İmam Hüseyn məqbrəsində dəfn olunan iki türk – azərbaycanlıdan biri
Adı Milli dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunan,varlıqları ilə Sərkərdə-xaqan ərlərinin, oğullarının sarayını zinətləndirən qüdrətli xatunlarımız çox olub. Tomris, Sara xatun, Səlcuq Şahbəyim, Möminə xatun, Əleykə Könüldaş, Şahsaray, Tutu Bikə, Bəyim xanım və daha kimlər, kimlər. Tək bir xatun var ki, o bu dünyaya Səfəvi sülaləsinin diplomatı, sərkərdəsi, Şahigiranı, Əfşərların Şahbanusu, Gürcü taxtının varisinin hicran, Nadir şah Əfşarın kədər yuxusu kimi tarixdə qalan Raziyə sultan. Səfəvilər sülaləsinin 22-ci və sonuncu Şahbanusu olan Raziyə bəyim Şah Sultan Hüseynin 11 qızından üçüncüsü olaraq 1700-cü ildə paytaxt İsfahanda dünyaya gəldi. Saray tərbiyəsindən əlavə mükəmməl təhsil alan Raziyə bəyim bacarıqlı və istedadlı sultan olaraq yetişdirildi. Dövlət işləri ilə yaxından tanış olan Sultan hələ gənc yaşlarından bir çox qərarların alınmasında yaxından iştirak etdi. Bu səbəbdən də atası Sultan Hüseyn onun diplomatik gücünə arxalanıb Gürcüstan taxtının varisi ilə evlənməsinə qərar verdi. Raziyə bəyim bu təklifi anlayışla qarşıladı.

Hottakinin Səfəvilər üzərində qələbəsi, paytaxt İsfahana doğru irəliləməsi Raziyə bəyimi narahat etdi
Şərqdə Əfqanlar və bəluclarla müharibə aparan dövlət üçün bu diplomatik izdivac zamanın tələbi idi. Bununla yanaşı, Raziyyə bəyimin nənəsi, Sultan Hüseynin anası Gürcü knyazının qızı olduğundan Səfəvilər Gürcüstan taxtına iddialı idilər. Lakin tarixi mənbələr sübut edir ki, Raziyə bəyim üçün Gürcü şahzadəsi ilə evlilik sadəcə “Sözləşmə” mərhələsində qaldı. 1722-ci il Martın 8-də Əfqan lideri Minüveys xan Hottakinin Səfəvilər üzərində qələbəsi, paytaxt İsfahana doğru irəliləməsi Raziyə bəyimi narahat etdi. O, təcili olaraq Gürcüstandan Gəncəyə gəldi. Bir neçə gün Gəncədə qalıb əhali arasında təşvişi yatırmaqla məşğul oldu. Sonra Astaraya, oradan da Güneyə doğru hərəkət etdi. Və martın sonunda Mazandaran şəhərinə çatdı. Bu arada əfqanlara satılan hakimlər onun arabasını mühasirəyə alaraq həbs etdilər. Raziyə bəyim meydanda edam ediləcəkdi ki, Qacarların nüfuzlu sərkərdəsi Fətəli xan Qacar onu hakimlərin əlindən alaraq edamdan xilas etdi. Bundan sonra İsfahana çatan Raziyə bəyim qardaşı II Şah Təhmasibi oradan qaçıraraq Qəzvinə göndərdi.

Sərkərdəlikdən Şahigirana
Bu təhlükəli zaman kəsiyində Fətəli xan Qacarın vasitəsilə Raziyə bəyim Sərkərdə Nadirqulu xan Əfşarla tanış oldu. Sultan Hüseynin təslim olması və ailə üzvlərinin öldürülməsi Raziyə sultanı sarsıtdı. O bütün gücünü səfərbər edib ön sırada Sərkərdə olaraq dayandı.
Səfəvilərin taxt-tacını qorumaq üçün səngərlərə sipər olan Raziyə Sultan qardaşı II Şah Təhmasib taxta çıxan zaman sərkərdə Nadirqulu xan Əfşarla evləndirdi. Və ona Şahigiran titulu verilərək Səltənətin naibəsi elan etdi. Bu Raziyə Sultanın taleyində ikinci Şahbanu titulu idi. O, birincini Gürcüstanda, ikincini İsfahanda qazanmışdı. Baxmayaraq ki, hər iki titul ona sonsuz kədər yaşatmışdı. Səfəvilərin iflasa doğru irəliləməsi Səltənət naibəsi kimi ona ağır gəlirdi.

Muğan düzündə çağırılan Qurultay…
Belə bir çətin dönəmdə – 1732-ci ildə taqətdən düşən, sərhədləri kiçilən, səltənətdə baş verən çəkişmələr Nadirqulu xan Əfşara imkan verdi ki, o, II Şah Təhmasibi devirib, yerinə onun kiçik oğlu Abbası taxta çıxartsın. Vəziyyəti belə görən Raziyə Sultan səltənətin əldən getdiyini anlayaraq tarixi səhvə yol verib bunu Nadir xanın xəyanəti kimi qəbul edir. Bu səbəbdən də onlar bir müddət ayrı yaşayır. Bu zaman Raziyə Sultan Nadirqulu xandan olan iki oğlunu – Hüseyn Mirzə və San Mirzəni gizlədir. Lakin 1736-cı ildə Muğan düzündə, Çayqovuşanda çağırılan qurultay hər şeyi dəyişir. Əfşarlar sülaləsinin hakimiyyətə gəlişi Nadirqulu xanın Şah olaraq elan edilməsi ilə Raziyə Sultanın nikahı təzələnir. Bunun bir səbəbi vardı: Nadir şah Əfşar Səfəvi dövlətinin qalmasını tələb edən qüvvələrin üsyanının qarşısını almaq üçün bundan münasib fakt tapa bilmirdi. Nadir Şahın Səfəvilər İmperiyası qarşısındakı xidmətlərini unudub övladlarını atasından gizləməyə belə cəsarət edən Raziyə Sultanı Əfşarların Şahbanusu elan etməkdən belə çəkinməmişdi. Baxmayaraq ki, Raziyə Sultan düşüncəsiz addımı və qərarı ilə sərkərdə, ər və ata kimi onun qüruruna toxunmuşdu. Nadir şah Əfşarın bütün cəhdlərinə baxmayaraq Raziyə Sultan Səfəvilər İmperiyasının tarixdən silinməsini, onun əsasında Əfşarlar İmperiyasının qurulmasını qəbul etmirdi.

Qisası qiyamətə qoymayan Şahbanu
Nadir Şahın Hindistana səfəri zamanı xəbər yayılır ki, Nadir Şah Hindistanda tüğyan edən ağır xəstəlikdən dünyasını dəyişib. Bu xəbər Səfəvilərin yenidən hakimiyyətə gələcəyi düşüncəsini gücləndirir. Təhlükəni anlayan Nadir Şahın oğlu Rzaqulu xan həbsdə olan II Şah Təhmasibi, oğlu İsmayıl Mirzəni və sonuncu III Şah Abbası qətlə yetirmək barədə əmr verir. Bu hadisələr Raziyə Sultanı dərindən sarsıdır və onu intiqama səsləyir. Onun ilk qisası Nadir Şahın qardaşı İbrahim xanı Şirvan üsyanında cəllad vasitəsilə qətl etdirmək olur. İkinci qisası isə öz övladlarından ayırmadığı Rzaqulu xanın xəyanətini bağışlamaması və Nadir Şahın əli ilə öz oğlunu dünya işığından məhrum etməsiylə bağlı olur. Dərbəndin qala divarlarının qarşısında baş verən bu hadisə Nadir Şah Əfşarın sinəsində əbədi kədər oyuğu açır. Az sonra Raziyə Sultan Rzaqulu xanın müəmmalı şəkildə öldürülməsinə nail olur. Bunun ardınca Nadir Şahın ən yaxın və güvəndiyi sərkədələrini bir-bir aradan götürür. Bu dəhşətli qisaslardan qorxuya düşən Raziyə Sultan Şahın qəzəbindən qorunmaq üçün övladını yenidən gizlədir. Lakin 1743-cü ildə Nadir şah Əfşar Əfşarların Baş xatununu – Şahbanusunu saraydan sürgün edir. Bundan sonra Əfşarlar İmperiyasında üsyanlar baş qaldırır. Şahın düşmənləri ilə bir araya gələn Raziyə Sultan ona qarşı sui-qəsd planı hazırlayır. Və nəhayət, 1747-ci ildə Əfşarlar İmperiyasının qurucusunun qətlinə nail olur.

İmam Hüseyn türbəsində dəfn edilən iki türk, azərbaycanlıdan biri
Bütün varlığı, əzəməti və qüdrəti ilə fətih dastanı yaradan şahları, padşahları xatırladan Nadir şah Əfşarın qətlindən, kədərli sonluğundan sonra İmperiyada qarşıdurmalar artır. Hər bölgə ayrılıb öz xanlığını qurmağa başlayır. Belə bir ərəfədə Əfşarların və Səfəvilərin düşüncəli sərkərdələri qardaş qırğınına, parçalanmaya son qoymaq üçün Süleyman şah Səfəvinin qız nəvəsini, Şah Sultan Hüseynin bacısı oğlunu II Süleyman şah Səfəvi adıyla hakimiyyətə gətirirlər. Lakin bir il sonra onu taxtdan endiriblər. 1750-ci ildə isə Sultan Hüseynin digər qızı Məryəm Sultanın oğlu İsmayıl Mirzəni III Şah İsmayıl adı ilə taxta çıxarırlar. Daha dəhşətlisi, kədərlisi isə odur ki, üç gün sonra onu da devirib, Abadan bölgəsindəki qalaya həbs ediblər. Hakimiyyət isə Kərim xan Zənd və Şahigiran Raziyə Sultan tərəfindən birlikdə idarə olunur. 1773-cü ildə III Şah İsmayıl həbsxanada vəfat etdikdən sonra Zəndlər və Qacarlar arasında hakimiyyət uğrunda mübarizə başlayır. Bu dövrdə artıq Raziyə Sultan yaşlaşmış, yorulmuş və siyasətdən geri çəkilmişdi. O, bütün varidatını götürüb Kərbəla ziyarətinə yollanmağı qərara almışdı. Bu qərarından sonra o, Kərbəla müqəddəsliyinə qovuşmuş, burada Əhli-beyt adına bir sıra hücrələrin inşasını həyata keçirmiş, xeyriyyə cəmiyyətlərinə yardımda bulunmuşdur. 1775-ci ildə, 75 yaşında Kərbəlada İmam Hüseyn məqbərəsində dünyaya vida nəğməsi oxuyaraq Mövlana Məhəmməd Füzulinin məzarının ucunda torpaq müqəddəsliyinə qovuşmuşdur.

Taxtı viran, gözyaşı giryan – Şahigiran
Tarixi mənbələrə, təskirə və cünklərə istinad edərək deyə bilərik ki, Raziyə Sultan zamanının məşhur şairlərindən olmuş, rübai və qəzəlləri ilə ustad xanəndələrin ifasında yer almışdır. “Xatirələrim” adlı memuarında isə Səfəvilər İmperiyasını xilas etmək üçün bütün gücünü, qüdrətini səfərbər edən, Əfşarlar İmperiyasının qurucusu kimi dünya fatehlərinin sırasında yer alan Nadir şah Əfşara olan gileyindən söz açmışdır. Səfəvilərin kişi soyunu kəsməsini ona bağışlamadığını, sevgisini nifrətə çevirdiyini ağrı ilə ifadə etmişdir. Onun qüruruna toxunan əsas məqamım isə Nadir şahın oğlu Rzaqulu xanın Şah II Təhmasibi və oğullarını öldürməzdən əvvəl Nadir şahın çoxdan belə bir planının olmasını dilə gətirməsi və bununla bağlı yazılı fərmanı Raziyə sultana təqdim etməsi olub ki, bu fərmanın yalan-gerçək olması barədə hələ bir dəlil-sübut olmadığı kimi, onun hansı şəraitdə və kim tərəfindən yazıldığı barədə də məlumat yoxdur!
Əfşarlar İmperiyasının Şahbanusu Raziyə sultan Səfəvilər sarayında bəyim olaraq doğuldu, Şahigiran kimi səltənətdə yer aldı. Səfəvilərin qisasını qiyamətə qoymayan sərkərdə kimi xatırlansa da, milli dövlətçilik tariximizə Nadir şah Əfşarın qatili kimi yazıldı. Adam gərək özəl və gözəl doğulmasın, gözəl alın yazısı ilə dünyaya gəlmiş olsun!
Şərəf Cəlilli