Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/18/2026

Paylaşın

HƏR ŞEYDƏN

Viktoriya şəlaləsi: Planetin ən gur səsli mənzərəsi

Водопад Виктория, Viktoriya şəlaləsi

Elə yerlər var ki, onları bir dəfə görən insan ömrü boyu unuda bilmir. Viktoriya şəlaləsi də məhz belə təbiət möcüzələrindəndir. Onun gurultusu kilometrlərlə uzaqdan eşidilir, su damcılarından yaranan nəhəng buludlar isə göyə yüksələrək tüstünü xatırladır. Təsadüfi deyil ki, yerli xalqlar bu şəlaləni “Mosi-oa-Tunya” adlandırırlar. Bu ad “Guruldayan tüstü” mənasını verir və onun xarakterini tam əks etdirir. Burada qüdrətli Zambezi çayı böyük güclə dərin dərəyə tökülərək heyrətamiz mənzərə yaradır. Nəhəng su kütlələri gurultu ilə qayalara çırpılır, yaranan su dumanı isə yüzlərlə metr yüksələrək onlarla kilometr uzaqdan görünür. Uzaqdan baxanda sanki üfüqdə böyük bir yanğının tüstüsü qalxır. Əslində isə bu, sudur.

Yüz əlli ildən artıqdır ki, Viktoriya şəlaləsi dünyanın hər yerindən gələn səyyahları valeh edir və haqlı olaraq Afrikanın ən məşhur görməli yerlərindən biri hesab olunur.

Şəlalə Zambiya ilə Zimbabve arasında təbii sərhəd rolunu oynayan Zambezi çayı üzərində yerləşir. Afrikanın ən böyük çaylarından biri burada bazalt yaylasında yaranmış dar yarğana böyük sürətlə tökülür. Bu, o qədər qeyri-adi mənzərədir ki, bir çox turistlər ilk dəfə gördüklərində gözlərinə inana bilmir. Sakit və geniş çay sanki birdən-birə yerin altına yox olur.

Ölçülərinə görə Viktoriya dünyanın ən məşhur şəlalələri arasında xüsusi yer tutur. Onun eni təxminən 1708 metrə, suyun düşmə hündürlüyü isə 108 metrə çatır. Məhz bu en və hündürlük tandem onu dünyanın ən böyük fasiləsiz su pərdəsinə çevirir. Yağış mövsümündə hər dəqiqə şəlalədən 500 milyona qədər litr su keçir. Bu qədər suyun miqyasını yalnız onun yaratdığı gurultunu eşidəndə təsəvvür etmək mümkündür.

Heç də təəccüblü deyil ki, şəlalənin səsi kilometrlərlə uzaqdan eşidilir, su dumanı isə 500 metrə qədər yüksələ bilir. Havanın açıq olduğu günlərdə onu 50 kilometr məsafədən görmək mümkündür. Buna görə də bir çox səyyahlar Viktoriyanı yanına çatmamışdan xeyli əvvəl görürlər.

Bu məkanın tarixi isə insanların yaranışından çox əvvəl başlayıb. Milyonlarla il əvvəl Cənubi Afrikanın bu hissəsində güclü vulkanik proseslər baş verib. Nəticədə geniş bazalt yaylaları formalaşdı. Zaman keçdikcə Zambezi çayının suları sərt qayaları aşındıraraq dərin yarğanlar və kanyonlar yaratdı. Beləliklə, bu gün planetin ən möhtəşəm geoloji obyektlərindən biri hesab olunan unikal təbii kompleks meydana gəldi.

Водопад Виктория, Viktoriya şəlaləsi

Maraqlıdır ki, indiki Viktoriya şəlaləsi bu ərazidə yaranan ilk şəlalə deyil. Alimlər müəyyən ediblər ki, yüz minlərlə il ərzində şəlalə tədricən çayın yuxarı hissəsinə doğru geri çəkilib. Bunu müasir şəlalənin aşağı hissəsində yerləşən səkkiz dərin dərənin mövcudluğu sübut edir. Həmin dərələrin hər biri vaxtilə şəlalənin yerləşdiyi yer olub. Başqa sözlə, Viktoriya daim hərəkətdədir. Mütəxəssislər hesab edirlər ki, minlərlə ildən sonra onun yeri yenidən dəyişəcək və çay üzərində yeni şəlalə yaranacaq.

Zambezi sahillərində yaşayan xalqlar üçün bu məkan həmişə xüsusi əhəmiyyət kəsb edib. Avropalılar isə şəlalə haqqında yalnız 1855-ci ildə məlumat əldə ediblər. Həmin il şotlandiyalı tədqiqatçı və missioner Devid Livinqston həmin əraziyə gedib. Gördükləri onu o qədər heyrətləndirdi ki, şəlaləyə Britaniya kraliçası Victoryianın adını verdi. Livinqston öz qeydlərində buranı həyatında gördüyü ən möhtəşəm təbiət möcüzələrindən biri adlandırmışdı.

Viktoriyanın əzəməti isə yalnız ölçüləri ilə məhdudlaşmır. Şəlalə öz ətrafında özünəməxsus mikroiqlim yaradıb. Daim havaya qalxan su damcıları nəticəsində burada sıx və rütubətli meşə formalaşıb. Bir çox bitkilər lazım olan suyu yağışdan deyil, məhz havadakı su dumanından alır. Hətta quraq mövsümdə belə burada yüksək rütubət qalır və hava ətrafdakı savannalarla müqayisədə daha sərin olur.

Bu unikal təbiət hadisəsi sayəsində şəlalə ətrafı çoxsaylı heyvan və quş növləri üçün yaşayış məkanına çevrilib. Burada fillərə, zürafələrə, camışlara, zebralara, antiloplara, begemotlara və timsahlara rast gəlmək mümkündür. Sərhədin hər iki tərəfində yerləşən milli parklar təkcə şəlaləni deyil, onun ətrafında yaranmış zəngin ekosistemi də qoruyur. Xüsusilə nadir quş növləri böyük əhəmiyyət daşıyır və onların bir hissəsi nəsli kəsilmək təhlükəsi altındadır.

Şəlalənin üzərindəki səma da çox maraqlıdır. Havada daim çoxlu su damcıları olduğu üçün burada demək olar ki, hər gün göy qurşağı görünür. Bəzən eyni anda bir neçə göy qurşağını müşahidə etmək mümkün olur. Ən nadir hadisələrdən biri isə ay qurşağıdır. Bu, dolunay gecələrində Ay işığının su damcılarında əks olunması nəticəsində yaranır. Ay qurşağı Afrikanın ən qeyri-adi təbiət hadisələrindən biri hesab edilir.

XX əsrin əvvəllərində şəlalənin yaxınlığında regionun daha bir simvolu meydana gəldi – Viktoriya-Fols körpüsü. Körpü 1905-ci ildə Britaniya imperiyası dövründə istifadəyə verilib. Mühəndislər onu elə layihələndirmişdilər ki, körpüdən keçən qatarlar birbaşa su dumanının içindən keçsin. Bu gün körpü bölgənin əsas turistik məkanlarından biridir və ekstremal istirahət həvəskarlarını özünə cəlb edir. Dünyanın ən məşhur “bungee jumping” tullanışlarından biri də məhz burada, yüz metrdən çox yüksəklikdən həyata keçirilir.

Hətta bu macəra da “Şeytan hovuzu” (Devil’s Pool) kimi tanınan məşhur məkandan geri qalır. Bu təbii hovuz Zambiya tərəfində, şəlalənin lap kənarında yerləşir. Suyun səviyyəsinin aşağı olduğu mövsümdə turistlərə bu hovuzda üzməyə icazə verilir. Onları yüz metrdən artıq dərinliyə düşməkdən yalnız kiçik qayalıq sədd ayırır. Kənardan baxanda insanın uçurumun bir addımlığında dayandığı təsiri yaranır. Elə buna görə də burada çəkilən şəkillər Afrikanın ən məşhur turistik fotolarından sayılır.

Viktoriya şəlaləsi yalnız gözəlliyi ilə deyil, həm də elmi əhəmiyyəti ilə seçilir. Arxeoloqlar bu ərazidə milyonlarla il əvvələ aid daş alətlər aşkar ediblər. Bu tapıntılar göstərir ki, qədim insanlar çox erkən dövrlərdən burada yaşayıblar. Beləliklə, bu məkanın tarixi həm geoloji dövrləri, həm də insanlığın ilk inkişaf mərhələlərini əhatə edir.

Şəlalənin dünya miqyasında əhəmiyyəti 1989-cu ildə rəsmi şəkildə təsdiqlənib. Həmin il Viktoriya şəlaləsi və ətraf ərazilər UNESCOnun Dünya İrsi Siyahısına daxil edilib. Təşkilatın ekspertləri onun unikal geoloji proseslərini, təbii dəyərini və bənzərsiz gözəlliyini xüsusilə qeyd ediblər. Bu gün Viktoriya Yer kürəsinin ən görkəmli təbiət abidələrindən biri hesab olunur.

Texnologiyaların sürətlə inkişaf etdiyi, dünyanın istənilən nöqtəsini telefon ekranından görməyin mümkün olduğu bir dövrdə belə Viktoriya şəlaləsi insanları heyrətləndirməyə davam edir. Burada insan təbiətin gücünü daha dərindən hiss edir. Suyun gurultusu, sonsuz görünən su dumanı, dərələrin üzərində yaranan göy qurşaqları və Zambezi çayının qüdrəti sanki Yer tarixinin ən qədim səhifələrindən birini göz önündə canlandırır.

Bəlkə də elə buna görə milyonlarla insan Viktoriyanı sadəcə şəlalə deyil, əsl təbiət möcüzəsi hesab edir. Burada su, daş və zaman milyonlarla il ərzində birlikdə çalışaraq planetimizin ən möhtəşəm mənzərələrindən birini yaradıb.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İslam İnkişaf Bankı (İsDB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir "Dostluq" ordeni ilə təltif edilib.

Ən son

HƏR ŞEYDƏN

Elə yerlər var ki, onları bir dəfə görən insan ömrü boyu unuda bilmir. Viktoriya şəlaləsi

HƏR ŞEYDƏN

Elə yerlər var ki, onları bir dəfə görən insan ömrü boyu unuda bilmir. Viktoriya şəlaləsi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin