Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/09/2025

Paylaşın

TARİXİMİZ

Azərbaycan Bayrağı – Hürr doğulub, hürr yaşayan millətin istiqlaliyyətinin bəlgəsi

Azərbaycan Bayrağı, Dövlət Bayrağı günü

İlham Əliyev: Bayraq hər bir xalqın qüruru, vüqarı, azadlıq rəmzi, simvoludur. Biz onu qorumalıyıq, hörmətlə yanaşmalıyıq

Ötən əsrin əvvəlində Çar Rusiyasında cərəyan edən hadisələr, inqilablar ucqarlarda yaşayan xalqların istiqlal mücadiləsi ilə nəticələndi. Qafqaz Seymində cəm olan xalqlar müstəqillik uğrunda savaşa qalxmaqla kifayətlənmədilər. İstiqlal Bəyannaməsinə imza ataraq özgürlük hüquqlarını əldə etdilər. “Bir kərə yüksələn bayraq, bir daha enməz!” nidası ilə əbədi istiqlalın şərbətini millətə daddıran cümhuriyyət qurucuları milli dövlətçilik tariximizdə yeni səhifə yazdılar. Cümhuriyyətin Tiflis, Gəncə və Bakı taleyini yaşayaraq onun rəmzləri ilə yanaşı dövlət idarəçilik sistemini, strukturlarını qurdular. Milli özgürlüyün, əbədi istiqlaliyyətin rəmzlərini yaratdılar. Onlardan biri də sonralar hilal və ulduzla süslənən üçrəngli bayraq oldu.

Gəncədə Şeyxzamanovların, Bakıda Mirbabayevin malikanəsində, sonra isə Azərbaycan parlamanında qaldırılan bu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, azadlığımızın ilk müjdəçisi, milli kimliyimizin rəmzi kimi tarixdə qaldı. 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Şərqdə ilk demokratik respublikanın təməlini qoydu. Bu, əsrlərlə davam edən mübarizənin, xalqımızın istiqlal arzularının möhtəşəm zəfəri idi.

Cümhuriyyət dövründə demokratik islahatlarla yanaşı, dövlət rəmzləri – bayraq, gerb və himn qəbul edildi. İlk hökumətin qərarına əsasən, 1918-ci il iyunun 21-də Azərbaycan bayrağı qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzdan ibarət olmalı idi. Qırmızı rəng o zaman azadlıq və hürriyyət uğrunda tökülən qanların rəmzi idi. Lakin elə həmin ilin noyabrın 9-da Azərbaycan hökuməti ikinci qərarını qəbul etdi yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət bayraq milli bayraq elan edildi.

Bu qərarla qəbul edilən bayraq Əli bəy Hüseynzadənin “Türkləşmək, İslamlaşmaq və Müasirlik” ideyalarının parlaq ifadəsinə çevrildi. Mavi – türklüyümüzü, yaşıl – mənsub olduğumuz İslam mədəniyyətini, qırmızı isə müasirliyə, azadlığa və yönəlmiş iradəmizi ifadə edir.

Cümhuriyyət süqut etdikdən, Qızıl Ordunun qırmızı terroruna tuş gəldikdən sonra üçrəngli, hilallı, ulduzlu bayraq endirilsə də, xalqın yaddaşından heç vaxt silinmədi. O, xalqın qəlbində gizli, amma diri bir ümid kimi yaşadı.

Azadlıq meydanından Nuhun çıxdığı torpağa

1988-ci ilin Meydan hərəkatı ilə körüklənən istiqlal sevdamız Lenin meydanının Azadlıq meydanına, Dostluq parkının Şəhidlər xiyabanına çevrilməsi ilə nəticələnsə də, 70 il sükuta qərq olan hilallı, ulduzlu bayraq Qurtuluşun, Dirçəlişin rəmzi olaraq çiyinlərdən ucaldı. Onun dövlət rəmzinə çevrilməsi üçün mücadilə tarixini isə Ulu Öndər Heydər Əliyev Nuhun çıxdığı torpaqda yazdı.

1990-cı il noyabrın 17-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq yenidən ucaldıldı. Bu, yalnız bir simvolun deyil, milli ruhun dirçəlişi idi. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti “Dövlət Bayrağı haqqında” Qanunu qəbul etdi və bu bayraq Azərbaycan Respublikasının dövlət rəmzi elan olundu. Həmin ilin oktyabrın 18-də isə Azərbaycan müstəqilliyini bərpa edərək, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli bayrağını qəbul etdi.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə qətiyyətlə və uğurla davam etdirilir. Azərbaycançılıq məfkurəsinin qorunması, milli ideologiyanın möhkəmləndirilməsi dövlət siyasətinin əsas dayaqlarından biridir.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamlarla bu müqəddəs rəmzə olan ehtiramını bir daha dünyaya nümayiş etdirdi. Hər il noyabrın 9-da xalqımız bu günü qürurla qeyd edir. Çünki o gün bayrağımızın qəbul olunduğu, dövlətçiliyimizin rəmzinə çevrildiyi, ucaldığı gündür. 2007-ci il dekabrın 30-da Xəzərin yaxasında, Səbail qəsrində, Bayıl buxtasında Dövlət Bayrağı Meydanının təməli qoyuldu. Və 2010-cu il sentyabrın 1-də, Prezident İlham Əliyevin iştirakı ilə bu möhtəşəm abidə-istirahət kompleksi istifadəyə verildi. 162 metr hündürlüyündə səmaya qalxan üçrəngli bayraq 35 metr enində, 70 metr uzunluğunda  Azərbaycanın qüdrətini, birliyini və müstəqilliyini əks etdirir. Dövlət başçısı açılış mərasimində demişdi: “Dövlət Bayrağı Meydanı ölkəmizin mədəniyyət və siyasi mərkəzinə çevriləcək. Bura baş çəkən hər kəs Azərbaycanın nəyə qadir olduğunu dərk edəcək.” Bu sözlər o vaxt bir vəd idisə, bu gün reallığa çevrilib. Tarix bir daha sübut etdi ki, bu bayraq sadəcə bir rəmz deyil  o, xalqın mübarizə iradəsinin, birliyinin və qəhrəmanlığının təcəssümüdür.

Bayraqları bayraq edən üstündəki qandır

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqımızın tarixi qələbəsi ilə nəticələndi. Bu gün o böyük zəfərin beşinci ildönümünü qeyd edərkən, hər bir azərbaycanlı qürurla deyə bilər: bayrağımız öz doğma torpaqlarında azad səmalarda dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il, düz bir qərinə işğal altında qalmış Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər torpaqları azad etdi. Hər bir azad edilən şəhərdə, hər bir yüksəkliyin zirvəsində ilk qaldırılan üçrəngli bayrağımız oldu.

Həmin anlar xalqın yaddaşına əbədi yazıldı – Şuşa qalasında, Xudafərin körpüsündə  dalğalanan bayraq azadlığın, qürurun, qəhrəmanlığın rəmzinə çevrildi. Bu gün o bayraq işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanır və bu, bir millətin yenilməzliyinin sübutudur.

“Bayraqları bayraq edən üstündəki qandır, Torpaq, uğrunda ölən varsa, Vətəndir!”. Üçrəngli, hilallı, ulduzlu bayrağımızı qorumaq, yaşatmaq ötən əsrin əvvəlində yoxdan bir bayraq yapıb, dövlət quran, onu Azərbaycan gəncliyinə ərmağan edən, cümhuriyyətin Tiflis, Gəncə, Bakı taleyini ləyaqətlə yaşayan, onu qürurun, vüqarın, əbədi istiqlaliyyətin simgəsi, bəlgəsi kimi gələcək nəsillərə ötürən Liderlərin ruhu qarşısında borcumuzdur.

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin paylaşımı təqdim edir:
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin