Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/06/2026

Paylaşın

HƏR ŞEYDƏN

IT sahəsində inkişaf Bakını necə dəyişdi?

İT, İnformasiya Texnologiyaları

Bir neçə il əvvəl Bakıda kommunal ödənişlər üçün qurumların qapılara gəlməsi, sənəd almaq üçün bir neçə idarəyə müraciət edilməsi adi hal idi. Bu gün bu işlərin xeyli hissəsi telefon ekranına bir neçə toxunuşla həyata keçirilir. Bu dəyişiklik təsadüfi deyil. İnformasiya texnologiyaları paytaxtın həm görünüşünü, həm də idarəolunma üslubunu yenidən formalaşdırır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrasının müəllimi Zümrüd Süleymanova Baki-baku.az-a IT sahəsində inkişafın Bakıya təsirlərindən danışıb.

İT, İnformasiya Texnologiyaları

Rəqəmsal əlçatanlıq: dəyişikliyin əsası

Hər rəqəmsal xidmətin əsasında infrastruktur dayanır. Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatlarına əsaslanan göstəricilərə görə, internet istifadəçilərinin əhalidə payı 2013-cü ildəki 73%-dən 2023-cü ildə 89%-ə yüksəlib. 2025-ci ilin sonunda ölkədə təxminən 9,27 milyon nəfər internetdən istifadə edirdi, mobil bağlantıların sayı isə əhalinin sayının 118 %-nə bərabər idi. Bir adama bir neçə mobil bağlantının düşməsi rəqəmsal xidmətlərin əsas kanalının artıq smartfon olduğunu göstərir.

İT, İnformasiya Texnologiyaları

Dövlət xidmətlərində rəqəmsal keçid

IT-nin Bakıya ən görünən təsiri dövlət xidmətlərinin çatdırılmasında özünü göstərir. “ASAN xidmət” mərkəzləri vətəndaşla dövlət arasındakı münasibəti sadələşdirdi, sonrakı mərhələdə isə xidmətlər onlayn mühitə keçdi. Elektron imza bunun göstəricilərindən biridir. 2025-ci il ərzində Dövlət Vergi Xidmətinin mərkəzlərində 333 min 388 müraciət üzrə 512 min 192 ASAN İmza sertifikatı verilib.

Rəqəmsal hökumətin əsas platforması “mygov”dur. 2025-ci ilin noyabrında platformanın istifadəçilərinin sayı 2 milyonu keçib, burada 400-dən çox rəqəmsal xidmət təqdim olunur və təkcə həmin il 1 milyondan çox vətəndaş qeydiyyatdan keçib. Şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nikah şəhadətnaməsi və tələbə bileti kimi sənədlər də elektron şəkildə təqdim olunur. Bu sistemin hüquqi əsası da möhkəmləndirilir. 2025-ci il 12 avqust tarixli Fərmanla Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiq edilib və xidmətlərin “bir pəncərə” prinsipi ilə “mygov”, “mygov biznes”, “Açıq məlumatlar” və “Geoportal” vasitəsilə göstərilməsi nəzərdə tutulub.

Bir məqamı vurğulamaq istəyirəm: rəqəmsallaşma texnologiyanın tətbiqindən daha çox yanaşma dəyişikliyidir. Vətəndaş artıq “xidmət alan” yox, keyfiyyət tələb edən tərəfdir. Bu isə dövlət qurumlarını daha operativ və hesabatlı olmağa yönəldir.

İT, İnformasiya Texnologiyaları

Şəhər mühiti və nəqliyyat

Bakının küçələrində IT-nin izi hər addımda hiss olunur. Nəqliyyatda elektron ödəniş sistemləri, mobil tətbiqlər vasitəsilə marşrutların izlənməsi və taksi xidmətlərinin rəqəmsal platformalara keçməsi gündəlik həyatı rahatlaşdırıb. Təhlükəsizlik kameraları, yol hərəkətinin monitorinqi və məlumat əsaslı qərarların qəbulu “ağıllı şəhər” konsepsiyasının elementləridir. Sıx məskunlaşmış və trafik problemi olan paytaxt üçün bu xüsusilə vacibdir. Ağıllı həllər problemi tam aradan qaldırmasa da, onu idarə olunan hala gətirməyə kömək edir.

İT, İnformasiya Texnologiyaları

İqtisadiyyat, biznes və yeni peşələr

IT sahəsi Bakıda yalnız xidmətləri deyil, iş bazarını da dəyişib. Proqramçı, məlumat analitiki, UX/UI dizayner və kibertəhlükəsizlik mütəxəssisi kimi peşələr gənclər arasında məşhurlaşıb. Statistika da bu tendensiyanı təsdiqləyir. 2024-cü ildə informasiya və kommunikasiya müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri ondan əvvəlki illə müqayisədə 11,4 % artaraq 3,6 milyard manata çatıb. 2025-ci ilin 10 ayında isə artıq bu göstərici demək olar ki, qeydə alınıb. Gəlirlərin 83 %-i qeyri-dövlət sektorunun payına düşüb. Eyni zamanda sektorun iqtisadiyyatdakı çəkisi hələ mütənasib deyil. 2025-ci ilin yanvar–may aylarında İKT sektorunun ÜDM-dəki payı 1,8 % olub. Bu, böyümə üçün hələ geniş imkan olduğunu göstərir.

Peyk sahəsi də ölkənin texnoloji potensialını nümayiş etdirir. “Azercosmos” 2010-cu ildə yaradılıb. “Azerspace-1” telekommunikasiya peyki 2013-cü ildə, “Azersky” müşahidə peyki 2014-cü ildə, “Azerspace-2” isə 2018-ci ildə orbitə çıxarılıb. 2026-cı ilin iyulunda isə “Azercosmos” ölkənin ilk milli kosmik inkubasiya proqramına start verib.

İT, İnformasiya Texnologiyaları

Elm və təhsil: rəqəmsal idarəetmənin yeni mərhələsi

Təhsil sahəsində rəqəmsallaşmanı yalnız onlayn dərslər və elektron resurslar kimi başa düşmək düzgün olmaz. Daha dərin dəyişiklik təhsil məlumatlarının toplanması, saxlanması və təsdiqlənməsi sistemində baş verir. Bu prosesi üç mərhələdə izləmək olar.

Birinci mərhələ: tələbə məlumatlarının vahid bazada toplanması. Prezidentin 23 fevral 2010-cu il tarixli 225 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnaməyə görə, ali və orta ixtisas təhsili müəssisələri “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalı, tələbələr, akademik müvəffəqiyyət, ixtisas dəyişmələri, köçürmələr, tələbə sırasından xaric edilmə və bərpalar barədə məlumatları ora daxil edilməlidir. İdarəçilik baxımından, bu, tələbə kontingenti, köçürmələr və akademik göstəricilər üzrə mərkəzləşdirilmiş və yoxlanıla bilən məlumat bazası yaradır.

İkinci mərhələ: diplomların elektronlaşdırılması. Ən son və ən əhəmiyyətli addım 2026-cı ilin əvvəlində atılıb. Nazirlər Kabineti təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsini təmin edən yeni qaydaları təsdiq edib. Bu qaydalara əsasən, ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılır. Bununla 2010-cu ilin 29 aprel tarixli 82 nömrəli Qərarı ləğv edilib. Yeni modelin əsas elementləri bunlardır:

Sənədlər “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) üzərindən yaradılır, məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təqdim olunur, bütün pillələr üzrə sənədlərə ştrix-kod əlavə edilərək həqiqiliyi onlayn yoxlanılır. Məzunlar sənədlərini elektron kabinetlərindən istənilən vaxt əldə edib paylaşa və lazım gələrsə çap edə bilərlər. Dublikatların verilməsi, ləğvi və yenidən tərtibi də rəqəmsal prosedurlara əsasən aparılır.

Bundan əlavə, 7 yanvar 2026-cı il tarixli 2 nömrəli Qərarla təhsilini tamamlamayan şəxslərə verilən arayışlar da elektron sənəd formasında, hüquqi qüvvəsi kağız sənədlə eyni olmaqla təqdim edilir. Prosesin Bakıdakı ilk nəticələri artıq görünür. Artıq ali təhsil müəssisələri diplomların elektronlaşdırılmasına başlayıb və proses davam edir.

Bu dəyişikliyin praktik mənası böyükdür. Kağız diplomun itirilməsi, zədələnməsi və ya saxtalaşdırılması riski azalır. İşəgötürən sənədin həqiqiliyini ştrix-kod vasitəsilə bir neçə saniyədə yoxlaya bilir. Məzun isə sənəd üçün universitetə getmədən, xarici müraciətlərdə də rəqəmsal variantdan istifadə edə bilir. Xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması da bu məntiqin davamıdır. Nazirliyin saytında xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üzrə xidmət, həmçinin tanınan diplomların sahibləri barədə məlumat bazası fəaliyyət göstərir.

Üçüncü mərhələ: bacarıq və innovasiya. Elm və Təhsil Nazirliyi “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” kimi layihələri də həyata keçirir. Rəqəmsal sənəd sistemi yalnız texnologiyanın deyil, onu işlədən insanın da hazırlığını tələb edir. Müəllim, inzibati işçi və tələbə rəqəmsal savadlı olmasa, ən yaxşı sistem də səmərəsiz qalacaq.

Qeyd etmək lazımdır ki, məlumatların mərkəzləşdirilməsi iki tərəfli prosesdir. Bir tərəfdən şəffaflıq və səmərəlilik artır. Digər tərəfdən tələbə və məzunların şəxsi məlumatlarının qorunması daha ciddi məsuliyyət tələb edir.

İT, İnformasiya Texnologiyaları

Qarşıda duran çağırışlar

Hər inkişafın öz sınaqları var. Kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması, rəqəmsal bərabərsizlik (yaşlı nəsil və bölgə sakinləri üçün xidmətlərin əlçatanlığı) və ixtisaslı kadr çatışmazlığı həll gözləyən məsələlərdir. Mərkəzləşmiş bazalar təhlükəsizlik standartlarına ciddi riayət olunmasını tələb edir. Texnologiya yalnız insanlar onu bacarıqla və məsuliyyətlə istifadə etdikdə faydalıdır. Ona görə də rəqəmsal infrastrukturla yanaşı, rəqəmsal mədəniyyətin formalaşdırılması da eyni dərəcədə önəmlidir.

İT, İnformasiya Texnologiyaları

IT sahəsindəki inkişaf Bakını sürətli, açıq və texnoloji baxımdan rəqabətqabiliyyətli şəhərə çevirməyə xidmət edir. Bu dəyişiklik dövlət xidmətlərindən nəqliyyata, iqtisadiyyatdan təhsilə qədər geniş sahəni əhatələyir. Əsas vəzifə bu irəliləyişi davamlı etmək, onu insan kapitalına investisiya ilə tamamlamaq və rəqəmsal imkanlardan hər kəsin bərabər yararlanmasını təmin etməkdir. Çünki həqiqətən “ağıllı şəhər” yalnız texnologiyası ilə deyil, o texnologiyadan səmərəli istifadə edən insanları ilə ağıllıdır.

Elvin Camalov

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17

Ən son

İQTİSADİYYAT

Asiya İnkişaf Bankı (ADB) Biləcəri və Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə,

İQTİSADİYYAT

Asiya İnkişaf Bankı (ADB) Biləcəri və Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin