Bu gün Bakı daha çox göydələnləri, sürətlə böyüyən yaşayış massivləri və xidmət sektoru ilə xarakterizə olunur. Lakin paytaxtın yaxın keçmişinə nəzər saldıqda tamamilə fərqli mənzərə ortaya çıxır. Uzun illər ərzində Bakı yalnız inzibati və iqtisadi mərkəz olmayıb, həm də kənd təsərrüfatı istehsalının mühüm ünvanlarından biri kimi fəaliyyət göstərib. Paytaxt ətrafındakı kəndlərdə yetişdirilən məhsullar şəhərin bazarlarını təmin etməklə yanaşı, keçmiş SSRİ-nin müxtəlif bölgələrinə də göndərilib.
Baki-baku.az-a bu yazıda paytaxtın kənd təsərrüfatı potensialına nəzər salır.
“Agricola.az” MMC-nin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədov bildirib ki,Sovet dövründə Bakı ilə rayonlar arasında bugünkü qədər güclü ərzaq asılılığı mövcud deyildi. Paytaxtın ətraf kəndlərində fəaliyyət göstərən sovxoz və digər iri təsərrüfatlar şəhərin gündəlik ərzaq tələbatının böyük hissəsini qarşılayırdı. Yetişdirilən məhsullar birbaşa Bakı bazarlarına çıxarılır, hətta bəzi hallarda isə digər respublikalara göndərilirdi.

“Şüvəlan, Mərdəkan və Buzovna əsas tərəvəzçilik mərkəzləri hesab olunurdu. Xüsusilə pomidor istehsalı ilə seçilən bu kəndlərdə yetişdirilən məhsullar yüksək keyfiyyəti ilə tanınırdı. Zirə pomidoru isə elə o zamandan öz dadına görə ayrıca nüfuz qazanmış məhsullardan idi. Hətta həmin dövrdə bu pomidorun adı keyfiyyət göstəricisi kimi qəbul edilirdi.
Bakı kəndlərində yetişdirilən göyərti də böyük şöhrət qazanmışdı. “Bakı göyü” adı ilə tanınan məhsullar təyyarələrlə Moskva bazarlarına daşınır, orada yüksək qiymətə satılırdı. Bu ticarət Bakı kəndlərinin sakinlərinə ciddi gəlir gətirən fəaliyyət sahəsinə çevrilmişdi”, – deyə Xaliq Məmmədov vurğulayıb.
Heyvandarlıq və quşçuluq geniş miqyasda inkişaf etmişdi
İqtisad elmləri üzrə fəlsəfə doktoru qeyd edib ki, paytaxtın kənd təsərrüfatı yalnız tərəvəzçiliklə məhdudlaşmırdı. Şüvəlan, Qala və Ramanada iri heyvandarlıq kompleksləri fəaliyyət göstərirdi. Süd və ət istehsalı şəhərin əsas təminat mənbələrindən biri sayılırdı.

Quşçuluq da inkişaf etmiş sahələr sırasında idi. Xırdalanda fəaliyyət göstərən iri quşçuluq fabriki və “Bakı quş kombinatı” şəhərin yumurta və quş əti tələbatının böyük hissəsini qarşılayırdı. Bakı və Abşeron yarımadasının vahid iqtisadi rayon kimi fəaliyyət göstərməsi bu sistemin daha səmərəli işləməsinə imkan yaradırdı.
Meyvəçilik Bakının vizit kartlarından biri idi
MMC rəhbəri diqqətə çatdırıb ki, bir vaxtlar Bakı ənciri şəhərin ən məşhur kənd təsərrüfatı məhsullarından hesab olunurdu. Hətta bu gün də Bakı adı çəkiləndə ilk yada düşən meyvələrdən biri əncirdir. Abşeronun iqlimi bu məhsulun yetişdirilməsi üçün əlverişli olduğundan geniş bağlar salınmışdı.

Tut ağacları isə demək olar ki, şəhərin hər yerində mövcud idi. “Bakıda daş atsan, tut ağacına dəyər” ifadəsi də məhz həmin dövrdən qalıb. Nar bağları da kifayət qədər geniş yayılmışdı. Sonradan müxtəlif səbəblərdən bu bağların sayı azalsa da, onlar uzun illər Bakı kəndlərinin ayrılmaz hissəsi olub.
Abşeron yarımadasında üzümçülük də inkişaf etmiş sahələrdən idi. Texniki üzüm sortlarının yetişdirildiyi iri sovxozlar fəaliyyət göstərir, məhsul şərabçılıq sənayesində istifadə olunurdu.
Gülçülük sahəsində Bakı SSRİ-nin əsas istehsalçılarından idi
Xaliq Məmmədovun sözlərinə görə, paytaxt və Abşeron yarımadası uzun müddət qərənfil istehsalı ilə tanınıb. Qırmızı, ağ, sarı və bənövşəyi qərənfillər bütün SSRİ ərazisinə göndərilir, bu sahə kənd əhalisinin əsas gəlir mənbələrindən biri hesab olunurdu.
Demək olar ki, Səbail rayonundakı bir neçə kənd istisna olmaqla, Abşeronun əksər yaşayış məntəqələrində gülçülüklə məşğul olunurdu. Bölgənin torpaq və iqlim şəraiti bu fəaliyyət üçün əlverişli hesab edilirdi.

Bu gün isə vəziyyət tamamilə dəyişib. Bakıdakı gül mağazalarında satılan məhsulların böyük hissəsi xaricdən idxal olunur. Tarixən Azərbaycanın simvollarından sayılan qərənfil belə əsasən Efiopiyadan gətirilir. Son illərdə fəaliyyətə başlayan yerli istehsalçılar bazarın müəyyən hissəsini əldə etsələr də, əvvəlki istehsal miqyası ilə müqayisədə fərq kifayət qədər böyükdür.
Qala qoyunu unudulan yerli brendlərdən biridir
Şirkət rəhbəri Bakı ətrafında yetişdirilən xüsusi qoyun cinslərinə də toxunub. Qeyd edib ki, bunlardan biri Qala qoyunu idi. Dadı və yağlılığı ilə seçilən bu cins uzun illər Qala kəndində fəaliyyət göstərən təsərrüfatların əsas məhsullarından olub.

Vaxtilə böyük sürülər saxlanılan bu sahə hazırda demək olar ki, yox səviyyəsindədir. Amma müasir qapalı heyvandarlıq sistemləri tətbiq olunarsa, bu yerli cinsin yenidən bərpası mümkündür.
İstixanalar fəaliyyətini dayandırıb
Xaliq Məmmədov bildirib ki, Bakı kəndlərində bu gün də keçmiş kənd təsərrüfatının izlərinə rast gəlmək mümkündür. Lakin vaxtilə məhsul istehsal edən çoxsaylı primitiv istixanalar artıq fəaliyyət göstərmir. Bir çoxunun örtükləri sökülüb, istifadəsiz vəziyyətdə qalıb.

Tərəvəz istehsalında da əvvəlki üstünlük əhəmiyyətli dərəcədə azalıb. Zirə pomidoru hələ də bazarda öz yerini qorusa da, xiyar və badımcan kimi məhsulların əsas hissəsi artıq rayonlardan gətirilir. Mövsümdən asılı olaraq müxtəlif bölgələrin məhsulları Bakı bazarlarında üstünlük təşkil edir.
Keçmiş təcrübə gələcək üçün nümunə ola bilər
“Bakının kənd təsərrüfatı tarixi göstərir ki, paytaxt vaxtilə öz ərzaq təminatında mühüm rol oynayan istehsal potensialına malik olub. Tərəvəzçilik, meyvəçilik, heyvandarlıq, quşçuluq, gülçülük və üzümçülük kimi sahələr uzun illər şəhərin iqtisadi həyatının ayrılmaz hissəsi olub.

Bu gün həmin təsərrüfatların böyük hissəsi fəaliyyət göstərməsə də, onların mövcudluğu Bakı ətrafının aqrar imkanlarının heç də yeni anlayış olmadığını göstərir. Vaxtilə formalaşmış istehsal ənənəsi və təcrübəsi gələcəkdə bu potensialın yenidən qiymətləndirilməsi üçün mühüm əsaslardan biri hesab oluna bilər” , – deyə İqtisad elmləri üzrə fəlsəfə doktoru vurğulayıb.