Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas mövzularını əhatə edən 110 müxtəlif tədbir və təşəbbüs həyata keçirilib.
Baki-baku.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təbliğat və layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan Uşaq və Gənclər Assambleyasının iclasında çıxışı zamanı səsləndirib.
O bildirib ki, həyata keçirilən təşəbbüslər qlobal şəhərsalma gündəliyində yer alan mürəkkəb məsələlərin multidisiplinar yanaşma əsasında müzakirəsinə geniş imkan yaradıb.
“Bu 110 təşəbbüs müxtəlif formatlarda təşkil edilib. Dəyirmi masa və panel müzakirələri zamanı iştirakçılar yerli bələdiyyə qurumları ilə birbaşa əlaqə quraraq regional planlaşdırma, şəhərlərin qarşılaşdığı problemlər və onların həlli istiqamətində fikir mübadiləsi aparıblar”, – deyə Məleykə Tağızadə qeyd edib.
O əlavə edib ki, akademik simpoziumlar, tələbələr üçün seminarlar və texniki sessiyalar da kampaniyanın əsas fəaliyyət istiqamətlərindən biri kimi həyata keçirilib.