Bakı dənizə baxan şəhərdir
Amma bu baxış heç vaxt sadəcə sahilə dayanıb Xəzərin dalğalarını seyr etməkdən ibarət olmayıb. Bakı üçün dəniz həm yol olub, həm çörək, həm neftin dünyaya açılan qapısı, həm də şəhərin taleyini dəyişən böyük bir nəqliyyat xətti…
Bu gün Bakı buxtasına baxanda, bəlkə də çoxumuz düşünmürük ki, sahildəki hər bir liman, hər bir körpü, hər bir gəmi özündə bir əsrdən artıq tarixin izlərini daşıyır. Xəzərin üstündə bu gün hərəkət edən gəmilərin hekayəsi isə çox uzaqlardan – XIX əsrin Bakısından başlayır.
O Bakı ki, neft bumu ilə gündən-günə böyüyürdü. Quyuların sayı artır, qara qızıl yerin altından çıxıb şəhərin küçələrinə, zavodlarına, limanlarına və nəhayət, dünya bazarlarına doğru yol alırdı. Nefti daşımaq üçün isə yeni yollar lazım idi. Beləcə, Xəzərin üzərində gəmiçilik Azərbaycanın iqtisadi tarixinin ən mühüm səhifələrindən birinə çevrildi.
Xəzərdə başlayan böyük yol
Azərbaycan gəmiçiliyinin rəsmi tarixində mühüm bir tarix var: 21 may 1858-ci il.
Məhz həmin gün “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə Xəzərdə təşkilatlanmış müasir gəmiçiliyin əsaslarından biri qoyuldu. Sonralar bu ənənənin davamı kimi Xəzər Dəniz Gəmiçiliyi formalaşdı və uzun illər Azərbaycanın dəniz nəqliyyatının əsas dayaqlarından biri oldu.
XIX əsrin ikinci yarısında Bakı nefti sürətlə artdıqca Xəzərin əhəmiyyəti də böyüyürdü. Çünki hasil edilən neftin yalnız quruda daşınması kifayət etmirdi. Dəniz ən əlverişli və ən böyük yükdaşıma yollarından birinə çevrilirdi.
Xəzər bu mənada sadəcə dəniz deyildi. O, Bakının dünya ilə danışdığı yollardan biri idi.
İlk neftdaşıyanlar Xəzərin sularında
Xəzərin gəmiçilik tarixinin ən maraqlı səhifələrindən biri neft daşımaları ilə bağlıdır.
Dünyada ilk neftdaşıyan barj kimi tanınan “Aleksandr” 1873-cü ildə Xəzərdə istismar olunub. Bir neçə il sonra – 1878-ci ildə isə dünyada ilk tanker kimi tarixə düşən “Zərdüşt” Xəzər sularında səfərlərə başlayıb. Bu, adi texniki yenilik deyildi. Neft sənayesinin inkişafı gəmiçiliyin də simasını dəyişirdi. Daha sonra Xəzərdə ilk daxiliyanma mühərrikli “Vandal” gəmisi – 1903-cü ildə, iki reversiv mühərriklə işləyən “Delo” isə 1908-ci ildə istismara verildi. Beləliklə, Xəzər bir növ yeni dənizçilik texnologiyalarının sınaq meydanına çevrilirdi. Bakı isə bütün bu proseslərin mərkəzində dayanırdı.

Bakı limanı – şəhərin dənizə açılan qapısı
Dənizdə yük çoxaldıqca sahildə də dəyişikliklər baş verirdi. Yeni körpülər salınır, anbarlar tikilir, kranlar quraşdırılır, gəmi təmiri üçün müəssisələr yaradılırdı. 1866-cı ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin Bakıda mexaniki zavodunun bünövrəsinin qoyulması da bu ehtiyacdan doğmuşdu. Çünki gəmiçiliyin böyüməsi yalnız gəmi almaq demək deyildi. Gəmiyə xidmət edən liman, təmir bazası, texniki mütəxəssis, kapitan, mexanik, matros da lazım idi. Bu səbəbdən 1881-ci ildə Bakıda dənizçilik siniflərinin yaradılması mühüm hadisəyə çevrildi. Dənizçilik artıq yalnız müəyyən insanların sənəti deyil, peşəkar kadrların hazırlandığı ayrıca bir sahə idi.
Bakı dənizçiləri yetişdirirdi.
Xəzərdən dünya sularına
Xəzər qapalı dənizdir. Amma gəmiçilik tarixində Azərbaycan dənizçiləri bu qapalı hövzədən kənara çıxmağın yollarını da mənimsədilər. Volqa-Balt kanalı vasitəsilə Xəzərdən Baltik dənizinə, digər su yolları vasitəsilə isə dünya okeanına çıxmaq mümkün oldu. 1960-cı ildən etibarən Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Volqa-Balt kanalı ilə dünya sularına çıxmağa başladılar. Beləcə, Bakı limanlarında yüklənən gəmi artıq yalnız Xəzərin bir sahilindən o biri sahilinə getmirdi. Onun yolu daha uzaqlara – başqa dənizlərə, başqa limanlara, başqa ölkələrə uzanırdı. Xəzərdən Volqaya, Volqadan kanallara, oradan Baltik dənizinə… Dəniz yollarının coğrafiyası genişləndikcə Bakının liman həyatının da ritmi dəyişirdi.

Bakı–Türkmənbaşı: iki sahili birləşdirən yol
Azərbaycanın gəmiçilik tarixində bərə nəqliyyatının ayrıca yeri var.
1962-ci ildə Bakı–Türkmənbaşı gəmi-bərə keçidinin istifadəyə verilməsi həmin dövr üçün mühüm hadisə idi. Dəmir yolu vaqonlarının birbaşa gəmi ilə Xəzərin o tayına daşınması nəqliyyat sistemində yeni imkanlar yaratdı. Bu gün də Bakıdan Xəzərin o biri sahillərinə – Türkmənbaşıya, Aktauya və digər istiqamətlərə yük və nəqliyyat vasitələrinin daşınmasında bərə keçidləri mühüm rol oynayır. Xəzər burada yolun qarşısını kəsmir. Əksinə, yolun özünə çevrilir.
Gəmiçilik və Bakı nefti
Azərbaycanın dənizçilik tarixini neft tarixindən ayırmaq çətindir. XIX əsrdə Bakıda neft hasilatının sürətli artımı Xəzər gəmiçiliyinə böyük təkan verdi. Dənizdə neft yataqlarının mənimsənilməsi isə sonrakı mərhələdə daha mürəkkəb, ixtisaslaşmış gəmilərin yaranmasını tələb etdi. 1949-cu ildə Xəzərdə dəniz neft istehsalının inkişafı ilə bağlı qəbul edilən qərarlardan sonra neft donanmasının formalaşması sürətləndi. Əvvəlcə kiçik katerlər, barjlar və üzən kranlar işləyirdi. Sonralar isə dəniz neft-qaz sənayesinin inkişafı ilə birlikdə Xəzərin üzərində tamamilə yeni bir donanma yarandı. Platformalara xidmət edən gəmilər, yedəkçilər, təchizat və xüsusi təyinatlı üzən vasitələr Xəzərin mənzərəsinin ayrılmaz hissəsinə çevrildi. Bakının neft şəhəri kimi böyüməsində dənizin payı vardısa, dənizdəki neft sənayesinin inkişafında da Bakı gəmiçiliyinin payı az deyildi.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” – böyük bir tarixin davamı
Bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) Azərbaycanın gəmiçilik ənənələrinin müasir davamçılarından biridir. Şirkət 2013-cü ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilməsi nəticəsində yaradılıb. Bu birləşmənin əsas məqsədlərindən biri dəniz nəqliyyatında yerli və beynəlxalq daşımaların genişləndirilməsi, Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi idi. Bu gün ASCO-nun fəaliyyət istiqamətləri yalnız yük daşımaları ilə məhdudlaşmır. Şirkətin nəqliyyat və ofşor donanmaları, gəmi təmiri müəssisələri, dənizçilərin hazırlanması və sertifikatlaşdırılması istiqamətləri, Azərbaycan Dövlət Dəniz Akademiyası və Təlim-Tədris Mərkəzi bütöv bir dənizçilik sistemini formalaşdırır. Yəni 1858-ci ildə başlayan yol bu gün də davam edir. Sadəcə, gəmilər dəyişib. Dənizdəki texnologiya dəyişib. Amma Xəzərə baxan Bakı dənizçisinin işi və məsuliyyəti öz mahiyyətini qoruyub.
Bakı limanı: dünəndən bu günə
Bakı Dəniz Ticarət Limanının tarixi də şəhərin gəmiçilik tarixindən ayrı deyil.
1902-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının əsası qoyulub. Azərbaycan müstəqillik qazandıqdan sonra isə liman 1992-ci ildən Xəzər Dəniz Gəmiçiliyinin strukturundan ayrılaraq müstəqil müəssisə kimi fəaliyyət göstərməyə başlayıb. Vaxtilə burada neft, taxıl, meşə materialları, müxtəlif yüklər daşınırdısa, müasir liman artıq konteynerlərdən avtomobillərə, dəmir yolu vaqonlarından iri həcmli yüklərə qədər müxtəlif nəqliyyat axınlarını qəbul edən mürəkkəb logistika məkanına çevrilib. Limanın bərə terminalı Xəzərin o biri sahilləri ilə əlaqənin əsas nöqtələrindən biridir. Burada gəmilər vaqon, avtomobil, yük daşıyır, bir ölkəni başqa ölkəyə bağlayır.

Xəzərin üstündə uzanan böyük dəhliz
Azərbaycanın coğrafi mövqeyi gəmiçiliyin əhəmiyyətini daha da artırır. Şərqdən Qərbə uzanan beynəlxalq nəqliyyat marşrutlarında Xəzər dənizi mühüm həlqələrdən biridir. Çin istiqamətindən başlayaraq Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Avropa istiqamətində uzanan Transxəzər marşrutunda dəniz nəqliyyatı quru yollarını bir-birinə bağlayan körpü rolunu oynayır. Aktau, Türkmənbaşı, Bakı və digər limanlar arasında həyata keçirilən daşımalar bu böyük nəqliyyat sisteminin hissəsidir. Bir vaxtlar Bakının neftini Xəzərin o tayına aparan gəmilər bu gün daha geniş coğrafiyada müxtəlif ölkələrin yüklərini daşıyır.
Bakı Dəniz Vağzalı – dənizin sahildəki səsi
Bakı Dəniz Vağzalının özü də şəhərin dəniz yaddaşının bir parçasıdır. Binanın əsası 1970-ci ildə qoyulub. Uzun illər bu məkan Bakının dənizlə görüş nöqtələrindən biri olub. Vağzaldan Xəzərin o biri sahillərinə – Qazaxıstana, Türkmənistana və Rusiyaya gəmi-bərələr yola düşüb. Neft Daşlarına gedən gəmilər də bu dəniz qapısından çıxıb. Dəniz Vağzalı Bakı üçün həmişə bir az yola düşmək, bir az da qayıtmaq hissi yaradıb. Buradan gedənlər Xəzərin o tayına üz tutub. Qayıdanlar isə Bakının işıqlarını uzaqdan görüb.

Dənizçilərin şəhəri
Bakı tarixini yalnız küçələr, binalar, neft buruqları və saraylarla yazmaq olmaz.
Bu şəhərin tarixində dənizin də öz cümlələri var. O cümlələri kapitanlar yazıb, mexaniklər yazıb, matroslar yazıb, liman fəhlələri yazıb. Gecənin bir aləmi gəminin göyərtəsində dayanıb Xəzərin qaranlığına baxan insanlar yazıb. Bakı neftlə zənginləşdikcə dənizlə böyüyüb. Dəniz yolları açıldıqca şəhərin dünyaya baxışı genişlənib. Bu gün Xəzərin üzərində hərəkət edən tanker, bərə və yük gəmilərinin hər birinin arxasında bir əsrdən artıq davam edən böyük bir ənənə dayanır. 1858-ci ilin “Qafqaz və Merkuri”sindən başlayıb “Aleksandr”a, “Zərdüşt”ə, “Vandal”a, “Delo”ya, Bakı–Türkmənbaşı bərəsinə, sovet dövrünün nəhəng donanmasına, müasir ASCO gəmilərinə qədər uzanan bu tarix əslində təkcə gəmiçilik tarixi deyil.
Bu, Bakının dəniz ilə yazılmış tarixidir. Xəzər hər gün dəyişən dalğaları ilə həmin tarixi yenidən yazır. Gəmilər isə bu böyük kitabın səhifələri kimi sahildən-sahilə üzür…
Xanım Aydın