Bakıda qədim zamanlardan bəri məscidlərin daha çox ən qədim tikililərin təməlləri üzərində inşa edilməsi ənənəsi mövcud olub. Böyük müsəlman məscidləri ilə yanaşı, XIX əsrdə və XX əsrin əvvəllərində Bakıda digər dinlərə mənsub ibadət məbədləri də tikilməyə başlandı. Ölkəmizdə və paytaxt Bakıda kilsələrin və digər dini məbədlərin qorunması və mühafizəsi Azərbaycan Respublikasının tolerantlıq və dinə münasibət sahəsində həyata keçirdiyi dövlət siyasətinin istiqamətlərindən biridir.
Sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoq və tolerantlıq ünvanına çevrilmiş Azərbaycan bu gün müxtəlif dinlərə, inanclara mənsub insanların bir böyük çətir altında dinc və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkə kimi tanınır.
Baki-baku.az oxucularını paytaxtımızda fəaliyyət göstərən kilsələrlə tanış etmək və onların tarixi barədə məlumat vermək məqsədilə bu məqaləni təqdim edir.
“Mixail-Arxangel” pravoslav kilsəsi
Mixail Arxangel kilsəsi Bakıdakı ən qədim pravoslav məbədlərindən biridir. Kilsə XIX-cu əsrin 40-cı illərində inşa edilib və hərbçilərin ibadət yeri hesab olunurdu. 1855-ci il tarixli, 39 saylı “Qafqaz” qəzetinin məlumatına görə, məbəd Xəzər dəniz idarəsinin bütün rütbəli şəxsləri tərəfindən, Rusiya könüllü donanmasının və polkunun şefi şərəfinə tikilmişdir. Həmin dövrdə məbəd, “Donanma kilsəsi” (rusça “Flotskaya”) adlanırdı. Kilsə pskov stilində inşa edilib. 1873-cü ildə məbədin binası Bakı batalyonuna, daha sonra isə Salyan polkuna verildi. 1875-ci ildə kilsə Yeparxial idarənin rəhbərliyinə verildi. 1936-cı ildə sözü gedən məbəd Sovet hakimiyyəti tərəfindən bağlanıldı və yataqxanaya çevrildi. Faşizm üzərində qələbədən sonra, 1946-cı ildə kilsənin binası yenidən Rus Pravoslav Kilsəsinə qaytarıldı.

1967-ci ildə məbəddə güclü yanğın baş verdi. Kilsə avadanlıqları, ikonostas, hətta həmin dövrə qədər qorunub saxlanılmış çar dövrünə aid rəsmlər də alovun qurbanı oldu. Həmin dövrün yazılmamış qanunlarına əsasən, kilsənin bağlanmaq və tamamilə dağılmaq təhlükəsi yaranmışdı. Məhz həmin məqamda o zaman Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışan Heydər Əliyevin müdaxiləsi və misilsiz dəstəyi sayəsində məbəd xilas edilərək bərpa olundu.
2020-ci ildə isə məbəd icmasının həyatında həm sevindirici, həm də uzun müddət gözlənilən bir hadisə baş verdi – dövlətin dəstəyi ilə orada təmir-bərpa işlərinə başlandı. Koronavirus infeksiyasının yayılmasının yaratdığı ağır nəticələrə, cəmiyyətin həyatına ciddi təsir edən çoxsaylı məhdudiyyət tədbirlərinin tətbiqinə baxmayaraq kilsədə bərpa işləri həyata keçirildi. Şübhəsiz ki, orada həyata keçirilən tədbirlər də dövlətimizin başçısı, Prezident İlham Əliyevin ölkəmizdəki dini abidələrə göstərdiyi diqqət və qayğının bariz nümunələrindən biridir.
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya “Jen Mironosits” pravoslav kafedral kilsəsi
Bakıdakı Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı Bakı yeparxiyasının mərkəzidir. Kilsə 1909-cu ildə memar M.F. Verjbitskinin layihəsi əsasında rus üslubunda, tanınmış azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsi maliyyə dəstəyi və ianələri hesabına inşa edilmişdir.

1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri oldu, məbədin baş keşişi isə güllələndi. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanmışdır.
1990-cı ildə qanlı Yanvar hadisələri zamanı kilsənin damına iki mərmi düşmüşdü. Nəticədə dam və döşəmə tamamilə dağıldı, çökdü, divarlar isə çatladı. Məbədin yarıdağılmış binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verildi. Bakıda Arxiyerey Kafedrasının təsis edilməsindən sonra kilsədə bərpa işlərinin aparılmasına imkan yarandı. Məbəddə təmir-bərpa işləri aparıldı.
Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksinin Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Açılış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev iştirak edib.

2013-cü il noyabrın 15-də Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral kilsəsinin ərazisində inşa edilmiş Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı baş tutub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsə
Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsə Bakı yeparxiyasının tabeliyindədir. Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilib.

Məbəd 1999-cu ildən 2001-ci ilə kimi yenidənqurma işləri aparılıb. Kilsədə pravoslav ədəbiyyatı ilə zəngin kitabxana, uşaqlar üçün məktəb, həmçinin xeyrat yeməkxanası fəaliyyət göstərir.
“Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” (Günahsız Məryəm Ana) katolik kilsəsi
Bakıda yerləşən Günahsız Məryəm Ana kilsəsi 1912-ci ildə polyak memar Yozef Ploşkonun layihəsi əsasında inşa edilib.

1934-cü ildə isə kilsə bolşeviklər tərəfindən dağıdıldı. Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə, Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra, dini ibadət məqsədilə məbədə ehtiyacı olan katolik icması üçün Bakıda yeni kilsənin tikilməsinə torpaq sahəsi ayrıldı.

Məbəd yenidən inşa olundu, tikinti işləri 2007-ci ilin fevralında başa çatdırıldı. 2008-ci il martın 7-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyeva və Vatikan dövlət katibi kardinal Tarçizio Bertone Bakıda Günahsız Məryəm Ana Katolik kilsəsinin rəsmi açılış mərasimində iştirak ediblər.
“Şəfaətçi İsa Məsih” kiçik katolik kilsəsi
Kilsə “Gənclik” metrosunun yaxınlığındakı katolik prixodunun ikimərtəbəli həyət evində yerləşir.

Həmin 7otaqlı binanın birinci mərtəbəsindəki iri zal “Şəfaətçi İsa Məsih” məbədi üçün ayrılıb. İbadətgahda eyni anda 42 nəfər dini ayin yerinə yetirə bilir. Dini ayinlər rus dilində keçirilir. Bundan başqa kilsənin olduğu binada ordinarinin ofisi və salezian rahiblərinin monastırı qərarlaşıb.
“Xilaskar” Yevangelik-lüteran kilsəsi
“Xilaskar” kilsəsi kimi tanınan Bakıdakı alman lüteran kilsəsi 1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir. Kilsənin 21 mart 1896-cı ildə təntənəli təməlqoyma mərasimi baş tutub. Məbədin inşası Nobel qardaşları da daxil olmaqla dindarların ianələri əsasında və 70.000 rubla başa gəlib. 24 iyun 1898-ci ildə kirxa qülləsinə qızıl suyuna çəkilmiş, 13 pud ağırlığında xaç qaldırılır.

1899-cu ildə kilsədə zınqırovlar və orqan quraşdırıldı, 4 fevral 1899-cu ildə kilsədə ilk orqan musiqisi səsləndirilib. 23 aprel 1900-cü ildə kirxada ilk dini orqan konserti baş tutdu, konsertdə İ.S.Baxın əsərləri səsləndirildi. Sonradan bu konsertlər ənənəyə çevrilərək 1928-ci ilə kimi davam etdirildi.
Müstəqillik illərində kilsə Nazirlər Kabinetinin qərarı ilə “kamera və orqan musiqisi zalı” adlandırılaraq, Azərbaycan Dövlət Filarmoniyasının tabeçiliyinə verilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 mart 2010-cu ildə kamera və orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi və mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə alaraq tikilinin bərpası haqqında sərəncam imzalayır.

2010-cu il dekabrın 30-da Azərbaycan Dövlət Filarmoniyasının Müslüm Maqomayev adına Kamera və Orqan Musiqisi Zalı binasının əsaslı təmirdən və bərpadan sonra açılışı oldu. Açılış mərasimində dövlətimizin başçısı İlham Əliyev və onun həyat yoldaşı xanım Mehriban Əliyeva iştirak etdilər. Azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilən əsaslı təmir və bərpa işləri binanın ilkin üslubunu, onun qədim tarixi memarlıq xüsusiyyətlərini qorumaqla aparılıb.
Hazırda bu kilsə Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı kimi fəaliyyət göstərir.
Mehriban Əliyeva: “Tolerantlıq ənənələrinin qorunması Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir”
Əsrlər boyu qadınlar bəşəriyyətin yaradıcı qüvvəsini təcəssüm etdiriblər – onlar insanları xeyirxahlığa ruhlandırır, mənəviyyatı saflaşdırır və əsrlərlə formalaşmış dəyərləri qoruyublar. Qadınların rolu yalnız dünyanı bəzəmək deyil, onu daha humanist, ədalətli və nurlu etməkdən ibarət olub. Onların hər bir əməli, sözü və addımı insanların talelərində iz buraxır, bəşər övladının həyatını mənalı edir, ümidlə zənginləşdirir.
Bu cür şəxsiyyətlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva xüsusi yer tutur. Onun fəaliyyəti xeyirxahlığın, mərhəmətin və yüksək mənəviyyatın təcəssümüdür. Mehriban xanım öz nümunəsi ilə göstərir ki, ağılın gücünü qəlbin istiliyi ilə, vətənpərvərliyi humanizmlə, müasirliyi isə ənənə ilə birləşdirmək mümkündür.

Şübhəsiz ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi altında və onun başçılıq etdiyi Heydər Əliyev Fondu tərəfindən ölkə daxilində və xaricdə bir sıra dini məbədlərin bərpası və rekonstruksiyası istiqamətində həyata keçirilən fəaliyyətlər dinlərarası dialoq və mədəni irsin qorunması sahəsində olduqca mühüm nümunələrdəndir.

Ölkəmizin Birinci xanımı tərəfindən irəli sürülən təşəbbüslər Azərbaycanın daxili və xarici siyasətində davamlı olaraq sadiq qaldığı dinlərarası dialoq prinsipini dəstəkləyir.


Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan – Tolerantlıq ünvanı” layihəsi çərçivəsində müxtəlif dini məbədlərdə bərpa və restavrasiya işləri görülüb. Bu layihəyə Bakıda yerləşən Müqəddəs Məryəmin Mövludu pravoslav kilsəsi, Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı, Fransanın müxtəlif bölgələrində yerləşən kilsələr, Strasburqdakı XIV əsrə aid kafedral kilsənin vitrajları və Həştərxanda Knyaz Vladimirin abidəsinin ucaldılması daxildir.

Beynəlxalq ictimaiyyət, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Müqəddəs Roma katakombalarının bərpasını müsəlman dünyasının xristian dünyasının müqəddəs abidələrinin qorunmasına verdiyi töhfə kimi dəyərləndirir.


Bu gün dünyada qarşılıqlı anlaşmanın çatışmadığı bir dövrdə Azərbaycan sübut edir ki, müxtəliflik maneə deyil, gücdür. Azərbaycanda tolerantlıq təkcə prinsip deyil, xalqın canlı nəfəsidir; bu ruh hər evdə, hər küçədə və hər qəlbdə əks olunur. Burada başqasına hörmət və ehtiram nümayiş etdirmək heç də çətin deyil, Xəzərdən doğan günəşin saçdığı işıq kimi təbii bir haldır.
Hacı Cavadov