Bəzən bir insanın üzündə təbəssüm görürük və onun xoşbəxt olduğunu düşünürük. Kimininsə rahat addımlarla küçədə gəzdiyini, dostları ilə güldüyünü, işə həvəslə getdiyini görüb həyatının qaydasında olduğuna inanırıq.
Halbuki insanın zahiri görünüşü onun daxili dünyası haqqında həmişə doğru təsəvvür yaratmır.
Hər kəsin danışmadığı bir hekayəsi, heç kimə göstərmədiyi bir yarası, gecələr özü ilə baş-başa qalanda ağırlaşan düşüncələri var. Biri itirdiyi insanın yoxluğunu daşıyır, digəri gələcək qayğısı ilə yaşayır, bir başqası isə heç kimin bilmədiyi mübarizədən yorulub. Amma səhər açılır, insan yenə geyinib-keçinir, evdən çıxır, gülümsəyir və həyatına davam edir.
Bəlkə də insan olmağın ən çətin tərəflərindən biri budur: daxilində fırtınalar qopduğu halda, xarici dünyaya sakit görünməyi bacarmaq.
Biz çox vaxt insanları gördüyümüz qədər tanıdığımızı zənn edirik. Birinin susqunluğunu soyuqluq, təbəssümünü qayğısızlıq, uğurunu problemsiz həyat kimi qəbul edirik. Halbuki heç kimin yaşamadığı ağrını mühakimə etməyə haqqımız yoxdur.
Unutmayaq ki, qarşımızdakı insanın hansı yükü daşıdığını bilmirik. Bəzən bir xoş söz, anlayışlı baxış, səbəbsiz göstərilən diqqət kiminsə bütün gününü, bəlkə də həyata münasibətini dəyişə bilər.
Çünki hər kəsin görünməyən bir yükü var. Sadəcə, hamı onu eyni cür daşımır: kimisi göz yaşları ilə, kimisi susaraq, kimisi də heç nə olmamış kimi gülümsəyərək…
Xanım Aydın