Bakıda “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans keçiriləcək.
Baki-baku.az xəbər verir ki, tədbir oktyabrın 9-da Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, alimlər, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Qeyd edilib ki, konfransın əsas məqsədi müasir dövrdə gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması, dünyagörüşünün zənginləşdirilməsi və cəmiyyətin fəal üzvləri kimi yetişdirilməsi istiqamətində mövcud yanaşmaların müzakirəsidir.
Konfrans çərçivəsində milli kimlik, vətənpərvərlik, ailə dəyərləri, sosial məsuliyyət və sağlam həyat prinsiplərinin gənclərin tərbiyəsində rolu diqqət mərkəzində olacaq. Eyni zamanda, onların milli-mənəvi irsə bağlılığının möhkəmləndirilməsi, ictimai məsuliyyətinin artırılması və proseslərdə fəal iştirakının təşviq edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbir çərçivəsində “Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət”, “Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” mövzularında panel sessiyaları baş tutacaq.