Təsəvvür edin ki, valideynlərinizin, yaxud nənənizin toy videosu, uşaqlıq səsiniz yazılmış kaset, ümumilikdə keçmişinizə aid bir neçə saniyəlik ağ-qara görüntülər yoxdur. Bir gün bu görüntülər olmasa, tarixin bir hissəsi səssizcə yox olar.
Baki-baku.az bu yazıda Dünya Audiovizual İrs Gününün önəminə, audiovizual irsin qorunmasının əhəmiyyətinə diqqət çəkir.
27 oktyabr nə üçün seçilib?
2005-ci il oktyabrın 27-si Dünya Audiovizual İrs Günü elan edilib. Tarix təsadüfi deyil. 1980-ci ilin oktyabrın 27-də Belqradda hərəkətli təsvirlərin qorunması üzrə tarixi tövsiyə qəbul olunub. Bu sənəd kino və video materialların mədəni irs kimi dəyərli olduğunu ilk dəfə beynəlxalq səviyyədə tanıyırdı.
Audiovizual irs nədir?
Bura yalnız kinolar daxil deyil. Həmçinin kino və televiziya arxivləri, radio yazıları və musiqi lentləri, sənədli videolar, xalq mahnılarının, mugam ifalarının, şahidlərin xatirələrinin səs yazıları da bu sırada yer alır.
Bunların tarixi kitablardan fərqi səsi, mimikanı, ritmi və atmosferi saxlamasıdır. Mugam ustasının nəfəsini ya da keçmiş şəhər küçəsinin səs-küyünü heç bir mətn tam çatdıra bilməz.

Niyə təhlükə altındadır?
Audiovizual material kağızdan daha kövrəkdir. İlk dövrün nitrat kinolentləri tez alışır və zamanla dağılır. Asetat lentlər “sirkə sindromu” adlanan kimyəvi prosesə məruz qalır, maqnit lentlər isə rütubət və vaxt keçdikcə oxunmaz hala gəlir.
Bundan əlavə yazı bəzən sağ qalır, amma onu oxuyacaq cihaz yoxa çıxır. Köhnə kaset və videomaqnitofonları işlək saxlamaq getdikcə çətinləşir.
Bundan əlavə “hər şey internetdədir” fikri aldadıcıdır. Rəqəmsal fayllar da saxlama mühitinin köhnəlməsi, format dəyişikliyi və sadəcə unudulma səbəbindən itə bilər. Rəqəmsal qorunma bir dəfəlik iş deyil, davamlı prosesdir.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, XX əsrin əvvəllərində çəkilmiş filmlərin böyük hissəsi artıq itirilib. Səssiz kino dövrünün isə çox böyük əksəriyyəti bizə gəlib çatmayıb.
Azərbaycanın kino yaddaşı
Azərbaycanın audiovizual tarixi dünya kino tarixi qədər erkən başlayır. 1898-ci ildə Bakıda fransız operator Aleksandr Mişon Bibiheybət neft fontanının yanğınını lentə aldı. Bu görüntülər Azərbaycanın ilk kino kadrları sayılır. Sonrakı onilliklərdə yaranan filmlər, radio yazıları, ifaçı və aşıqların çıxışları isə bu gün milli kimliyimizin canlı sübutudur.
Biz nə edə bilərik?
Qorumaq yalnız arxivlərin işi deyil. Hər kəs kiçik addımlarla iştirak edə bilər. Bunun üçün ailə arxivindəki köhnə kaset və videoları rəqəmsallaşdırmaq, faylları ən azı iki fərqli yerdə saxlamaq, şəkil və videoları kim, harada, nə vaxt kimi qeydlərlə imzalamaq, yaşlı insanların xatirələrini səsyazısına almaq uyğun addım olar.
Çünki hər gün yaşadığımız anlar sabah kiminsə tarixi olacaq.
Bir sözlə desək, audiovizual irs keçmişin sadəcə şəkli deyil, onun səsidir və bu səs susmamalıdır.