Bu gün insanlar asudə vaxtlarını keçirmək üçün kinoya, teatra və ya konsertə gedirlər. XIX əsrdə isə İngiltərədə insanların maraqla izlədiyi hadisələrdən biri də məhkəmə prosesləri idi. Hətta bəzi məhkəmə salonlarında tamaşaçılar üçün ayrılmış yerlərə daxil olmaq üçün pul ödəmək lazım gəlirdi.
Baki-baku.az-ın araşdırmasına görə, Londonun məşhur “Old Bailey” məhkəməsində keçirilən proseslər böyük ictimai marağa səbəb olurdu. İnsanlar təqsirləndirilən şəxslərin, şahidlərin və vəkillərin çıxışlarını dinləmək, hakimin hansı hökmü verəcəyini öyrənmək üçün məhkəməyə üz tuturdular.
Britaniyalı jurnalist Ceyms Qrant 1837-ci ildə nəşr olunan “The Great Metropolis” kitabının ikinci cildində bu maraqdan ətraflı bəhs edib. Kitabın “The Old Bailey” adlı fəslində müəllif hər iki məhkəmə zalının adətən tamaşaçılarla dolu olduğunu qeyd edir. O, insanların tamaşaçılar üçün ayrılmış yerlərə daxil olmaq üçün hər gün altı pens ödədiklərini, hətta bunun müqabilində səkkiz gün naharsız qalmağa razı olduqlarını yazır.
Məhkəmə proseslərinə marağın artmasında qəzetlərin də böyük rolu vardı. Jurnalistlər şahid ifadələrini, vəkillərin çıxışlarını və məhkəmədə baş verən mübahisələri geniş şəkildə işıqlandırır, oxucular isə hadisələrin davamını maraqla izləyirdilər.
1860-cı ildə “Old Bailey” məhkəməsində tamaşaçı yerlərinə giriş üçün ödəniş alınmasına son qoyuldu.
Məhkəmə proseslərini insanlar üçün bu qədər maraqlı edən onların ssenarisinin əvvəlcədən yazılmaması idi. Teatrdan fərqli olaraq, burada baş verənlər həqiqi hadisələrə, səslənən ittihamlar real insanlara aid idi. Verilən hökm isə bir insanın bütün sonrakı həyatını dəyişə bilərdi.
Hacı Cavadov