İşğal dövründə Azərbaycanın təxminən 9 şəhəri demək olar ki, tamamilə dağıdılıb, 300-dən artıq yaşayış məntəqəsi və kənd isə ciddi zərər görüb. Hazırda bərpa və yenidənqurma işləri davam etdirilir və Qarabağ müasir şəhərsalma metodları tətbiq olunmaqla yenidən qurulur.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Hikmət Hacıyev “Qlobal mərkəz koalisiyalarında mənzil” adlı panel iclasda çıxışı zamanı səsləndirib.
O bildirib ki, həmin ərazilər praktiki olaraq sıfırdan, bəzi hallarda isə “mənfi vəziyyətdən” bərpa olunur. Çünki bu torpaqlar minalarla ciddi şəkildə çirkləndirilib. Onun sözlərinə görə, təxminən 1,5 milyon mina və digər partlayıcı qurğular bölgədə təhlükəsizlik üçün ciddi risk yaradır və bu səbəbdən genişmiqyaslı minatəmizləmə əməliyyatları aparılır.
H.Hacıyev vurğulayıb ki, postmünaqişə bərpa prosesində təhlükəsizlik və normal yaşayış şəraitinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, azad olunmuş ərazilərin yenidən qurulması zamanı beynəlxalq təcrübə və biliklərdən istifadə imkanları da araşdırılır.