Bu gün Luvr muzeyini müəmmalı təbəssümlü qadının kiçik portreti qarşısında toplaşan izdihamsız təsəvvür etmək çətindir. Leonardo da Vinçinin “Mona Liza” əsəri dünyanın ən məşhur tablolarından biridir. Onun əsl kütləvi şöhrəti isə böyük ölçüdə əsərin 1911-ci il avqustun 21-də Luvrdan yoxa çıxmasından sonra başladı.
Bazar ertəsi Luvr ziyarətçilər üçün işləmədiyindən tablonun yoxa çıxması bir gün gec məlum oldu. Ertəsi gün rəssam Lui Beru “Mona Liza”nın asıldığı yerə baxanda divarın boş olduğunu gördü. Əvvəlcə əsərin çəkiliş üçün başqa yerə aparıldığı düşünüldü, lakin tezliklə tablonun oğurlandığı aydınlaşdı.

Hadisə böyük səs-küyə səbəb oldu. Qəzetlər hər gün istintaqın gedişi barədə yazır, insanlar isə hətta boş qalmış divarı görmək üçün Luvra gəlirdilər. Polis uzun müddət oğrunu tapa bilmədi. Şübhəlilər arasında şair Giyom Apolliner və hətta Pablo Pikasso da vardı. Onların oğurluqla heç bir əlaqəsi olmadığı üzə çıxdı.
Əsl oğrunun italiyalı Vinçenso Peruca olduğu müəyyən edildi. O, əvvəllər Luvrda işlədiyi üçün muzeyi yaxşı tanıyırdı. Oğurluqdan sonra Peruca tablonu gizlətdi və iki ildən çox müddət ərzində onu özündə saxladı. 1913-cü ilin sonunda Peruca “Mona Liza”nı florensiyalı incəsənət əsərləri taciri Alfredo Ceriyə təklif etdi. Ceri isə bu barədə hakimiyyət orqanlarına məlumat verdi. Tablonun yoxlanılmasından sonra onun orijinal olduğu təsdiqləndi, Peruca isə həbs olundu. Oğru bildirirdi ki, şah əsəri İtaliyaya qaytarmaq istəyib. Onun fikrincə, Fransa vaxtilə “Mona Liza”nı qanunsuz şəkildə İtaliyadan aparmışdı. Bu isə yanlış fikir idi. Leonardo da Vinçi tablonu özü Fransaya gətirmiş, sonradan isə əsər kral kolleksiyasına daxil olmuşdu.

1914-cü il yanvarın 4-də “Mona Liza” yenidən Luvrdakı yerinə qaytarıldı. Bu dəfə əvvəlkindən qat-qat məşhur idi. Əsər oğurluqdan əvvəl də tanınırdı, lakin məhz bu hadisə onu bütün dünyanın danışdığı əsl sensasiyaya çevirdi. Milyonlarla insan tablo haqqında qəzetlərdən xəbər tutdu, onun yoxa çıxması ilə bağlı hekayə isə müəmmalı təbəssümə marağı daha da artırdı.
Beləliklə, şah əsəri gizlicə aparmaq istəyən oğru fərqində olmadan onun əbədiləşməsinə kömək etdi.
Hətta bu gün də bir sual cavabsız qalır: əgər bir gün “Mona Liza”nın Luvrdakı yeri boş qalmasaydı, görəsən, əsər bu qədər məşhur olardımı?
Hacı Cavadov