Bakının Səbail rayonunda, Şeyx Şamil küçəsində Formula 1 Azərbaycan Qran-prisi yarışı zamanı quraşdırılan və yarış başa çatdıqdan sonra aşmış vəziyyətdə səkidə qalan yol nişanı ərazidən götürülüb.
Baki-baku.az xəbər verir ki, hazırda qüvvədə olmayan yol hərəkəti nişanının dirəyi ilə birlikdə səkidə qalması sakinlərin diqqətini çəkmişdi.
Nişanın bu vəziyyətdə uzun müddət ərazidə qalması həm küçənin görünüşü, həm də piyadaların hərəkəti baxımından narahatlıq yaradırdı.
Məsələ ilə bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə müraciət edilmişdi. Şirkətdən bildirilib ki, sözügedən yol nişanının ərazidən götürülməsi ilə bağlı demontaj işləri aparılır.
Artıq problem aradan qaldırılıb və yol nişanı ərazidən götürülüb.
Şəhərdə müxtəlif tədbirlər və yarışlar zamanı müvəqqəti quraşdırılan yol nişanlarının, baryerlərin və digər konstruksiyaların tədbirdən sonra vaxtında ərazidən götürülməsi küçələrin əvvəlki vəziyyətinə qaytarılması və piyadaların rahat hərəkətinin təmin olunması baxımından əhəmiyyətlidir.