Mayın 4-ü Azərbaycan teatr və kino sənətinin ən dərin iz buraxan simalarından biri – Fuad Poladovun xatırlanan günüdür. Onun adı çəkiləndə ilk yada düşən təkcə rollar deyil, səhnədə qurduğu xüsusi aura, sözsüz belə danışa bilən baxışları və insan ruhunun ən incə qatlarına toxunan oyun tərzidir.
1948-ci ilin mayında Bakının Sovetski məhəlləsində müəllim ailəsində dünyaya gələn Fuad Poladovun uşaqlığı heç də sakit keçməyib. Özünün də etiraf etdiyi kimi, “ipə-sapa yatmayan”, dərsdən qaçan, dəcəl bir uşaq olub. Atasının sərtliyi, ailənin onun üçün qurduğu fərqli gələcək planları – həkim və ya hüquqşünas olmaq arzusu gənc Fuadın sənət yoluna çıxmasına mane ola bilmədi. O, hələ məktəb illərində çəkildiyi “İstintaq davam edir” filmindəki Səlim rolu ilə həyatının istiqamətini müəyyənləşdirdi.
Bu seçim asan başa gəlmədi. Atasının onun film şəkillərini cırması, ailənin narazılığı, gənclik illərində yaşadığı çətinliklər – bütün bunlar Poladovun xarakterini daha da möhkəmləndirdi. O, sənəti sıradan bir peşə kimi yox, taleyinin ayrılmaz hissəsi kimi seçdi.

Səhnəyə açılan qapı
Fuad Poladovun böyük səhnəyə yolu tələbəlik illərində başladı. Rejissor Tofiq Kazımovun dəvəti ilə Akademik Milli Dram Teatrında “Məhv olmuş gündəliklər” tamaşasında Savalan rolunu oynadı və bu rol onun taleyini dəyişdi. 1969-cu ildən etibarən uzun illər həmin teatrın aparıcı aktyorlarından biri oldu.
Onun oyun üslubu lirik-psixoloji dərinliyi ilə seçilirdi. Poladov obrazı canlandıraraq yaşayırdı. Bu səbəbdən onun yaratdığı obrazlar tamaşaçı üçün yad yox, tanış və real görünürdü.

Unudulmaz rollar – bir aktyorun müxtəlif simaları
Fuad Poladovun səhnədə yaratdığı obrazlar Azərbaycan teatr tarixinin ən parlaq səhifələrindəndir. O, klassik və müasir dramaturgiyanın ən mürəkkəb qəhrəmanlarını eyni ustalıqla canlandırırdı.
Şekspirin “Hamlet”ində Hamlet obrazı onun yaradıcılığında xüsusi yer tutur. Bu rol Poladovun fəlsəfi düşüncə tərzini, daxili dramatizmini və emosional gücünü tam açıb göstərirdi. Onun Hamletində tərəddüd, ağrı və intellektual mübarizə eyni anda hiss olunurdu.
“Təhminə və Zaur” tamaşasında Zaur obrazı isə onu geniş tamaşaçı kütləsinə daha da yaxınlaşdırdı. Amaliya Pənahova ilə tərəf-müqabil olduğu bu tamaşa Azərbaycan teatr tarixinin ən uğurlu səhnə əsərlərindən birinə çevrildi. Maraqlıdır ki, aktyorlar əvvəlcə küsülü olsalar da, Poladovun təşəbbüsü ilə barışaraq səhnədə unudulmaz duet yaratdılar.

Onun Ferdinand (“Məkr və məhəbbət”), Fərhad (“Məhəbbət əfsanəsi”), Nizami (“Qılınc və qələm”), Şah Qacar (“Şah Qacar”), Müsyo İbrahim (“Müsyo İbrahim və Quran çiçəyi”) kimi rolları aktyorun geniş diapazonunu göstərirdi. O, həm romantik qəhrəmanı, həm faciəvi hökmdarı, həm də müdrik filosofu eyni inandırıcılıqla təqdim edirdi.
Rus Dram Teatrında isə o, Lopaxin (“Albalı bağı”), Eddi Karbone (“Körpüdən görünən mənzərə”), İblis (“İblis”) kimi obrazlarla fərqli aktyor palitrasını nümayiş etdirdi. Bu rollar onun yalnız milli səhnənin deyil, ümumilikdə teatr sənətinin universal aktyoru olduğunu sübut etdi.

Poladov kinoda
Fuad Poladov teatr aktyoru kimi tanınsa da, kinoda da özünəməxsus iz qoyub. “Ad günü”, “Qayınana”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Güllələnmə təxirə salınır”, “Ovsunçu”, “Aktrisa” kimi filmlərdə yaratdığı obrazlar onun ekran plastikası və daxili enerjisini üzə çıxardı.
Xüsusilə “Aktrisa” filmindəki rolu ona “Qızıl Pəri” mükafatı qazandırdı. Bu rol Poladovun artıq illərin təcrübəsini, həyatın acı-şirinini yaşamış bir aktyor kimi dərinliyini əks etdirirdi.

Fuadın Vəfası və ya Vəfalı Fuad
Fuad Poladovun həyatı səhnədə olduğu qədər dramatik idi. Gənclik sevgisi – aktrisa Vəfa Fətullayeva ilə sevgisi bütün dövr teatrsevərlərin ürəyində əfsanə kimi yaşasa da, dillərdə dolaşsa da heç vaxt vüsalla nəticələnmədi. Və heç kim bu hicranın səbəbini dəqiq bilmədi. Bircə bu deyilirdi ki, Vəfanın anası məşhur aktrisa Hökumə Qurbanova buna mane olub. Fuad Poladov isə bunula bağlı heç bir sula cavab vermədi, həmişə susdu. Amma Vəfanın da gözləri heç vaxt gülmədi…

Prinsiplərinə bağlı insan
Atasının vəfat etdiyi gün belə səhnəyə çıxması onun sənətə bağlılığının ən təsirli nümunələrindəndir. O, şəxsi ağrını belə sənətin qarşısında geri plana atmağı bacarırdı.
Teatrdan iki dəfə ayrılması da həyatının dönüş nöqtələrindən oldu. Xüsusilə son gedişi – haqsızlığa etiraz olaraq səhnəni tərk etməsi onun prinsipial xarakterindən xəbər verirdi. Ümumiyyətlə verdiyi qərarlardan heç vaxt peşman olmurdu, təəssüflənmirdi. Bu dəfə də özünə əmin idi.

Səssiz-sədasız vida
Ömrünün son illərində ağır xəstəliklə mübarizə aparsa da, heç vaxt kömək istəmədi. Müalicəsini Azərbaycanda davam etdirmək qərarı onun daxili qürurunun və inamının göstəricisi idi.
Son tamaşası – “Müsyo İbrahim və Quran çiçəyi”ndən sonra səhnəyə son baxışı isə sanki səssiz bir vida idi. Həmin anı görənlər aktyorun baxışlarında qəribə bir dərinlik və ayrılıq hiss etdiklərini deyirlər.
2018-ci il mayın 4-də Fuad Poladov dünyasını dəyişdi. Amma o, əslində səhnədən getmədi – yaratdığı obrazlarla, tamaşaçı yaddaşında yaşayan baxışları ilə qalmağa davam edir.
Xatirələrdə yaşayan sənətkar
Fuad Poladov böyük aktyor demək, çox azdır. O, səhnədə insan ruhunun ən incə çalarlarını açan bir sənətkar idi. Onun yaratdığı obrazlar bu gün də aktualdır, çünki o, insanı oynayırdı – zaman və məkan tanımayan insanı.
Bu gün onun yoxluğu hiss olunur. Amma səhnəyə hər dəfə “Hamlet”in monoloqu, Zaurun susqunluğu, ya da Müsyo İbrahimin müdrikliyi qayıdanda Fuad Poladov da qayıdır.
Çünki belə sənətkarlar unudulmur, hər zaman yaddaşlarda yaşayır.
Xanım Aydın