Akademik Nadejda Puçkovskaya: “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi”
Göz insanın qəlbinin, ruhunun aynasıdır. Suya Tanrı üzü görən müqəddəslik kimi baxan türklər min illər boyu gözün nurunu büllura, mirvari suyuna bənzətdilər. Bütün həyatını zülmətə qərq olan gözlərə nur, büllur, mirvari suyu paylamağa həsr edən, yer üzünə Tanrının seçilmiş bəndəsi, qüdrətli dövlət xadimi, səhiyyə təşkilatçısı, Tibb İnstitunun qurucusu, İkinci Dünya Müharibəsində mümkün olmayanları mümkünə çevirənlərin sırasında yer alan polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyevin övladlarının incisi, Ulu Öndər Heydər Əliyevin könlünün sultanı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin anası kimi gələn Zərifə xanım Əliyevanın mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın qüdrəti, əzəməti önündə sükuta dalır, pıçıldayırsan: Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi,tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və monoqrafiyalar yazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar,qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

İridodiaqnostikaya aid kitabları dünya miqyasında qələmə alan ilk alim
Akademik Zərifə Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxşaxəli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır.
Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun “Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.
Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Bu əsərlər arasında “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” kimi əsərləri elmi-ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Alim göz yaşı aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” kimi əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur.
Bununla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu monoqrafiyalardan “İridodiaqnostikanın əsasları” rəngli illüstrasiyalarla “Azərnəşr” tərəfindən, digər monoqrafiya isə “İridodiaqnostika” adı ilə 1988-ci ildə Moskvada nəşr edilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır.

Dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış, peşə oftalmologiyasının əsasını qoymuşdur
Zərifə xanım Əliyeva sözün həqiqi mənasında oftalmologiyanın ilklərə imza atan dahisi idi. O dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmışdı və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır. Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Apardığı elmi-tədqiqat işlərinin nəticələri alimin “Şin istehsalatında gözün peşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Məşhur oftalmoloq akademik M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd etmişdir: “Əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət versəydi, o, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbin rəhbəri ola bilərdi.”

Tibbi etika və deontologiyaya dair məqalə və əsərləri təkcə tibb deyil, bütövlükdə cəmiyyət və insan münasibətlərinə həsr olunmuşdu
Ülvi keyfiyyətlərə malik olan akademik Zərifə Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. O, bu mövzuya dair baxışlarını oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanan “Həkimin yüksək vəzifəsi” və “Oftalmologiyanın aktual problemləri” monoqrafiyalarında ətraflı işıqlandırmışdır. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunmuşdur. Zərifə xanım dəfələrlə deyirdi ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və bəzən dava-dərmandan da güclü təsir göstərir. Zərifə xanım həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Alim həkim-xəstə münasibətlərinə toxunaraq, insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və “həkim xəstənin ən doğma adamıdır” demişdir. Zərifə xanımın tibbi etika və deontologiyaya dair məqalə və əsərləri ilə yaxından tanış olduqda, onun bu sahəyə dair işlərinin daha geniş miqyasda olduğu və təkcə tibbdə deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edildiyi məlum olur.

Oftalmologiya sahəsində M.İ.Averbax adına mükafata layiq görülən ilk alim qadın
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxşaxəli tədqiqatlar aparmış və dəyərli elmi-tədqiqat işləri yazmışdır.
Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etmişdir.
Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva oftalmologiyanın problemləri ilə ciddi məşğul olmuşdur. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri problemi ilə ömrünün sonunadək məşğul olmuşdur. Alim dünyada ilk dəfə olaraq qeyd etdiyimiz kimi peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirmişdir.
Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasına çevrilmişdir. 1976-cı ildə Q. Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini yüksək qiymətləndirmişlər. Onların rəyi əsasında Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Zərifə Əliyeva: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir”
Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşmüşdür.
Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək , hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin “sözlə” müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmannasızlıq təşkil edir.
Şərəf Cəlilli