Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/03/2026

Paylaşın

CƏMIYYƏT

“Yuxuda da nərd görürəm, nərdlə nəfəs alıram” – Türkan Nərd Məktəbindən REPORTAJ

Türkan Nərd Məktəbi

Deyirlər, nərd dünyanın ən qədim oyunlarından biridir. Bəziləri onun tarixini minilliklər əvvələ, Şərq saraylarına, karvansaralara, ipək yolu üzərindəki çayxanalara bağlayır. Taxta üzərində düzülən 24 xana, iki rəqib, iki zər və daşların mübarizəsi… Bu oyunda təkcə şans yox, səbr, savad, baxış və xarakter də sınağa çəkilir.

Türkan kəndində isə nərd sadəcə oyun deyil. O, yaddaşdır.

Axşamüstü kəndə çatırıq. Küçələr sakitdir. Ramazan ayıdır. İftar saatına az qalır. Deyilən ünvana tərəf gedərkən uzaqdan işıq sızan bir qapı görünür. İçəri daxil olanda ilk hiss etdiyimiz zərlərin səsi yox, zamanın dayanmasıdır.

Divarlarda qədim xalçalar asılıb. Döşəmədə köhnə naxışlı palazlar. Masalar taxtadandır, cilası getmiş, amma ləyaqəti qalmış. Bir divarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağa səfərlərindən fotolar, digər tərəfdə Türkan Nərd Məktəbinə gələn qonaqların diplomları, medalları, mərkəzdə Azərbaycan bayrağı. Bir küncdə yerləşən xatirə lövhəsində isə kəndin ən güclü oyunçularının şəkilləri və adları, lövhənin altında nərdin tarixi və qaydaları barədə qısa məlumat yer alır.

Bura məktəbdir. Amma kitab yox, zər danışır.

Bizi qarşılayan məktəbin sahibi Telman Babayevdir. Səmimi, aram, sözünün yerini bilən adam təsiri bağışlayır.

Xoş gəlmisiniz, dostlar. Allah canınızı sağ eləsin, – deyir və bizi masaya dəvət edir.

Qarşımıza ətirli çay, şirniyyat qoyurlar. Burada çay pulu anlayışı yoxdur.

Bizim çayımız, qəndimiz, şirniyyatımız gələn qonaqlar üçündür. Pulsuzdur. Kimin gücü nəyə çatırsa alır. Biri çay gətirir, biri qənd. Hər kəs buranı öz yeri hesab edir – deyərək özü də çaydan qurtumlamağa başlayır.

Telman müəllim deyir ki, neçə illərdir bu məkan fəaliyyət göstərir. Çempionatlar keçirilir, qaliblərə telefon, nərd dəsti, müxtəlif hədiyyələr verilir.

– Final oyunları çox qızğın olur. Rayonlardan da gəlirlər. Saatlarla çəkir. Final oyunları 5 tas olur bizdə. Ola bilər zər verməsin deyə tası 5 etmişik. Amma bəzi oyunlar da olur ki, 8-9 tasa qədər çəkir. Oyunlara baxanlar da çox olur. Azarkeşlik edirlər həvəslə.

Gülərək – Bizim də bacardığımız budur da. Kimin ürəyi istəsə gələ bilər, biz də qulluqlarında hazırıq, – deyir.

Qədim ənənəmizdir, biz də davam etdiririk. Bu bir həvəsdir, hətta xəstəlik kimidir. Gözümüzü açandan nərd görmüşük. Mən özüm rəhmətlik dayımdan öyrənmişəm. Mənim müəllimim odur.

O danışdıqca otağa bir neçə nəfər də daxil olur. Hamının gözü qapıdadır.

Seyid gəlməlidir, – kimsə deyir.

Əsl adı Məmmədov Mirkazımdır. Hər dəfə Maştağadan gəlir. Seyid nəvəsi olduğu üçün hamı ona “Seyid” deyir. Deyirlər, 55 ildir nərd oynayır. Onun adı çəkilən kimi otaqda qəribə bir sevinc, həyəcan yaranır.

Bir az gecikir. Telman müəllim ara-sıra zəng edərək harada olduğunu maraqlanır. “Çəkiliş var, Baki-baku.az-dan gəliblər”, – deyərək Seyidi tələsdirir.

İftar vaxtı keçir. Məkan dolmağa başlayır. Oynamağa gələnlər də var, sadəcə izləməyə gələnlər də.

Telman müəllim köhnə masanın kənarına söykənib deyir:

Nərdin hökmdarı zərdir. Zər gətirməsə, nə edəcəksən? Amma düz oynamaq da şərtdir.

Zəri stəkanla atırlar burada.

Əllə olmaz. Güclü zər atanlar var. Mən özüm 10 zərdən 8-ni istədiyim kimi atıram, – deyib gülümsəyir.

Diqqətimi çəkir ki, məkan yenilənməyib. Hər şey köhnədir. Niyə yeni əşyalar alınmaması barədə soruşuram.

İmkan var. Amma istəmirəm. Qoy köhnə dəb olsun. Hamısı dədə-babadan qalan şeylərdir. Belə maraqlıdır.

Elə bil bu divarlar da oyunun bir hissəsidir.

Qapı açılır. İçəri hündürboy, yaşına baxmayaraq çevik bir kişi daxil olur. Hamı ilə bir-bir salamlaşır.

Axşamınız xeyir olsun, – deyir.

Seyiddir.

Oturur. Zəri əlinə alır. Sanki nəfəs alır.

15 yaşımdan oynayıram. 55 ildir nərd oynayıram. Gecə yuxuda da nərd görürəm. Bu oyun mənə nəfəs verir. Tərgidə bilmirəm.

Aprelin 2-si 72 yaşı olacaq. Amma deyir ki, “canım suludur”.

İlk oyun kəndin ən güclülərindən biri, 10 dəfə çempion olmuş Fərzəli Babayevlədir. Otaqda sükut yaranır.

Zər atılır. Daşlar hərəkət edir. Ara-sıra xısın-xısın səslər eşidilir. Seyid dayı özünə məxsus zər atışı ilə yenə də izləyicilərin diqqətini üzərinə çəkir.

Bir anda Seyid başını qaldırır:

Bu səfər zər vermədi. Axırda qoşa atdı, apardı oyunu məndən.

Fərzəli sakitdir. Çox danışmır. Oynayır.

Yerdən səslər gəlir:
Türkanı Fərzəli təmsil edir!

Seyid gülümsəyir:
Bilirəm. Amma mən də varam. Çalışacağam yerbəyer edim.

O deyir ki, nərddə qalib olmaq 70-80 faiz zərdən asılıdır. Amma daşların yerini bilmək savaddır.

Sonra cibindən sarı və qırmızı kart çıxarır. Hamı gülür.

Bura məktəbdir. Səhv oynayanı əvvəl sarı ilə xəbərdar edirəm. İkinci dəfə yenə sarı verəndə 1 tası uduzmuş sayılır. 

Üçüncü dəfə qırmızı deyərək kartı göstərir və fit çalır, – oyunu tərk edəcək.

Bu, zarafat deyil. Qayda var burada. Böyük-kiçik yeri bilinməlidir.

Telman müəllim deyir:
– Cavanlar gəlir. Amma tərbiyəli olmalıdırlar. Ağsaqqalların, böyüklərin hörmətini saxlamayanı yaxına buraxmırıq.

Oyun bitir. Seyid hələ də uduzduğu tasın təsiri altındadır.

Mən çempion olmuşam. Çox “mənəm-mənəm” deyənlər gəlib bura. Bir dəfə bir çempion gəldi. Mən kəndçimin qisasını almağa 15 manat verib Maştağadan gəldim. Gördüm Fərzəli onu çoxdan yerbəyer edib.

O danışdıqca otaqda gülüş yayılır.

Mən 7 dəfə ard-arda qoşa atmışam. Eləsi var 3-4-5 dəfə qoşa atır. Burada “nərdin qartalları” var.

Soruşuram, nəvələri oynayırmı?

6 nəvəm var. Maraqları yoxdur. Amma böyük qızım güclü oynayır. Onu güclə uduram.Mən özüm cavan vaxtı 2 gün dayanmadan oynayırdım. İndi yaşlanmışam. Amma bu yaşımda da dayanmadan 32 saat nərd oynamışam.

Bir anlıq sükut olur. Seyid yenə zəri əlinə alır.

Olmaz ki, bir də oynayaq? Axı mən cavanam, yenə oynamaq istəyirəm…

Otaqda hamı gülür.

Saat irəlilədikcə məkan daha da dolur. İftardan sonra gələnlər çoxalır. Bəziləri gecə 12-dən sonra gəlir.

Elə olub ki, səhərə qədər işləmişik, Qapımız hər kəsin üzünə açıqdır, – Telman müəllim deyir.

Çay süzülür. Şirniyyat paylanır. Kimsə zərə baxır, kimsə daşlara. Kənardan baxanda, bu, sadə bir kənd məkanıdır. Amma bir az diqqətlə baxanda anlayırsan ki, burada təkcə oyun oynanmır.

Burada yaddaş qorunur.

Divardakı xatirə lövhəsində adları yazılanlar, illərdir çempion olanlar, artıq həyatda olmayan ustadlar…

Nərd burada sadəcə 24 xana deyil. Bu, nəsillər arasında körpüdür. Zər atılır. Səs taxta masada əks-səda verir. Bəlkə də nərdin həqiqi sirri elə bundadır – insanı bir masanın ətrafında toplamaq.

Türkan Nərd Məktəbində isə bu masa hələ çox gecələr yeni qoşalara, yeni mübahisələrə və bir cümləyə şahid olacaq: Nərdin hökmdarı zərdir…

Hazırladı: Elvin Camalov, Murad Muxtarov

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul

Ən son

GÜNDƏM

Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin