Sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış televiziya jurnalisti və müəllif-aparıcı Fəxriyyə Lilparın “Xəzərin sahilindən… (söz, göz və təfəkkür dalğasında)” adlı kitabının birinci cildi nəşr olunub.
Baki-baku.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan nəşr müəllifin on il ərzində eyniadlı televiziya layihəsində Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin və ictimai fikrinin görkəmli nümayəndələri ilə apardığı müsahibələri əhatə edir.
552 səhifədən ibarət kitabın elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, elmi redaktoru və “Son söz”ün müəllifi filologiya elmləri doktoru, professor Almaz Ülvidir. Nəşrin rəyçiləri Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, məsul redaktoru isə Könül Ələsovadır.
Topluda akademiklər, elm və mədəniyyət xadimləri, yazıçılar, şairlər, rəssamlar, sənət adamları və müxtəlif sahələrdə tanınmış ziyalılarla aparılmış söhbətlər yer alır. Müsahibələrdə milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin inkişafı, Azərbaycan ədəbiyyatı və incəsənəti, türk dünyasının mədəni əlaqələri, ziyalı məsuliyyəti və müasir dövrün aktual ictimai-mədəni məsələləri ətrafında fikir mübadiləsi aparılır.
Nəşrin “ön sözündə vurğulanır ki, “Xəzərin sahilindən…” televiziya layihəsi illər ərzində Azərbaycan ziyalılarının mənəvi portretini yaradan, milli-mədəni yaddaşın qorunmasına və cəmiyyətlə ziyalı arasında intellektual dialoqun inkişafına xidmət edən mühüm ekran layihələrindən birinə çevrilib. Kitab həmin zəngin televiziya irsini yazılı mənbə kimi gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Müəllif kitabın oxucuya təqdimatında qeyd edir ki, bu nəşr təkcə müsahibələr toplusu deyil, həm də müxtəlif nəsillərə mənsub ziyalıların həyat fəlsəfəsini, düşüncə tərzini və milli-mənəvi dəyərlərə münasibətini əks etdirən söz salnaməsidir.
Kitabın elmi redaktoru və “Son söz”ün müəllifi, filologiya elmləri doktoru Almaz Ülvi nəşri müasir Azərbaycan humanitar fikrinin mühüm hadisəsi kimi dəyərləndirərək yazır: “Müasir humanitar elmin qarşısında duran ən mühüm vəzifələrdən biri canlı elmi mühiti, intellektual yaddaşı qorumaq və gələcək nəsillərə fundamental şəkildə ötürməkdir… Fəxriyyə Lilparın oxucuların və elmi ictimaiyyətin mühakiməsinə verdiyi “Xəzərin sahilindən…” adlı birinci kitabı məhz bu böyük intellektual boşluğu doldurmaq məqsədilə ərsəyə gəlmiş dəyərli bir topludur”.
Almaz Ülvi, həmçinin vurğulayır ki, müəllif sadəcə sual-cavab formatı ilə kifayətlənməyib, hər bir müsahibədə şəxsiyyətin yaradıcılıq laboratoriyasını, elmi və mənəvi dünyasını açmağa nail olub. Onun fikrincə, topluda yer alan müsahibələrin hər biri müasir Azərbaycan elminin və mədəniyyətinin canlı vizit kartıdır.
Kitab jurnalistlər, alimlər, filoloqlar, sənətşünaslar, tələbələr, eləcə də Azərbaycan elmi və mədəni irsi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
