Gözəl və özəl Vətənimizin hər guşəsində Tanrının min izi, sehri, ilməsi, naxışı, möcüzəsi var. Onların sırasında Kəlbəcərin Şirinbulağının, Zaqatalanın Sarmaşıq şəlaləsinin, Naxçıvanın Qanlıgölünün, İsmayıllının İslam gölünün öz yeri var.

Şirinbulaq – Kəlbəcərin min möcüzəsindən biri
Kəlbəcər deyəndə ağla gələn ilk üç müqəddəslik olur: Murov, Dəlidağ, Qafqaz Albaniyasının iqamətgahlarından biri Xudavəng. Xudanın köç əylədiyi, qəlbi dağların sıralandığı, sərt, sıldırım qayaların məskəni kimi şöhrət tapan Kəlbəcər, sıx ormanları, yaşıl yaylaqları, gur bulaqları ilə də Tanrının Cənnət köşələrindən biridir.
Qədim yaşayış məskənləri ilə əski çağ dəyərlərinə ayna olan Kəlbəcərin dərdə dərman bulaqları çoxdur. Onlardan biri də, xəritələrdə tapılmayan, gizli möcüzələrdən sayılan Şirinbulaqdır.

Qəlbi dağların, sərt, sıldırım qayaların yaxasından süzülən Şirinbulaq suyunun büllur saflığı, dadının şirinliyi, dişi-damağı göynədən buz kimi soyuqluğu ilə ziyarətinə gələnləri heyran edir. Qəlbi dağların, mübhəmliyini qoruyan çəmənlərin qoynunda, təmiz dağ havasında mövcud olan Şirinbulaq həm şəfalı tərkibi, həm də əsrarəngiz gözəlliyi ilə 30 illik işğaldan, intizardan sonra qoynunu tarixi sakinlərinə, sahiblərinə açıb.
Kəlbəcər sazın, sözün, ustad sənətkarların diyarı olmaqla yanaşı, həm də, Murovun, Dəlidağın, Xudavəng qəsrinin, Şirinbulaq kimi möcüzəli çeşmələrin məskənidir. Onun seyrinə dalmaq, dadından barınmaq üçün üzü dağlara yol almaq bəs edər.

Zaqatalanın teli daraqsız gözəli – Sarmaşıq şəlaləsi
Gözəl təbiəti, sərt, sıldırım qayaları, qəlbi dağları, gur bulaqları, sıx meşələri, qədim yaşayış məskənləri, sivilizasiyaların, mədəniyyətlərin dialoq ünvanına çevrilən tarixi abidələri, ən əsası, fındıq, qoz və şabalıd bağları, iyi, ətri insanı bihuş edən qızılgül və çay plantasiyaları ilə məşhur olan Zaqatalanın min incisindən biridə Sarmaşıq şəlaləsidir.

Son illərdə ekoturizm və haykinq qrupları tərəfindən kəşf olunaraq turizm marşrutlarına daxil edilib
Sərt qayaların yaxasından süzülən, ətrafını saran sarmaşıqların sayəsində mübhəm bir dünya yaradan Sarmaşıq şəlaləsi görüşünə gələn hər kəsdə heyranedici duyğular yaradır. Adını sağ-solunu saran sarmaşıqdan alan şəlalə kütləvi turizmdən uzaq olsa da, yerli sakinlər sıx meşələri, qayalıqları keçib onun görüşünə gəlir, sərin sularında hüzur bulur. Onu da qeyd edək ki, son illərdə ekoturizm və haykinq qrupları tərəfindən kəşf olunaraq turizm marşrutlarına daxil edilən Sarmaşıq şəlaləsi haqqında məlumatlar ölkənin turizm portallarında, buklet və kataloqlarda da yer alıb.

Qanlıgöl – adını qədim türk tayfasından alan gözəllik
Naxçıvan bizim qədim-qayım diyarımız, zəngin mədəniyyəti, qüdrətli tarixi və şəxsiyyətləri ilə şöhrət, şan yerimizdir. Nəhəgir dağının, İlan dağın, Haçadağın, Əshabi-Kəhfin pərdə çəkib, gərdək tutduğu Naxçıvan Nuhun çıxdığı torpaq, Nuh Peyğəmbərin məqamı, Möminə xatun türbəsi, Küseyroğlu abidəsi, Oğlanqala, Qızqala, Xaraba Gilan kimi qədim yaşayış məskənləri, abidələri, ecazkar mənzərəsi, möcüzəli təbiəti, gur bulaqları, zümrüd çeşmələri ilə aləmə səs salır.

Tarixin canlı salnaməsi olan gölün qarşısındakı bənd Naxçıvan xanı Kalbalı xanın himayəsi altında tikilib
Adı çəkiləndə insanın canından qorxu hissi keçsə də, gözəlliyi ilə dünyanı heyran edən Qanlıgöl Naxçıvanın unudulmaz ünvanlarındandır. Şahbuz rayonunda, dəniz səviyyəsindən 2420 metr yüksəklikdə, Keçəl dağın ətəyində binə tutan Qanlıgöl sadəcə bir göl deyil, həm də tarixin canlı səhifələrindən biridir. Qarşısındakı möhtəşəm su bəndi hələ 1865-ci ildə Naxçıvan xanı Kalbalı xanın himayəsi altında tikilib. Əldə olunan məlumatlardan bəlli olur ki, bəndin üzərində rus, ərəb və fars dillərində qədim kitabələr mövcuddur.

Suyu bir qədər çəkilən gölün dibindən qaynayan balıqları seyr etmək insanda xoş ovqat yaradı
Gölün Qanlıgöl adlandırılmasının da maraqlı tarixçəsi var. Rəvayətə görə qədim zamanlarda burada baş verən qanlı savaşlar üzündən göl Qanlıgöl adlandırılıb. Digər bir rəvayətə görə isə göl qədim türk tayfası olan Qanıquşaqlarının, Qanıqlıların adı ilə bağlıdır. Şirin suyu ilə fərqlənən bu gölün yolu Kükü kəndindəndir. Kənddə yeddi kilometr məsafədə yerləşən gölə varmaq üçün dağ aşırımlarından keçməlisən. Əldə olunan digər bir məlumatdan isə aydın olur ki, sentyabrın əvvəllərində suyu bir qədər çəkilən gölün dibindən qaynayan balıqları seyr etmək insanda xoş ovqat yaradır.

Küpücün güzgüsü – yuxuların çin çıxdığı yer – İslam gölü
Babadağın, Küpücün, Niyaldağın yaxasında, Girdiman qalasının ətəyində binə tutan İsmayıllının yüz gözəlliyindən biri də Bakıdan cəmi-cümlətamı 2 saatlıq məsafədə yerləşən, Cülyan kəndinin zinətinə çevrilən İslam gölünü Küpücün güzgüsü adlandırırlar. Dəniz səviyyəsindən 135 metr yüksəklikdə yerləşən gölün ətrafı yamyaşıl düzənliklər, sıx meşəliklər, heyranedici dağ mənzərələri ilə əhatə olunub. Kamp həvəskarları və təbiətsevərlər üçün ecazkar mənzərəsi ilə fərqlənən İslam gölü gözəlliklərin ünvanı kimi bu gün də dünya turistlərinin diqqətini çəkməkdədir.

“Gümüşgöl əfsanəsi”nə bağlı olan müqəddəs su
Yayda havası sərin, mülayim olan gölün gözəlliyi ilə yanaşı sərinliyi də insanları heyran edir. Çay yatağından keçən yolunu nəzərə alan ziyarətçilər bu təbiət incisinin seyrinə dalmaq üçün hündür maşınlardan istifadə edirlər. Minik avtomobili ilə gəlib çay qırağında dayanan insanlar bu gözəlliyə varmaq üçün bir çox hallarda həm də məsafəni piyada qət edirlər.
Əldə olunan məlumatlardan bəlli olur ki, çayın kənarından İslam gölünə çatmaq üçün 80 kilometr məsafəni qət etmək kifayətdir. Digər bir məlumatdan isə bəlli olur ki, Cülyanın mavigözlü dünyasında, Küpücün güzgüsündə – İslam gölündə balıq olmur. “Gümüşgöl əfsanəsi”ni dinləyərək yuxusunda taleyinə yazılanları görmək istəyən insanlar bu müqəddəs gölün qırağında yuxulayırlar. Deyilənə görə taleyinə yazılan insanı görənlər oradan nəzir-niyazla ayrılır. Bunun bir səbəbi var: Burada görülən yuxuların çin olduğu dəfələrlə sübuta yetirilib.
Şərəf Cəlilli