Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/12/2026

Paylaşın

GÜNDƏM

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb

Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, habelə abadlıq-quruculuq işləri davam etdiriləcək.
Baki-baku.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncamla Naxçıvan MR-in sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən və Naxçıvanın büdcəsindən ümumilikdə 258 milyon manat vəsait nəzərdə tutulub.
Həmin vəsaitdən Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 66 milyon manat, ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 5 şəhər və 10 kənd ərazisindəki avtomobil yollarının əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70 milyon manat (yolların siyahısı əlavə olunur) ayrılıb.
Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat, Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə 2 164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində cəmi 3 087 mənzilli 70 yaşayış binasının isə yalnız fasad hissəsinin əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 15 milyon manat, Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5, o cümlədən Naxçıvan şəhərinin Bulqan kəndində 100 yerlik, Ordubad rayonunun Dəstə kəndində 100 yerlik, Şərur şəhərində 100 yerlik, Culfa rayonunun Əbrəqunus kəndində 240 yerlik, Kəngərli rayonunun Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 20 milyon manat, şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi məqsədilə ilkin mərhələdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 53 milyon manat, Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində ümumilikdə 122 yaşayış binasının 5 335 mənzilinə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat ayrılıb.
Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sərəncamda həmçinin qeyd olunub ki, son illərdə Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, habelə əhalinin məşğulluğunun və rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm dövlət proqramları və tədbirlər planları təsdiq olunmuş, o cümlədən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında”, “Naxçıvan Sənaye Parkının yaradılması haqqında”, “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin Fərmanı və sərəncamları qəbul edilib.
Bununla yanaşı, Azərbaycan Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikasında aqrar sektorun modernləşdirilməsi, ekstensiv istehsalatdan intensiv modelə keçid və ərzaq təhlükəsizliyinin təmin olunması, habelə aqrar məhsul istehsalı kooperativləri və onların ittifaqlarının dövlət dəstəyi ilə pilot olaraq yaradılması və fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm strateji hədəflər müəyyən edilib.
Dövlət proqramlarının və infrastruktur layihələrinin uğurlu icrası nəticəsində Naxçıvan Muxtar Respublikası dinamik inkişafını davam etdirir. Bu çərçivədə Naxçıvan Regional DOST Mərkəzi inşa edilmiş, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 68 mənzil ayrılıb.
Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılıb və hazırda Möminə xatun türbəsində bərpa-konservasiya işləri aparılır.
Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, o cümlədən Naxçıvan şəhərində Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin, 110/35/10 kV-luq “Naxçıvan”, 154/110/10 kV-luq “Babək”, Culfa rayonunda 132/110/10 kV-luq “Culfa” və Babək rayonunda 110/35/10 kV-luq “Çeşməbasar” elektrik yarımstansiyalarının inşası başa çatdırılıb və 400/330/110 kV-luq “Naxçıvan çevirici qovşaq” yarımstansiyasının tikintisinə hazırlıq işləri aparılır.
Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində yaşıl enerji zonası elan olunmuş muxtar respublikada ümumi gücü 50 MVt olan “Şəms 1” və “Üfüq” günəş elektrik stansiyalarının, habelə gücü 36 MVt olan “Ordubad” və 15,6 MVt olan “Tivi” su elektrik stansiyalarının inşası davam etdirilir.
Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində də işlər davam etdirilir, o cümlədən 194,2 kilometrlik təkxətli Naxçıvan dəmir yolu xəttinin 7 kilometrlik hissəsində tikinti işləri aparılır.
Hazırda Naxçıvan Sənaye Parkının, Naxçıvan şəhərində 518 mənzilli sosial evlərin və yeni otel kompleksinin tikintisinə başlanılması üçün müvafiq tədbirlər görülür.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədov dövlətimizin başçısına və birinci xanıma abidə barədə

Ən son

GÜNDƏM

Zaur Rəşid oğlu Əhmədov Azərbaycanın İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç

GÜNDƏM

Zaur Rəşid oğlu Əhmədov Azərbaycanın İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin