1856-cı ildə xəritəçilər Everestin hündürlüyünü təxminən 8 840 metr hesablamışdılar. Bunun üçün onlar Hindistanın düzənliklərində altı müxtəlif yerdən zirvəni müşahidə etmişdilər. Ölçmələrdə teodolit adlı alətdən istifadə olunurdu. Teodolit üzərində kiçik durbin olan və bucaqları ölçən alətdir.
Əvvəlcə xəritəçilər düzənlikdə iki nöqtə seçir və aralarındakı məsafəni ölçürdülər. Sonra hər iki nöqtədən teodolitin durbinini zirvəyə yönəldirdilər. Xəritədə həmin nöqtələrin hər birindən durbinin baxdığı istiqamətdə bir xətt çəkirdilər. Xətlər harada kəsişirdisə, zirvə xəritədə həmin yerə düşürdü. Beləcə, zirvəyə qədər olan üfüqi məsafəni hesablamaq mümkün olurdu.
Növbəti addım zirvənin teodolitdən nə qədər hündürdə olduğunu tapmaq idi. Tutaq ki, zirvəyə qədər üfüqi məsafə bir kilometrdir. Teodolit göstərir ki, zirvəni görmək üçün durbini üfüqdən 45 dərəcə yuxarı yönəltmək lazımdır. Bu bucaqda hündürlük fərqi üfüqi məsafəyə bərabərdir. Deməli, zirvə alətdən bir kilometr yuxarıdadır. Alət də dəniz səviyyəsindən 200 metr hündürdə dayanırsa, zirvənin hündürlüyü 1 200 metr edir.
Everestdə məsafə o qədər böyük idi ki, işığın havada sınması zirvəni olduğundan bir qədər yuxarı göstərirdi. Xəritəçilər hesablamalarında bunu da nəzərə almışdılar. Altı məntəqədən alınan nəticələrin ortaq rəqəmi 29 002 fut, yəni təxminən 8 840 metr olmuşdu.
Hacı Cavadov