XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Rəsul Rza bu gün doğum günü münasibətilə ehtiramla anılır.
Göyçay şəhərində maarifçi ailəsində dünyaya gələn şair, Azərbaycan poeziyasında fəlsəfi lirikanın inkişafında mühüm rol oynayıb. İlk şeiri 1927-ci ildə çap olunan Rəsul Rza “Rənglər”, “Dözüm”, “Xatirələr düzümü” kimi əsərləri ilə ədəbiyyatımıza yeni nəfəs gətirib.
Təkcə şair kimi deyil, publisist, tərcüməçi və mədəniyyət xadimi olaraq da Azərbaycan ədəbi-mədəni mühitində dərin iz qoyub.
Bu gün onun zəngin yaradıcılığı sevgi və ehtiramla xatırlanır.
PƏNCƏRƏMƏ DÜŞƏN İŞIQ
Qaranlıqdır otağım.
Sevirəm hərdən
qaranlıq otaqda tənha qalıb
düşünməyi.
Birdən pəncərəmdə yandı-söndü
bir işıq.
Bəlkə
bir avtomobil fanarının
işığıydı bu.
Avtomobildə adamlar vardı,
bəlkə.
Xoşbəxt adamlar,
kədərli adamlar,
ümidli, həsrətli adamlar.
Bəlkə onlar toya gedirdilər,
bəlkə işə, gecə növbəsinə.
Bəlkə bu maşın
bir qarış yeri əzilmədən,
əyləci salamat,
sükanı salamat,
başa vuracaq iki yüz min
kilometri.
Bəlkə tini burulanda indi,
toqquşacaq başqa bir maşınla
bu maşın.
Gedər-gəlməz bir yol var, deyirlər,
arasında gözlə-qaşın.
Bəlkə bu
təcili yardım maşınıdır;
bir ömrü, beş ömrü
xilas etməyə gedir.
Şəfəq bir an parladı;
sarı sabun parçası kimi
sürüşdü, düşdü pəncərəmdən.
Qaranlıq uddu onu,
zil qara bir pişik
sarı bir pərvanəni udan kimi.
Otaq qaranlıq,
Sükuta bürünmüşəm,
soyuqda qara yapıncıya bürünən
yolçu kimi.
Ancaq pəncərəni görürəm,
ovcumun içi kimi.
Düşünürəm:
bir işıq yandı-söndü pəncərəmdə.
Bəlkə şimşək çaxdı uzaqda.
O qədər uzaqda ki,
səsi belə gəlmədi.
Bəlkə ildırım düşdü.
Bəlkə bu ildırım
yüz illik bir çinarı yarı böldü.
Bəlkə bu çinarda,
hələ palçığı qurumamış yuvada
bir ana qaranquş öldü.
Bəlkə, işıqlandırdı bu şimşək
yolunu itirmiş bir yolçunun
kompasını.
Bəlkə bir leysanla suladı
susuzluqdan yarpaqları sallanmış
moruq topasını.
Otağım zülmətə girdi;
enişə gedən qatar
işıqsız zülmətə girən kimi.
Mən yumdum gözlərimi,
qaranlıq görən kimi
Azmı keçdi, çoxmu,
bilmirəm
Qamçıladı yenə işıq
göz qapaqlarımı.
Pəncərəmdə axdı, keçdi
sarı bir duman.
Bəlkə, bir meteoritdi bu,
qızıl nöqtə ilə yazıldı
ömrünün sonu.
Bəlkə, küçədə qarovulçu qoca
yandırdı papirosunu.
Bəlkə qocanın bu son papirosu,
son kibriti idi.
Çəkdi kibriti, yandırdı
yan cibində əzik-üzük olmuş
son papirosu.
Bəlkə bu papiros,
başı yeni açılmış qutunun
ilk papirosu idi.
Oğlunun qocaya ilk hədiyyəsi.
Qoca papirosu yandırıb
son qullabı vurana qədər
neçə insan doğuldu dünyada,
neçəsi öldü.
Doğulanlar
hamısı yaxşı adam olacaqmı?
Ölənlər
hamısı ölməli adamlardımı?
Yəqin ki, yox.
Doğulanların
əziyyəti, sevinci
Ölənlərin
kədəri, həsrəti,
dünyaya nə artırdı?
Dünyadan nə apardı?
Otağım qaranlıqdır.
Sükut yatır.
Pəncərəm batıb qaranlığa
hələ nigarançılıq dadır.
Şəfəq pusqudadır.
Düşünürəm,
Pəncərəmdə yeni bir işıq
yanıb-sönsə,
şüşələr qızıl rəngə bürünsə,
Bu işıq
yolu bayrama, yardıma, ya qəzaya gedən
bir maşın olsun.
Bu işıq
bir qocanın ilk, ya son papirosu
olsun.
Bir şimşək olsun,
yaxın, ya uzaq
Nəfəsindən qaralsa da,
bir çinar, bir qovaq belə.
Ancaq
atom işığından
alışmasın dünya.
Alışmasın,
içi insan nəfəsli
otağım kimi,
ən kiçik bir otaq belə.
MƏN TORPAĞAM
Mən torpağam, məni atəş yandırmaz;
tərkibimdə kömürüm var,
külüm var.
Mən baharam çəmən-çəmən
çiçəyim var, gülüm var.
Mən küləyəm, əsməsəm,
kim bilər ki, mən varam.
Mən buludam, səhraları susuz görüb,
ağlaram.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
Mən insanam,
sadə insan əlinin
yaratdığı nemətlərlə öyünməsəm
ölərəm.
Mən işığam – qaranlığın qənimi,
Mən insanam,
daşıyıram qəlbimdə
dünyaların sevincini, qəmini.
Maraq dolu gözəm mən,
baxmaya bilmərəm.
Qarlı dağdan süzülən çayam mən,
axmaya bilmərəm.
Mən insanam,
vətənim var, elim var.
Ən böyük həqiqəti,
azadlığı, məhəbbəti, nifrəti –
söyləməyə qadir olan
dilim var.
Mən bir qranitəm ki,
hər parçamda duyulur
bərkliyim,
döyüşdə möhkəmliyim,
ülfətdə kövrəkliyim.
Mən insanam, ülfətsiz –
ölərəm.
Məhəbbətsiz, nifrətsiz –
ölərəm.
Mən bulağam,
tapşırıqla axmıram.
Mən həyatam,
həmişə yoldayam:
nəfəsdəyəm, arzudayam,
baxışdayam, ürəkdəyəm, qoldayam.
Mən torpağam, nemətimi, varımı
zəhmət sevən insanlarla bölərəm.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
VƏTƏN DEDİM
Xəfif yeldən titrəyən
yarpağına Vətən dedim.
Yanıq, quru,
göy kəklikli,
boz qumrulu
torpağına Vətən dedim.
Dağlarının köpük duman
duvağına Vətən dedim.
Tarixinin
yaxınına,
uzağına
Vətən dedim.
Bağlarının
yasəmənli budağına
Vətən dedim.
Gənclərinin
nəğmə-nəğmə dodağına
Vətən dedim.
Ürək kimi
gecə-gündüz hərəkətli
iş və hünər meydanına
Vətən dedim.
Bu gününə, dövranına
Vətən dedim.
Dalğalanan
al şəfəqli bayrağına,
tənha, ucqar bir daxmada
yanan nurlu çırağına
Vətən dedim.
Köhnə, yeni
qara qızıl yatağına,
ildən ilə şöhrətlənən
ağ qızılın sorağına
Vətən dedim.
Büllur, sərin bulağına,
İnsan yurdu – ocağına,
tunc zəfərli keçmişinə,
gəlhagəlli bu çağına,
isti, əziz qucağına
Vətən dedim.
Mən Vətənin qoynundayam.
Vətən adlı bir torpağın
borcu hər an boynumdadır.
Qeyrətini çəkmişəm də,
çəkirəm də.
Torpağını əkmişəm də,
əkirəm də.
Yollarında – yüksəlişdə
puçur-puçur alın təri
tökmüşəm də,
tökürəm də.
Mən Vətənin qoynundayam,
Vətən mənim qoynumdadır.
Həm qeyrəti,
həm qayğısı,
həm şöhrəti –
böyük borcu
boynumdadır!
Boynumdadır!