Uzun və sağlam ömür sürmək üçün qidalanmada hansı məhsullara üstünlük vermək lazımdır? Dietoloqların diqqət çəkdiyi məhsullardan biri də soya paxlasıdır. Tərkibindəki liflər və izoflavonlar bu bitkini sağlam qidalanmanın dəyərli komponentlərindən birinə çevirir. Dietoloq Tereza Delorenzonun sözlərinə görə, soya paxlası uzunömürlülüyü dəstəkləyən ən faydalı paxlalı bitkilərdən biridir.
Baki-baku.az xəbər verir ki, dietoloq bu barədə “Real Simple” nəşrinə danışıb.
Mütəxəssis bildirir ki, soya həm həll olunan, həm də həll olunmayan qida lifləri ilə zəngindir. Həll olunan liflər qanda xolesterinin səviyyəsinin tənzimlənməsinə kömək edə, ürək-damar xəstəlikləri və diabet riskinin azaldılmasında rol oynaya bilər. Həll olunmayan liflər isə həzm sisteminin fəaliyyətini dəstəkləyir və bağırsaqların normal işləməsinə kömək edir.
Dietoloqun diqqət çəkdiyi digər mühüm məqam soyanın izoflavonlarla zəngin olmasıdır. Bu bitki mənşəli birləşmələr xüsusilə menopauza dövründə qadınların sağlamlığı baxımından əhəmiyyət daşıyır. Onlar menopauza əlamətlərinin yüngülləşdirilməsinə, sümük sağlamlığının və ürək-damar sisteminin qorunmasına kömək edə bilər.
Delorenzonun istinad etdiyi araşdırmalardan birində də soya və izoflavonların daha çox istehlakı ilə ölüm riskinin aşağı olması arasında əlaqə müəyyən edilib. Tədqiqatın nəticələrinə əsasən, soya məhsullarından daha çox istifadə edən bəzi qruplarda bütün səbəblərdən ölüm riski bu məhsulları ən az istehlak edən qrupla müqayisədə təxminən 24–28 faiz aşağı olub.
Bununla belə, mütəxəssislər vurğulayırlar ki, hər hansı bir məhsul təkbaşına uzunömürlülüyə zəmanət vermir. Sağlam qidalanma müxtəlif məhsulların balanslı şəkildə qəbulunu, fiziki fəallığı və zərərli vərdişlərdən uzaq durmağı əhatə edir.
Qeyd edək ki, dietoloq özü ən çox noxuzu sevdiyini bildirsə də, uzunömürlülüyü dəstəkləyən paxlalı bitki kimi məhz soyanı xüsusi vurğulayıb.