Bakının mərkəzində, Mirzə Ağa Əliyev küçəsində qazılan yol sürücülər üçün təhlükəli vəziyyət yaradıb.
Baki-baku.az xəbər verir ki, təmir işləri zamanı qazılan yol işlər başa çatdıqdan sonra bərpa olunmayıb. Bu hal əsasən gecə saatlarında sürücüləri təhlükə qarşısında qoyub. Belə ki, bir çox sürücü qazılan yolda qəza vəziyyətinə düşüb, avtomobilləri müəyyən zədə alıb.
Vətəndaşlar tərəfindən bildirilib ki, bir müddət əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əməkdaşları burada təmir işləri həyata keçiriblər. Daha sonra yol əvvəlki vəziyyətinə qaytarılmayıb.
Məsələ ilə bağlı ADSEA-ya sorğu ünvanladıq.
Agentlik tərəfindən əraziyə baxış keçirildi və bildirildi ki, təmir işləri Agentlik tərəfindən aparılmayıb, həmin ərazidə kabel işləri görülüb.
Digər cavabdeh qurumlara müraciətimizdən sonra ərazidə bərpa işləri görülüb, yol əvvəlki vəziyyətinə qaytarılıb.