət quran, Odlar Yurdu Azərbaycan 1920-ci il aprelin 28-də Qızıl ordunun qırmızı terroru, Şura Hökumətinin burulğanı ilə üz-üzə gələndə bəlkə də, kimsənin ağlına gəlməzdi ki, bir gün onun kəfənini biçib dəfn edən rəsmi sənədə imza atan türk olacaq. Daha çox incitdiyi, repressiyanın qurbanına çevirdiyi, dilinə, mədəniyyətinə, dəyərlərinə əl qoyduğu türk.
1991-ci il dekabrın 26-da SSRİ rəsmi olaraq mövcudluğunu dayandırdı. Həmin ərəfədə SSRİ-nin formal olaraq adi idarəçilik orqanı nə idi və ona kim rəhbərlik edirdi. Yaxın tarix olsa da bəlkə də, bir çoxlarının bundan xəbəri yoxdur. O dövrün rəsmi mənbələrinə istinad edərək deyə bilərik ki, çoxlarının düşündüyündən fərqli olaraq 1991-ci ildə SSRİ-nin rəhbəri Mixail Qorbaçov olsa da, Ali İcra orqanının rəhbəri əslən qazax türkü olan Anuarbek Alimjanov olub. O, qazax yazıçısı filoloq və dövlət xadimi olan Anuarbeq Alimjanov SSRİ-nin ali orqanı olan Ali Sovetin Respublikalar Şurasının sədri kimi yüksək statusa malik idi. SSRİ Ali Soveti SSRİ Konstitusiyasına görə Sovet İttifaqının qanunverici orqanı idi. SSRİ Ali Soveti ən ali orqan olduğundan digər orqanlar onun tabeliyində idi.

Tarix həqiqəti, həm də İlahi ədaləti sevir
Əldə olunan məlumatlardan o da bəlli olur ki, SSRİ Ali Soveti iki palataya bölünür: SSRİ Ali Respublikalar Şurasına və SSRİ Ali Sovetinin Aşağı palatasına həmin ərəfədə, 1991-ci ildə rəhbərlik səlahiyyəti Anuarbek Alimjanova məxsus olduğundan sentyabrın 26-da SSRİ onun imzası ilə buraxılmışdır.
Bu nəhəng SSRİ-nin, faşizm üzərində qələbəsi ilə mümkün olmayanları mümkünə çevirən, nə az, nə çox düz 70 il millətlərin katorqasına, türksoylu xalqların isə kabusuna çevrilən Sovet İttifaqı donunu Şura Hökumətinə dəyişən Çar Rusiyasının sonu gəlmişdi.
“Çar Rusiyası Qafqazı parçala hökm sür, İstanbulu fəth et!” nidası ilə Odlar Yurdu Azərbaycanı parçaladığı, onu xanlıqlara böldüyü kimi Türküstanı jüzlərə bölmüşdü. Tarix həqiqəti, həm də İlahi ədaləti sevir. SSRİ Ali Sovetinin iclasında Mixail Qorbaçovun üstünə Azərbaycan türk – Ulu Öndər Heydər Əliyev “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir!” nidası ilə yerimişdi. 20 Yanvar dəhşətlərinin səhəri gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək partiya biletindən imtina etməklə sosializm realizmindən, kommunizmdən danışan quruluşa yerini göstərmişdi. 1991-ci ildə digər bir türkün – Çolpanın, Oljes Süleymenovun diyarından gələn Anuarbek Alimjanovun imzası ilə isə qosqoca Rus İmperiyasına, Sovet İttifaqına son qoyulmuş, Yer üzü türkü Ərkənəqondan çıxaran Bozqurdun nuruna bürünmüşdü!
Şərəf Cəlilli