Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/29/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Mehrican xatun – Atabəy Özbəyin sarayını idarə edən Xarəzmşah Cəlaləddinin ehtiramını qazanan dövlət xadimi

Mehrican xatun

Qılıncla Qələmin vəhdətində qüdrətli dövlətlər quran, bəşəri dəyərlər xəzinəsini Əfsələddin Xaqani Şirvani, Şeyx Nizami Gəncəvi, Seyid İmadəddin Nəsimi, Mövlana Məhəmməd Füzuli kimi dahilərin irsi və mirası ilə zənginləşdirən odlar yurdu Azərbaycan intibah mədəniyyətinin incilərini yaratdı.

XI-XII yüz illəri Azərbaycan ədəbiyyatının, söz sənətinin, poeziyanın, incəsənətin intibah mərhələsi kimi xarakterizə edənlər, bu yüzilləri həm də saray mədəniyyətimizin, daxili və xarici siyasətimizin, diplomatiya tariximizin çiçəklənmə dövrü kimi qəbul edirlər.

Bu dövrdə dünyaya gələn, yazıb-yaradan filosof-şairlər, təbiblər, astronomlar, alimlər və üləmalarla yanaşı, saraylarımıza, məmləkətimizə şərəf gətirən qüdrətli xatunlar da milli-mənəvi dəyərlərimizin, saray mədəniyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onlar yeni qanunların qəbul olunmasında, qərarların verilməsində bilavasitə iştirak etmiş, hökmdar səviyyəsinə ucalmış, hətta Məlikə Xatun statusu belə qazanmışlar. Elmi, poetik, məntiqi fikirləri və düşüncələri ilə şahları, vəzir və vəkilləri heyrətləndirən xatunlarımız milli dövlətçilik ideyalarının, vətənpərvərlik hisslərinin qorunmasına nail olmuşlar. Bu səbəbdən adı tarixə qəhrəmanlıq və müdriklik nümunəsi, ləyaqət mücəssəməsi kimi daxil olan xatınlar bədii əsərlərin baş qəhrəmanlarına çevrilmişlər.

1136-1225-ci illəri çevrələyən Atabəylər dövlətinin ictimai-siyasi və mədəni həyatında bilavasitə iştirak edən Məhəmməd Cahan Pəhləvanın vəfatından sonra isə Sultan Qızıl Arslanın baş xatunu olmuş Qətibə xatunun və Atabəylərin sonuncusu Atabəy Özbəyin xatunu, Sultan Toğrulun qızı Mehrican xatun idi.

Tarixi mənbələr onu da sübut edir ki, saraydaxili məsləhətləşmələrdə xüsusi səs hüququna malik olan, dövləti məsələlərin həllinə bilavasitə təsir göstərən Mehrican xatun Atabəylərin qoyduğu qanunlara və mənəvi dəyərlərə laqeyd münasibət göstərən Atabəy Özbəyin sarayına çox zaman özü rəhbərlik edirdi.

Naxçıvan Moğol işğalından xilas edən xatun

Dövləti sərbəst, müstəqil şəkildə idarə edən, onun daxili və xarici siyasətini təkbaşına həyata keçirən Mehrican xatunun həyatının ən ağır dövrü 1220-1231-ci illər arasında olmuşdur. 1220-1222-ci illərdə Monqol istilasına qarşı sərkərdə-xaqan yerinə döyüşən, Azərbaycanın qəhrəman oğullarına rəhbərlik edən Mehrican xatun 1222-ci ildə vətənini Monqol istilasından xilas etsə də, çox çəkmir ki, 1225-ci ildə monqollar tərəfindən Xarəzmdən sıxışdırılan Xarəzmşah Cəlaləddinin qoşunları ilə üz-üzə dayanır. Mehrican xatun Türküstan bozqırlarından, monqolların istilasından baş götürüb, böyük bir ordu ilə Azərbaycana hücum edən Xarəzmşaha çapıb-taladığı məmləkətin qəhrəmanlıq və cəsarət dərsini vermişdir. O, Cəlaləddinin gəlişindən qorxuya düşüb taxt-tacdan imtina edərək baş götürüb qaçan ərinə də şərəf və ləyaqətin nə olduğunu sübut etmişdir. Mehrican xatun bütün döyüşlərdə Təbrizin, Zəncanın, Xoyun, Mərəndin, Urmiyanın, Marağanın, Naxçıvanın qəhrəman oğulla-rına və sərkərdə Şəmsəddinə arxalanmışdır. Mehrican xatunun, sərkərdə Şəmsəddinin və qəhrəman təbrizlilərin beş günlük müqavimətini Xarəzmşahın çoxsaylı qoşunları qırsa da, onların istiqlal şamını söndürə bilməmişdi.

Şəhəri işğal edən Cəlaləddin Mehrican xatuna olan xalq məhəbbətindən, onun ordu arasındakı nüfuzundan sarsılıb bu qüdrətli Xatuna, dövlət və siyasət adamına qarşı sərt tədbirlərə əl atmamışdı. Xarəzmşah onu yüksək nəvaziş, adına layiq ehtişamla öz malikanəsinə – Xoya göndərmişdi. Cəlaləddin Atabəylər sarayının bu müdrik xatununun nüfuzundan, dövlət idarəçiliyindəki mövqeyindən, məharətindən istifadə etməklə Azərbaycanı bütünlüklə ələ keçirməyə cəhd etsə də, Naxçıvanda, Cahan Pəhləvanın Zahidə xatundan olan qızı, Atabəy Özbəyin bacısı Cəlaliyyənin simasında da Mehrican xatunun müqaviməti ilə üzləşmişdi. Mehrican xatuna, onun ağlına, müdrikliyinə, vətən sevgisinə, döyüş taktikasına, idarəçilik səriştəsinə həsəd aparan Xarəzmşah Cəlaləddin ölkənin bir hissəsi olan Xoy mahalının və ətraf vilayətlərin idarə edilməsini ona tapşırmışdı.

Miladdan öncə VII əsrdə fars hökmdarı II Kir Massagetlər dövlətinin hökmdarı Tomrisə hiylə ilə eşq elan edib, elçi göndərdiyi kimi, Mehrican xatunla sülh bağlamağa məcbur olan Xarəzmşah Cəlaləddin də ona izdivac təklif edir. Qürurunu və ləyaqətini Tomris anamız kimi uca tutan Mehrican xatun bu təklifi rədd edərək yüksək xəracı daha üstün tutur….

Mehrican xatunun bu hərəkətinə cavab olaraq Gəncəyə çəkilən Xarəzmşah hakimi Şərif Əl-Mülk Mehrican xatuna olan qəzəbini yerli əhalidən çıxır. Tarixçi Nəsəvi bu acı faktı belə təsvir edir: “Şərif Əl-Mülk Xarəzm qoşununu qaramalla təchiz etməyi Azərbaycanın köçəri tayfalarından birinə əmr etmişdi. Həmin tayfa bu ağır mükəlləfiyyətin öhdəsindən gələ bilməmiş və bunu yerinə yetirməkdən boyun qaçırmışdı. Şərif Əl-Mülk bu tayfanın bütün mal-qarasını və 30 min qoyununu zorla sürüb aparmış və köçəriləri aclığa məhkum etmişdi…”

Xarəzmşahlarla Atabəylərin qanlı savaşına moğolların istilası son qoyur

Xarəzmşahın soyğunçuluq və işğalçılıq siyasəti, onun təyin etdiyi hakimlərin əhali ilə ləyaqətsiz, alçaldıcı davranışları Mehrican xatunu yenidən silaha sarılmağa məcbur edir. O, Şəmsəddin Turqayla birlikdə Xoydakı Tala qalasına çəkilərək Hilat canişini Hacib Hüsaməddin Əliyə, Səlcuq Sultanı Cəlaləddinə, Gürcü çarı Rusuna müraciət edərək onları Xarəzmşah Cǝlaləddinə qarşı mübarizəyə çağırır. 1225-ci ildə Təbrizdə başlayan üsyan tezliklə Azərbaycanı, Güney Qafqazı bürüyür. Mehrican xatun qələbə çalaraq yurdunun özgürlüyünə təminat verir. İki türk sülaləsinin, dövlətinin Xarəzmşahlarla Atabəylərin qanlı savaşına, təəssüf ki, moğolların hücumları, istilası son qoyur. Təbrizdə, Xoyda, Marağada, Naxçıvanda, Gəncədə, Xarəzmdə xaraba qalan saraylarımızda moğolların bayraqları dalğalanır.

Bu acı səhnədən heyrətlənən, Mehrican xatunun dəhşətlərinə hamıdan çox kövrələn Cahan Pəhləvanın qızı, Naxçıvanın sahibəsi Cəlaliyyə və Mehrican xatunun mərdliyinə, müdrikliyinə, cəsarətinə ömrü boyu həsəd aparan, monqolların hücumlarına Azərbaycanda tablamayıb ata yurdu Türküstan bozqırlarına üz tutan Xarəzmşah Cəlaləddin olur…

Milli-mənəvi dəyərlər və milli dövlətçilik tariximizə adı qızıl hərflərlə həkk edilən, tarixə Atabəylərin qüdrətli xatunlarından biri kimi daxil olan Mehrican Atabəy, onun əldə etdiyi nailiyyətlə barədə kifayət qədər araşdırmalar, tədqiqatlar aparılmasa da, qürur hiss ilə qeyd edə bilərik ki, o, Tomris, Nüşabə, Möminə xatun, Zahidə xatun kimi mənəvi əzəmətimizi, millət, məmləkət sevgimizi dünyaya nümayiş etdirən xatunlardandır.

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidi təbrik edib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin