Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/02/2026

Paylaşın

HƏR ŞEYDƏN

Yaralı turacın səmaya qayıdışı – “Turacı” rəqsinin danışdığı tale

"Turacı" rəqsi

Azərbaycan milli rəqsləri öz zərifliyi, ahəngi, mürəkkəb ifa tərzi və hərəkətlərlə sözsüz hekayə danışmaq qüdrəti ilə dünya xalqlarının rəqs mədəniyyəti içərisində xüsusi yer tutur. Bu rəqslərin hər biri xalqın ruhunu, tarixini və duyğularını özündə yaşadır. Onların arasında elə bir rəqs var ki, hər addımı, hər əl hərəkəti, hər baxışı insanın qəlbinin ən incə tellərinə toxunur. Bu, “Turacı” rəqsidir – sözün susduğu, hisslərin isə rəqsin dili ilə danışdığı nadir sənət nümunələrindən biri.

Şuşanın ruhundan doğulan bu lirik rəqs ilk notlarından etibarən tamaşaçını başqa bir aləmə aparır. O aləmdə nə gurultulu alqış var, nə də təmtəraqlı nümayiş. Orada yalnız təbiət var, azadlıq var və qanadlarının səsinə vurğun olan bir turac…

Rəvayətə görə, Qarabağ hakimi İbrahimxəlil xanın sarayında çıxış edən istedadlı bir rəqqasənin zərif hərəkətlərinə heyran qalan xan ona: “Sən lap turac kimi oynayırsan!” – deyə müraciət edir. Elə o gündən bu zərif rəqs “Turacı” adını alır. Amma zaman keçdikcə bu rəqs təkcə gözəl bir quşun adı ilə deyil, onun taleyi ilə də yaşayır.

“Turacı”nı izləyərkən elə bil səhnədə insan yox, həqiqətən də dağların qoynundan enmiş bir turacı görürsən. O, ehtiyatla meydana çıxır. Boynunu zərifcə yana əyir, sağa-sola baxır. Sanki əmin olmaq istəyir ki, dünya hələ də təhlükəsizdir. Sonra yavaş-yavaş çəmənlikdə gəzir. Hərəkətlərində qəribə bir rahatlıq, azadlığın sevinci var. O, həyatın gözəlliyindən xəbərsiz deyil, əksinə, onun hər anını yaşayır. Lakin xoşbəxtlik uzun çəkmir.

Birdən musiqinin ahəngi dəyişir. Əllərin titrəyişi, dizlərin bükülməsi, baxışların vahiməsi görünməyən bir təhlükənin yaxınlaşdığını xəbər verir. Ovçunun gülləsi turacın qanadına dəyir. Elə bu məqamda “Turacı” artıq rəqs olmaqdan çıxır.

O, ağrıya çevrilir.

Rəqqasənin bədəni torpağa doğru əyildikcə adamın ürəyi sızıldayır. Sanki onunla birlikdə sən bu ağrını hiss edirsən. Əlləri qanad kimi çırpınır, qalxmaq istəyir, amma bacarmır. Hər cəhdində yenidən yerə düşür. Bu, ilk baxışda göründüyü kimi yaralı bir quşun çırpınışı deyil. Bu, həyatın insanı neçə dəfə yıxsa da, yenidən ayağa qalxmaq istəyən ruhunun təsviridir. Yaralı turac Günəşə, Allaha yalvarır. Güc istəyir. Yaşamaq istəyir.

Və rəqsin ən təsirli anı da elə bundan sonra başlayır. Sanki görünməyən bir qüvvə onu ayağa qaldırır. Əvvəlcə ehtiyatla… Sonra bir az inamla… Daha sonra isə bütün əzəməti ilə.

Ağrıyan, sızıldayan qollar yenidən qanada çevrilir. Baş yenidən göyə qalxır.

Addımlar əvvəlkindən daha qürurlu olur. Turac artıq əvvəlki quş deyil. O, ağrını yaşamış, ölümün gözünə baxmış, amma sınmamış bir varlıqdır. Son akkordlarla birlikdə səmaya doğru süzülən hərəkətlər insana elə gəlir ki, o artıq torpağın deyil, işığın quşudur. Günəşə doğru uçur, təbiətə, azadlığa, həyata qovuşur.

“Turacı”nın böyüklüyü də bundadır. O, faciəni ümidsizliklə bitirmir. Əksinə, yaradan sonra sağalmağın, yıxıldıqdan sonra qalxmağın, itirdikdən sonra yenidən yaşamağın mümkün olduğunu söyləyir.

Bəlkə də buna görə bu rəqs dövrlər, zamanlar dəyişsə də köhnəlmir. Çünki hər dövrün öz yaraları, hər insanın öz mübarizəsi var. “Turacı”nı başqa sözlə ifadə etsək, sanki hər hərəkəti ilə deyir ki, qanadı qırılsa belə, uçmaqdan vaz keçməyənlər sonda mütləq səmalara qovuşurlar.

Elə buna görə də “Turacı” təkcə Azərbaycanın ən zərif milli rəqslərindən biri deyil. O, xalqımızın ruhunu, dözümünü, yenidən doğulmaq gücünü yaşadan sənət nümunəsidir. Şuşanın dağlarından yüksələn bu həzin melodiyada aydın görürsən ki, həyatda da ən gözəl uçuşlar məhz ən ağır yıxılışlardan sonra başlayır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyunun 30-da Şəki Dövlət Dram Teatrında talassemiya xəstəliyindən dünyasını dəyişmiş 13 yaşlı Emilin xatirəsinə həsr olunmuş "Onlardan biri:

Ən son

HƏR ŞEYDƏN

Bu, "Turacı" rəqsidir – sözün susduğu, hisslərin isə rəqsin dili ilə danışdığı nadir sənət nümunələrindən

HƏR ŞEYDƏN

Bu, "Turacı" rəqsidir – sözün susduğu, hisslərin isə rəqsin dili ilə danışdığı nadir sənət nümunələrindən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin