Vaqif Poeziya Günlərində Türk dünyasından gələn qonaqların iştirakı tədbirin beynəlxalq miqyasını daha da genişləndirir və onun ortaq mədəniyyət platformasına çevrildiyini nümayiş etdirir.
Bu fikri Baki-Baku.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu səsləndirib.
O bildirib ki, Vaqif Poeziya Günlərinin hər il keçirilməsi artıq ölkənin zəngin mədəni həyatının ayrılmaz atributuna çevrilib. Onun sözlərinə görə, hər hansı mədəni tədbirin əhəmiyyəti təkcə məzmunu ilə deyil, həm də davamlı şəkildə təşkil olunaraq ənənəyə çevrilməsi ilə ölçülür.
Səlim Babullaoğlu qeyd edib ki, bu il Vaqif Poeziya Günləri Şuşada altıncı dəfə keçirilir və proqram əvvəlki illərlə müqayisədə daha zəngin və rəngarəngdir. O xatırladıb ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Qazaxdan başlayan tədbirlər Şuşa və Ağdamda davam edir.
Yazıçılar Birliyinin katibi builki poeziya bayramının mühüm xüsusiyyətlərindən birinin TÜRKSOY-un tədbirə tərəfdaş kimi qoşulması və Türk dünyasının müxtəlif ölkələrindən çoxsaylı qonaqların iştirak etməsi olduğunu vurğulayıb.
“Bu, həm türk xalqlarının mədəniyyətlərinin, həm də poeziyalarının bir-birinə daha yaxından təqdim olunmasına, qarşılıqlı tanınmasına böyük töhfə verəcək və bu istiqamətdə mühüm rol oynayacaq”, – deyə o bildirib.
Səlim Babullaoğlu diqqətə çatdırıb ki, Türk dünyasının nümayəndələrinin Qarabağa gəlməsi bu torpaqlara öz doğma yurdları kimi yanaşmalarının, ortaq tarixə, dilə və mədəni irsə bağlılıqlarının bariz ifadəsidir.
O, gələcəkdə bu cür ədəbiyyat və poeziya bayramlarının təkcə Şuşada deyil, Qarabağın digər şəhərlərində də keçiriləcəyinə inandığını bildirib.
“Türk dünyasının sözü, şeiri və mədəniyyətinin səsi bütün Qarabağda daha uca səslənəcək”, – deyə Səlim Babullaoğlu fikirlərini yekunlaşdırıb.
Xanım Aydın