Şuşa işğaldan azad olunduqdan sonra artıq altıncı ildir keçirilən Vaqif Poeziya Günləri Azərbaycan mədəniyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri Baki-baku.az-a açıqlamasında Əməkdar artist, bəstəkar Vüqar Camalzadə deyib.
O bildirib ki, Vaqif Poeziya Günləri çərçivəsində təkcə poetik tədbirlər deyil, müxtəlif mədəni istiqamətləri əhatə edən layihələr, maraqlı təşəbbüslər və eksperimental işlər də həyata keçirilir.
Vüqar Camalzadə xatırladıb ki, 2023-cü ildə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Şuşada Xan qızı Natəvanın evinin qarşısında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə onun müəllifi olduğu “Dövri səda” adlı konsert proqramı təqdim edilib.
Bəstəkarın sözlərinə görə, proqramda Azərbaycan ədəbiyyatının klassikləri – Nizami Gəncəvi, Xaqani Şirvani, Mirmövsüm Nəvvab və başqa şairlərin qəzəllərinə bəstələdiyi əsərlər Azərbaycan xanəndələrinin ifasında səsləndirilib.
Əməkdar artist qeyd edib ki, Vaqif Poeziya Günlərində musiqili, teatr və poetik tədbirlərin bir arada təqdim olunması iştirakçılarda yüksək mənəvi ovqat yaradır.
“Belə tədbirlər insanlarda böyük ruh yüksəkliyi formalaşdırır, eyni zamanda Azərbaycan tarixinin, mədəniyyətinin və milli-mədəni irsinin inkişafı üçün mühüm zəmin yaradır”, – deyə Vüqar Camalzadə bildirib.
Xanım Aydın