Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov Malayziyanın qabaqcıl ali təhsil müəssisələri ilə imzalanan əməkdaşlıq memorandumlarını universitetin beynəlxalq inkişaf strategiyası baxımından mühüm addım kimi qiymətləndirib.
Baki-baku.az xəbər verir ki, rektor bildirib ki, müasir dövrdə universitetlər artıq yalnız bilik ötürən təhsil müəssisələri deyil, həm də dayanıqlı inkişafı, innovativ yanaşmaları və ekoloji məsuliyyəti təşviq edən aparıcı mərkəzlərə çevrilirlər.
Onun sözlərinə görə, Mingəçevir Dövlət Universitetinin inkişaf strategiyasının əsasını məhz dayanıqlılıq, rəqəmsal transformasiya və innovasiya prinsipləri təşkil edir.


“Bizim məqsədimiz yalnız peşəkar kadr hazırlamaq deyil, həm də qlobal çağırışlara cavab verə bilən, sosial məsuliyyətli və cəmiyyətə fayda verən gənclər yetişdirməkdir”, – deyə Anar Eminov vurğulayıb.
Rektor qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün beynəlxalq təcrübənin öyrənilməsi və qlobal akademik şəbəkələrə inteqrasiya xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Malayziyanın ali təhsil sistemi MDU üçün böyük maraq doğurur.
Anar Eminov bildirib ki, Malayziya universitetləri yüksək texnoloji imkanları, rəqəmsal təhsil mühiti, innovativ laboratoriyaları və startap ekosistemləri ilə seçilir. Həmçinin bu universitetlərdə “ağıllı” və dayanıqlı kampus idarəçiliyi, enerjiyə qənaət və rəqəmsal transformasiya əsas prioritetlər sırasındadır.

Rektorun sözlərinə görə, 2026-cı ilin 19-22 may tarixlərində MDU ilə Malayziyanın üç nüfuzlu ali təhsil müəssisəsi – INTI Beynəlxalq Universiteti, Asia Sakit Okean Texnologiya və İnnovasiya Universiteti və BINUS Universiteti arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb.
O bildirib ki, INTI Beynəlxalq Universiteti ilə əməkdaşlıq tələbəyönümlü təhsil modellərinin və rəqəmsal öyrənmə platformalarının tətbiqinə imkan verəcək. Asia Sakit Okean Texnologiya və İnnovasiya Universiteti ilə tərəfdaşlıq innovasiya və startap ekosisteminin formalaşdırılmasına töhfə verəcək. BINUS Universiteti ilə əməkdaşlıq isə rəqəmsal transformasiya və müasir ali təhsil idarəetməsi sahəsində yeni yanaşmaların mənimsənilməsinə şərait yaradacaq.

Anar Eminov qeyd edib ki, tərəfdaşlıqlar çərçivəsində birgə elmi-tədqiqat layihələri, akademik mobillik proqramları və innovativ həllərin tətbiqi nəzərdə tutulur.
Rektor sonda vurğulayıb ki, Malayziya universitetləri ilə qurulan əməkdaşlıq əlaqələri Mingəçevir Dövlət Universitetinin qlobal təhsil məkanına inteqrasiyasını daha da gücləndirəcək və yaxın gələcəkdə konkret layihələr, elmi araşdırmalar və yüksəkixtisaslı kadr hazırlığında mühüm nəticələr verəcək.
