Bu gün Bakının bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Baki-baku.az “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 7-də paytaxtda elektrik şəbəkəsində əsaslı təmir, yenidənqurma işləri aparılır.
Bakının Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Səhhət, Aşıq Qurban, Marat Əmirxanov, İsgəndər Aznaurov, Rəşid Bağırov, Zakir Yusifov, Oqtay Vəliyev küçələrinin bir hissəsində saat 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunub.
Nərimanov RETSİ-nə daxil olan Yusif Vəzir Çəmənzəminli, Maqsud Əlizadə və Xan Şuşinski küçələrində, Koroğlu Rəhimov və Aşıq Alı küçələrinin kəsişməsində yerləşən yaşayış ərazisində saat 13:00-dək enerjinin verilişində fasilə yaranıb.
Planlı fasilə Suraxanı rayonu Hövsan qəsəbəsində saat 13:00-dək İlqar Əhlimanov küçəsinin bir hissəsini əhatə edir.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.