Dövlət sərhədləri adətən şəhərləri, kəndləri, çayları və dağları bir-birindən ayırır. Avropada isə elə bir yaşayış məntəqəsi var ki, burada sərhəd xətti insanların evlərinin içərisindən keçir. Hətta bir evin mətbəxi Belçikada, digər otağı isə Niderlandda yerləşə bilər.
Baki-baku.az-ın araşdırmasına görə, söhbət Belçikanın Baarle-Hertog və Niderlandın Baarle-Nassau yaşayış məntəqələrindən gedir. Buradakı mürəkkəb sərhəd bölgüsünün tarixi orta əsrlərə, torpaqların müxtəlif feodallar arasında bölüşdürüldüyü dövrə gedib çıxır.
Sərhəd xətti küçələrdən, mağazalardan, restoranlardan və yaşayış evlərindən keçdiyi üçün burada maraqlı bir qayda tətbiq olunur. Evin giriş qapısı hansı ölkənin ərazisində yerləşirsə, onun rəsmi ünvanı da həmin ölkəyə aid edilir.
Loveren küçəsində isə daha qəribə bir vəziyyət mövcuddur. Buradakı evlərdən birinin giriş qapısının düz ortasından dövlət sərhədi keçir. Bu səbəbdən evin iki ünvanı və iki nömrəsi var.
Sərhədlər küçələrdə və binaların daxilində xüsusi işarələrlə göstərilir. Mağazaya alış-verişə gələn insan rəflər arasında hərəkət edərkən fərqinə varmadan bir neçə dəfə ölkə dəyişə bilər.
Bir vaxtlar feodallar arasında bölüşdürülən torpaqlar bu gün Avropanın ən maraqlı coğrafi ünvanlarından birinə çevrilib.
Hacı Cavadov