1902-ci il mətbuatında dağıdıcı fəlakətlər silsiləsi kimi qeydə alınan bu faciə Şamaxı qəzasını, həmçinin qismən Quba və Bakı qəzalarının ərazilərini əhatə edib. Hələ 1669-cu ilin yanvar ayında baş vermiş güclü zəlzələ Şamaxı şəhərini tamamilə dağıtmış, təxminən 8 000 nəfərin həyatına son qoymuşdu. O vaxtdan etibarən təbii fəlakətlər təşviş doğuran ardıcıllıqla baş vermişdi — 1824, 1847, 1859, 1869-cu illərdə və 1872-ci il yanvarın 16-da. Uzun müddət bu hadisələrin mənşəyi regionun təbii xüsusiyyətləri ilə əlaqələndirilirdi. Şərq istiqamətində, Xəzər sahilləri boyu yerləşən palçıq vulkanları sistemi yanar qazlar, neft, müxtəlif mayelər və temperaturu fərqli olan duzlu sular buraxır.

Görkəmli geoloq, akademik Herman Abixin tədqiqatları isə göstərdi ki, Şamaxı zəlzələlərinin bu proseslərlə birbaşa əlaqəsi yoxdur. Yeraltı təkanlar zamanı palçıq vulkanlarının vəziyyəti sabit qalırdı. Alim bu nəticəyə hələ 1859-cu ildə gəlmişdi; həmin vaxt Bakıda və sahilboyu ərazilərdə heç bir anomaliya müşahidə olunmamışdı. Eyni vəziyyət 1869 və 1872-ci illərdə də qeydə alınmışdı. Abix hadisənin təbiətini başqa cür izah edirdi: Qafqaz sıra dağlarının keçidinin relyefi güclü plutonik qüvvələrin təsiri ilə formalaşmışdır və bu qüvvələr dağ silsilələrinin istiqamətləri ilə üst-üstə düşən dörd paralel qalxma xətti yaratmışdı. Onlardan biri Böyük Qafqaz silsiləsi boyunca uzanır və Himalaylar, Tyan-Şan, Alp və Pireney dağlarını birləşdirən qədim materikin oxu ilə uyğun gəlir. Şərqi Qafqaz məhz bu qurşağın daxilində yerləşir və burada tektonik və vulkanik proseslər xüsusilə fəal şəkildə təzahür edir. Beləliklə, Şamaxının geoloji taleyi birbaşa yer qabığının dərin strukturları ilə bağlıdır. 1859-cu ildə seysmik dalğalar silsiləyə paralel istiqamətdə yayılmışdı. Episentr Şamaxının qərbində — Ləngəbiz dağları ərazisində yerləşirdi. Nəticədə Basqal və Pirsaqat vadisinə qədər olan ərazilər dağıntıya məruz qalmışdı. Güclü dağıntı zonası təxminən 80 verst uzunluğunda və 15 verstə qədər enində uzanırdı. Hiss olunan təkanlar təxminən 450 kvadrat verst (keçmişdə işlənən rus uzunluq ölçü vahidi) sahəni əhatə etmiş, zəif təkanlar isə 1 800 kvadrat verstədək əraziyə yayılmışdı.

1869-cu il avqustun 21-də saat 15:08-də təxminən 25 saniyə davam edən növbəti güclü zəlzələ baş verdi. Zəlzələ 5 000 kvadrat verst ərazini əhatə etmişdi. Ən ciddi dağıntılar Şamaxıdan 18 verst məsafədə yerləşən Sündü kəndində qeydə alındı — oradakı 141 evin hamısı tamamilə dağılmışdı. Şamaxının özündə 227 ev tamamilə dağıldı, 987 ev ciddi xəsarət aldı, 3 608 ev isə qismən zərər gördü. Yalnız 127 ev salamat qaldı ki, onlardan 103-ü taxta evlər idi. Zəlzələnin episentri Şamaxı ilə Sündü, Şozbaş və Çaymı kəndləri arasında yerləşən dağlıq qovşaqda yerləşirdi. Bununla belə, Çuxanlı kəndində təkanlar ümumiyyətlə hiss olunmadı. Ən böyük xəsarətlərə şəhərin rus və erməni məhəllələrindəki evlər məruz qaldı.

Kulminasiya nöqtəsi 1872-ci il yanvarın 16-da saat 09:55-də baş vermiş zəlzələ oldu. Bu hadisədən sonra Şamaxıda cəmi 20 taxta ev salamat qalmışdı. Dağıntılar Cabanı, Mərəzə, Helməli, Sündü, Çaylı yaşayış məntəqələrini, Çağlı poçt stansiyasını əhatə etmiş, Bakıya doğru istiqamətdə isə tədricən zəifləmişdi. Dalğaların amplitudası daha aşağı olsa da, onların davametmə müddəti 45 saniyəyə çatmış və bu da genişmiqyaslı dağıntılara səbəb olmuşdu. Nəticədə 139 nəfər həlak oldu. Pravoslav kilsəsinin yalnız günbəzi zədələnmişdi.

Yaranmış təhlükəyə baxmayaraq, məsciddə ibadət dayandırılmadı — içəridə 2 nəfər qalmışdı. Təxminən 700 il mövcud olmuş məscid zəlzələnin zərbəsinə davam gətirdi, yalnız günbəzinin örtüyü zədələndi, halbuki ətrafdakı dükanlar və məktəb tamamilə dağılmışdı. Əsas təkanlardan sonra 18, 19 və 21 yanvarda, daha sonra isə 6 və 7 fevralda təkrar zəlzələlər baş verdi. Sakinlər evlərini tərk edərək −10 °C-yə qədər şaxtada açıq səma altında yaşayır, yardım gözləyirdilər.
Ən dağıdıcı hadisə isə 1902-ci il yanvarın 31-də (13 fevral) Rusiya imperiyasının Bakı quberniyasında baş vermiş, 9 bal gücündə zəlzələ oldu. Şəhər demək olar ki, tamamilə məhv oldu. Dağıntılar altında 2 000 – 3 000-dən çox insan həlak oldu. Təxminən 4 000 ev dağıldı.
Bu hadisə ən güclü zəlzələ kimi tarixə düşdü və Şamaxının yaşadığı uzunmüddətli fəlakətlər silsiləsinə yekun vurdu. VIII əsrdə inşa edilmiş Şamaxı Cümə məscidi dəfələrlə dağıntılara məruz qalıb. O, ən böyük dağıntılara 1859 və 1902-ci illərdə məruz qalıb. 1902-ci il zəlzələsindən sonra tikili ciddi şəkildə zədələnsə də, sonradan bərpa edildi. 1918-ci ilin mart qırğınları zamanı erməni daşnak silahlı dəstələri tərəfindən Şamaxıda da soyqırımı törədildi. Ən böyük qırğın Cümə məscidində baş vermişdi. Şamaxılıların Allah evi kimi məsciddə sığındığını görən ermənilər onu yandırmış və təxminən 1700 günahsız insanı qətlə yetirmişlər. Sovet dövründə isə məlum səbəblərdən məscid təyinatı üzrə istifadə olunmamış və məhv olma təhlükəsi ilə üzləşmişdi. Ölkə həyatının bütün sahələrinin inkişafına, o cümlədən milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə, 1980-ci ildə bu tarixi abidə təmir edildi.
Son genişmiqyaslı bərpa işləri 2013-cü ildə başa çatmış və nəticədə abidənin tarixi görkəmi tam bərpa olunmuşdu. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilən Şamaxı Cümə məscidinin əsaslı bərpası və yenidən qurulması işləri daim dövlət başçısının diqqət mərkəzində oldu. 2009-cu ilin noyabrında Şamaxıya səfəri çərçivəsində Prezident İlham Əliyev Cümə məscidini ziyarət etmiş və böyük tarixi əhəmiyyətə malik, Azərbaycan xalqının mənəvi dünyasında xüsusi yer tutan bu abidənin bərpası barədə qərar qəbul etmişdi. Bu məqsədlə Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq maliyyə vəsaitləri ayrılıb. Bundan sonra Şirvanşahlar dövlətinin paytaxt memarlığının gözəl nümunəsi olan məsciddə əsaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. Dövlət başçısı və onun xanımı Mehriban Əliyeva dəfələrlə məscidi ziyarət edərək aparılan işlərlə yerində tanış olmuşlar.
Prezident İlham Əliyev işlərin yüksək səviyyədə icrası ilə bağlı tapşırıq və tövsiyələr verib. Beləliklə, dövlət başçısı milli-mənəvi dəyərlərin qorunmasına və dini-memarlıq abidələrinin bərpasına böyük diqqət yetirən Heydər Əliyev Fondunun təşəbbüsünü dəstəklədi, Azərbaycan və Şərq memarlığının incilərindən sayılan bu abidəyə ikinci həyat bəxş etdi, xalqımızın zəngin çoxəsrlik mədəni irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfəsini vermiş oldu. Məscidin yenidən qurulmasına 2010-cu ilin mart ayında başlanılmış, “Şamaxı Cümə məscidi” Dövlət tarixi-memarlıq abidəsinin ətrafında genişmiqyaslı abadlıq işləri aparıldı. 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı Cümə məscidində həyata keçirilən bərpa və yenidənqurma işlərinin gedişi ilə tanış oldular. Milli-mənəvi dəyərlərin qorunması və inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının təşəbbüsü və tapşırıqları ilə paytaxtda və regionlarda onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah tikilmiş, bərpa və yenidən qurulub.

Bu sahədə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri də xüsusilə qeyd etmək lazımdır. Fondun prezidenti, ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə və tədbirlər milli-mənəvi dəyərlərin qorunmasına, dini-memarlıq abidələrinin bərpasına yönəlib və ilk növbədə Azərbaycan xalqının əsrlər boyu formalaşmış zəngin irsinin və mədəniyyətinin qorunaraq gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Fondun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxı Cümə məscidində aparılan yenidənqurma işləri Azərbaycan və Şərq memarlığının incilərindən sayılan bu abidəyə ikinci həyat bəxş etdi.

2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə bərpa edilən və yenidən qurulan Şamaxı Cümə məscidinin açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdi.
Mərasim zamanı qeyd olundu ki, müasir Azərbaycanın salnaməsinə xalqımızın mənəvi dünyasının ucalığını göstərən daha bir mühüm hadisə daxil oldu. Azərbaycan və Şərq memarlığının nadir incilərindən biri olan Şamaxı Cümə məscidi yeni həyata qədəm qoydu.

Müsəlman dünyasının müqəddəs məkanlarından biri olan Şamaxı Cümə məscidi milli-mənəvi dəyərlərin təbliğinə böyük töhfə verən Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun səyləri nəticəsində əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verildi.

Minarələrinin hündürlüyü 36,4 metr olan məscidin giriş, orta böyük, həmçinin sağ və sol günbəzləri nəfis şəkildə bərpa olunmuşdur. Günbəzlər qədim memarlıq üslubunda ornamentlərlə bəzədilmişdir. Məscidin dəhlizi təkrarolunmaz tərtibatı ilə diqqəti çəkir. Orta salon milli memarlıq üslubunda yenidən qurulmuşdur. Burada eyni vaxtda 1500 nəfər ibadət edə bilər.


Məscidin həyətində əsaslı abadlıq işi görülmüş, iki hovuz inşa edilmiş, 6 qalereya yaradılmışdır. İkimərtəbəli inzibati binanın sahəsi 804 kvadratmetrdir. Məsciddə konfrans salonu və digər yardımçı otaqlar yaradılıb. 520 kvadratmetrlik məişət binasında 250 nəfərlik mərasim salonu və müasir avadanlıqla təchiz edilən mətbəx yerləşir. Burada yaradılmış zəngin kitabxana dindarların istifadəsinə verildi.

Ümumilikdə, Şamaxı Cümə məscidi müstəqilliyin verdiyi imkanlardan maksimum bəhrələnən xalqımızın və Azərbaycan dövlətinin milli mənəvi dəyərlərə, dini etiqad və vicdan azadlığına yüksək və həssas münasibətinin bariz nümunəsidir.
Şamaxının tarixi təkcə dağıntıların xronikası deyil, eyni zamanda möhkəm iradənin göstəricisidir. Dəfələrlə xarabalığa çevrilmiş bu şəhər yenidən və yenidən dirçələrək öz mədəni və mənəvi mahiyyətini qoruyub saxlayıb. Güclü zəlzələlərə və faciəli hadisələrə şahid olan qədim Şamaxı təkcə mövcudluğunu qoruyub saxlamamış, həm də zəngin irsini gələcək nəsillərə çatdırmağı bacarıb. Bu qədim şəhər bu gün də, əsrlər öncə olduğu kimi, gücün, yaddaşın və tarixi davamlılığın rəmzi olaraq qalmaqdadır.
Hacı Cavadov