“Fantaziya” hamamı 1896-cı ildə Bakıda, indiki Dilarə Əliyeva (o vaxtkı Suraxanskaya küçəsi) və İslam Səfərli (o vaxtkı Vorontsov küçəsi) küçələrinin kəsişməsində Avqar Adamovun varislərinin sifarişi ilə tikilib. Layihənin müəllifi polkovnik, Bakı quberniyasının və daha sonra şəhərinin mühəndisi, Bakı şəhər başçısı, həmçinin şəhərin ilk baş planının müəllifi olan Nikolay Avqustoviç fon der Nonne (1835–1908) idi. Bu bina Bakıda Avropa tipli ilk ictimai hamamlardan biri sayılırdı və ənənəvi şəhər hamamlarından xeyli fərqlənirdi.

“Fantaziya” fəaliyyətə başladığı ilk gündən hamam məkanının təşkili baxımından dövrünü qabaqlayan yanaşması ilə seçilirdi. Burada ümumi şöbələrlə yanaşı, fərdi istifadə üçün ayrıca otaqlar da yaradılmışdı ki, bu da XIX əsrin sonlarında Bakı hamam mədəniyyətində nadir hal hesab olunurdu. Bundan əlavə, bina Bakıda elektrik işıqlandırması və telefon rabitəsi ilə təchiz olunan ilk tikililərdən biri idi. Bu isə onun yüksək texniki səviyyəsini və dövrün qabaqcıl Avropa standartlarına uyğunluğunu göstərirdi.

“Fantaziya” hamamı 1897-ci il yanvarın 13-də istifadəyə verilib. Bu barədə “Kaspi” qəzeti məlumat yayıb. Elanda geniş fərdi otaqların, müalicəvi vannalar və duşlarla təchiz olunmuş su müalicəsi şöbəsinin, quyu mənşəli şirin suyun, zəngin interyerin, elektrik işıqlandırmasının, rahat gözləmə zalının, dövri mətbuatdan istifadə imkanının və telefon rabitəsinin mövcudluğu xüsusi vurğulanırdı. Axşam saatlarında isə ziyarətçilərin diqqətini dövrün texniki yeniliklərindən biri olan işıqlı elektrik fəvvarəsi cəlb edirdi. Qonaqlara içkilər və yüngül qəlyanaltılar da təqdim olunurdu. Ayrı otağın qiyməti isə 1 rubldan başlayırdı.

1914-cü ilə qədər Bakıda mərkəzləşdirilmiş su təchizatı sistemi yox idi. Buna görə də hamamın fəaliyyəti üçün böyük həcmdə su ehtiyatı tələb olunurdu. Bəzi dövrlərdə bir neçə günlük su ehtiyatı toplamaq məqsədilə “Fantaziya” hamamı müvəqqəti olaraq bağlanırdı.

1897-ci il mayın 14-də “Kaspi” qəzetində “Fantaziya” hamamına həsr olunmuş məqalə dərc olunub. Yazıda həmin dövrün Bakısında ən müasir və rahat müəssisələrdən biri hesab edilən hamamın texniki və sanitariya baxımından yüksək səviyyədə olduğu qeyd edilirdi. Məqalə müəllifi yazırdı ki, Bakı kapitalistlərinin əksəriyyəti vəsaitlərini 30 faizə qədər gəlir gətirən neft müəssisələrinə yatırdığı halda, “Fantaziya”nın sahibi Şamaxı yolundan xüsusi çəkilmiş su xətti və digər iri mühəndis qurğularına sərf olunan böyük xərcləri nəzərə alsaq, hətta 4 faiz gəlir əldə etməyə belə ümid edə bilməzdi.

Məqalədə sanitariya qaydalarına ciddi riayət olunması da xüsusi vurğulanırdı. Hamam şirin quyu suyu ilə təmin olunur, otaqlarda ideal təmizlik qorunur, yataq dəstləri və dəsmallar isə xüsusi kameralarda dezinfeksiya edilirdi. Buna baxmayaraq, xidmət qiymətləri münasib saxlanılır, daimi müştərilər üçün isə 15–20 faiz endirimli abunə kartları təqdim olunurdu.
Qəzet həmçinin yay mövsümündə adi və tibbi duşlardan istifadəyə görə ödənişlərin azaldılmasının planlaşdırıldığını bildirirdi. Məqalə müəllifinin sözlərinə görə, bu duşlar altında insan “dərhal sərinlənə və Bakının qızmar, boğucu yayını bir anlıq unuda bilərdi”.

Binanın dekorativ və texniki tərtibatı da diqqət çəkirdi. Fasadın üç küncündə böyük fənərlər quraşdırılmışdı və onlar ətrafı “elektrik işığı dənizi”nə qərq edirdi. Pəncərələr rəngbərəng işıqlarla bəzədilmişdi, damın üzərində isə uzaq məsafədən görünən elektrik projektoru yerləşirdi. XIX əsrin sonlarında Bakı üçün bu cür işıqlandırma həqiqətən yenilik hesab olunurdu və müəssisənin nüfuzunu artırırdı.

Hamamın daxili bəzəyi də xüsusi zövqlə hazırlanmışdı. Gözləmə zalında yerləşən elektrik fəvvarəsi əsas görməli məkanlardan biri idi. Qəzetin yazdığına görə, bu fəvvarə hamam sahibinin öz ixtirası idi. O, göy qurşağının bütün rənglərinə bürünərək qeyri-adi işıq effektləri yaradırdı. Canlı və süni güllər, çoxsaylı Edison və Qram lampaları, heykəlciklər və nəfis gips ornamentləri interyerə xüsusi dəbdəbə qatırdı.

Memarlıq baxımından bina XIX əsrin sonlarına aid eklektika üslubunun parlaq nümunəsi idi. Tikilidə neoklassika və neorenessans elementləri üstünlük təşkil edirdi. Fasadlar simmetriya prinsipi əsasında qurulmuşdu. Binanın künclərində çıxıntılı hissələr yerləşirdi və burada şir maskalı dekorativ fəvvarələr quraşdırılmışdı. Şirin ağzından axan su daş kasalara tökülürdü. Bu element həmin dövrün Avropa memarlığında geniş yayılmışdı və həm bədii, həm də praktik funksiyanı yerinə yetirirdi. Şir və su simvolları binanın ictimai əhəmiyyətini daha da vurğulayırdı.

Sovet hakimiyyəti qurulduqdan sonra hamam yeni iqtisadi şəraitdə fəaliyyətini davam etdirdi. 1927–1928-ci illərə qədər davam edən Yeni İqtisadi Siyasət dövründə məhdud formada özəl mülkiyyət də mövcud idi. 1924-cü ildə nəşr olunan “Bütün Azərbaycan” məlumat kitabçasına görə, həmin vaxt “Fantaziya” hamamı A.B. Quliyevin mülkiyyətində olub.

Təxminən 1947-ci ildə hamamda genişmiqyaslı bərpa işləri aparılıb. Təmir zamanı interyer demək olar ki, tamamilə yenilənib, gips bəzəklər bərpa olunub və qismən yenidən hazırlanıb, yeni dekorativ pannolar quraşdırılıb, mərmər uzanacaqlar dəyişdirilib, mərkəzi hovuz yenidən qurulub. İşlərə təcrübəli heykəltəraşlar, dekor ustaları və rəssamlar cəlb olunub. Onların arasında xüsusilə Muxtarov Sarayının bədii tərtibatında iştirak etmiş, məşhur cəngavər heykəlinin müəllifi olan heykəltəraş və dekorator İ.İ. Adeyev seçilirdi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra “Fantaziya” hamamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Bina 2010-cu illərin əvvəllərinədək hamam kimi fəaliyyət göstərməyə davam edib.
2012-ci ildə “Qorxma, mən səninləyəm! 1919” filminin səhnələrindən biri məhz bu hamamın daxilində çəkilib. Həmin kadrda fəvvarəli əsas zalı görmək mümkündür.

Tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunmasına baxmayaraq, bina özəl mülkiyyətdə qalır. 2012-ci ildən etibarən obyekt tamamilə istifadəsiz vəziyyətdədir. Hazırda tikili qəzalı vəziyyətə yaxındır və kompleks elmi-restavrasiya işlərinə ciddi ehtiyac duyur. Binanın bir sıra konstruktiv və dekorativ elementləri qismən itirilib və o, faktiki olaraq yarıuçuq vəziyyətdədir.
Stasya Orlova-Stroqanova