Heydər Əliyev epoxası yalnız bir Liderin əzəməti ilə deyil, həm də onun yetişdirdiyi Siyasi Varisin fəaliyyəti ilə yadda qaldı
Milli mənlik, milli kimlik və milli dövlətçilik tariximizə yazılan elə faktlar var ki, onlar bilavasitə Əbədi İstiqlalımızın taleyini həll edən amillərdən olmuşdur. Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk illər dərin siyasi və sosial təlatümlərlə yadda qalmışdır. Ölkədə idarəetmədə yaranan böhran, daxili çəkişmələr və regionlarda separatizm meyillərinin güclənməsi milli dövlətçiliyin taleyini ciddi sual altına almışdı.
İctimai-siyasi institutlar iflic vəziyyətə düşmüş, rəhbərlikdəki legitimlik böhranı ölkəni parçalanmanın və xaosun astanasına gətirib çıxarmışdı.Belə ağır şəraitdə xalqın ümid yeri kimi siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin missiyası yalnız böhranı aradan qaldırmaqla məhdudlaşmadı. Bu dönüş həm də Azərbaycanın gələcək inkişaf yolunu müəyyən edən yeni dövlətçilik strategiyasının və milli ideologiyanın əsasını qoydu. Məhz bu səbəbdən 15 İyun – Milli Qurtuluş Günü kimi tarixə yazıldı.
Bu səbəbdən o Azərbaycanın müasir dövlətçilik tarixində sadəcə siyasi dönüş nöqtəsi deyil, həm də milli dövlətçiliyin bərpası və möhkəmləndirilməsinin əsasını qoyan, dövlətçilik tarixində yeni bir səhifə açan mühüm hadisə kimi qəbul edilir. Bu gün xalqımızın öz tarixi yaddaşına, dövlətçiliyinə və milli kimliyinə sahib çıxmasının konkret təcəssümüdür. Əgər 1991-ci ildə əldə edilən müstəqillik hüquqi və simvolik bir status idisə, 1993-cü ildən başlayan yeni mərhələ bu müstəqilliyin məzmun və forma baxımından reallaşdırılmasına yönəldi.

Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkə daxilində siyasi sabitlik bərpa edildi
1993-cü il iyunun 4-də baş verən Gəncə hadisələri yeni yaranmış Azərbaycan dövlətçiliyinin mövcudluğunu sual altına alan vətəndaş qarşıdurması nümunəsinə çevrilmişdi. Surət Hüseynovun rəhbərlik etdiyi silahlı dəstələrin mərkəzi hakimiyyətə qarşı üsyanı nəticəsində konstitusiya quruluşu faktiki olaraq pozulmuşdu.
Dövlət orqanlarının fəaliyyəti iflic vəziyyətinə düşmüş, regionlarda mərkəzi hakimiyyətə tabeçilik zəifləmiş və ölkə genişmiqyaslı siyasi böhranla üz-üzə qalmışdı. Qlobal və regional güc balansının yenidən formalaşdığı belə bir məqamda xalqın istəyi və dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin Bakıya dönüşü strateji qərar kimi tarixə düşmüşdür. Ulu Öndərin öncə Gəncəyə səfər etməsi, daha sonra 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi idarəetmədə siyasi legitimlik və institusional sabitliyin bərpası istiqamətində mühüm dönüş nöqtəsi oldu. Heydər Əliyevin siyasi uzaqgörənliyi və idarəetmədə sistemli yanaşması sayəsində qısa zaman ərzində ölkədə sabitlik təmin edildi, hüquqi dövlət və bazar iqtisadiyyatı modellərinin tətbiqi istiqamətində ardıcıl addımlar atıldı. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkə daxilində siyasi sabitlik bərpa edildi, konstitusiyanın əsasları möhkəmləndi, xarici siyasət prioritetləri müəyyən olundu və iqtisadi islahatların təməli qoyuldu. Bu proseslər bir daha sübut etdi ki, həqiqi müstəqillik yalnız xarici güclərdən azad olmaq deyil, həm də daxili nizam-intizam, hüquqi legitimlik və milli maraqlara əsaslanan idarəetmə mədəniyyətidir.

Heydər Əliyev: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında təmin olunmalıdır”
Ulu Öndərin 1993-cü il 15 iyun tarixli çıxışı Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin ideoloji bünövrəsi olmaqla, milli şüurun, siyasi məsuliyyətin və hüquqi təfəkkürün formalaşmasında mühüm rol oynamışdır. Ulu Öndər bu çıxışında yalnız Ali Sovetin Sədri vəzifəsini qəbul etməklə kifayətlənməmiş, həm də xalq qarşısında tarixi öhdəlik götürərək, dövlətçiliyin əsas prinsiplərini bəyan etmişdir.
1993-cü ilin o dəhşətli günlərində Azərbaycanın mürəkkəb vəziyyətini dərk edən Heydər Əliyev xalqın milli maraqlarını rəhbər tutaraq dövlət müstəqilliyinin qorunmasını və möhkəmləndirilməsini ali vəzifə kimi qəbul etmişdi. Onun “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında təmin olunmalıdır” fikri yalnız tarixi varisliyi deyil, həm də dövlət quruculuğunda ideoloji dayaq nöqtəsinin mövcudluğunu göstərirdi.
Heydər Əliyevin xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluşumuzun ən böyük təntənəsi idi. Bundan sonra isə mütəfəkkir dövlət xadimi kimi o, tarix yazdı. Zərgər dəqiqliyi ilə hadisələri idarə etməyi, strateji hədəfə yönləndirməyi uğurla bacardı. Həmin dövrlərdə Heydər Əliyevin söylədiyi hər bir kəlmə sonradan aforizmə çevrildi. Azərbaycanın taleyüklü problemi olan Qarabağ məsələsinin həllində mühüm addımlar atıldı. Heydər Əliyevin siyasi dühası ilə Atəşkəs Sazişi imzalandı, ölkə daxilində siyasi sabitlik əldə edildi, balanslaşdırılmış xarici siyasət kursu müəyyənləşdirildi, neft sazişinin bağlanması üçün münbit şəarit yaradıldı və nəticədə “Əsrin müqaviləsi” imzalandı, iqtisadi inkişaf təmin edildi, qeyri-neft sektorunun inkişafı ilə bağlı addımlar atıldı, inflyasiyanın qarşısı alındı, manatın sabitliyi təmin olundu,ordu quruculuğu həyata keçirildi,demokratik dəyərlər və siyasi plüralizm təmin edildi. Milli Qurtuluş Günü kimi tarixə düşən 15 İyun Azərbaycanın müstəqillik tarixində yalnız bir siyasi dönüş nöqtəsi deyil, həm də tarixi Zəfərin təməldaşı və strateji bünövrəsi oldu. Məhz həmin gün Azərbaycan parlamentində çıxış edən Heydər Əliyev sonrakı illərdə həyata keçirəcəyi siyasi kursun əsas tezislərini irəli sürdü. Bu çıxışda səsləndirilən fikirlər zamanla öz təsdiqini tapdı,siyasi praktikada gerçəkləşdi. Heydər Əliyev epoxası yalnız bir liderin əzəməti ilə deyil, həm də onun yetişdirdiyi Siyasi Varisin fəaliyyəti ilə yadda qaldı. İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi bu missiyanı uğurla yerinə yetirdi. Prezident İlham Əliyevin ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyeva ilə formalaşan siyasi gücü müasir Azərbaycanın dövlətçilik tarixində nümunəyə çevrildi.

Bu, yalnız hərbi qələbə deyil, həm də milli ləyaqətin və tarixi ədalətin bərpası idi
Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Prezident İlham Əliyev “Gülüstan”, “Türkmənçay” dəhşətlərindən sonra hərbi-siyasi iradə ilə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdi. Bu, yalnız hərbi qələbə deyil, həm də milli ləyaqətin və tarixi ədalətin bərpası idi. Eyni zamanda İlham Əliyev Ulu Öndərin “Bir millət, iki dövlət” nidasının Türkiyə-Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin etdi. Bu münasibətlər yalnız diplomatik deyil, həm də hərbi və geosiyasi baxımdan yeni üfüqlər açdı. Türkiyə-Azərbaycan qardaşlığı regional sabitliyin və güc balansının əsas dayaqlarından birinə çevrildi. Şuşa şəhərinin azad olunması ilə Prezident İlham Əliyev həm də Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Bu hadisə yalnız hərbi əməliyyatın uğuru deyil, həm də tarixi yaddaşın və milli kimliyin bərpası kimi qiymətləndirilir. Türkiyə Cümhuriyyəti ilə hərbi-siyasi müttəfiqliyimizin mühüm təzahürü olan “Şuşa Bəyannaməsi”nin 2021-ci il iyunun 15-də imzalanması təsadüfi deyildi. Bu tarixin Azərbaycanın müasir dövlətçiliyinin dönüş nöqtəsi olan Milli Qurtuluş Günü ilə üst-üstə düşməksi həm rəmzi, həm də strateji məna daşıyırdı. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladığı bu sənəd iki dövlət arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqlədi. Bəyannamədə xüsusi olaraq vurğulanan məqamlardan biri tərəflərin 13 oktyabr 1921-ci il tarixli “Qars müqaviləsi”nə sadiqliklərini bir daha təsdiq etməsidir. Bu vurğulama, yalnız hüquqi və diplomatik bağlılıq deyil, həm də tarixi yaddaşa və siyasi irsə sədaqətin ifadəsidir.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası yalnız humanitar və hüquqi məsələ deyil, həm də geosiyasi və ideoloji bir platformadır
Heydər Əliyevin dövlətçilik ideologiyasının əsas sütunlarından biri olan tarixi və siyasi varislik prinsipi bu gün uğurla həyata keçirilir. Tarixi irsimizə həssas münasibət dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qarabağ probleminin həllindən sonra əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtması məsələsi siyasi gündəmin əsas istiqamətlərindən birinə çevrilmişdir.Qərbi Azərbaycana Qayıdış Konsepsiyası yalnız humanitar və hüquqi məsələ deyil, həm də geosiyasi və ideoloji mahiyyət daşıyan bir platformadır ki, onun da təməlini məhz Ulu Öndər Heydər Əliyev qoymuşdur.

İlham Əliyev: “Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq”
Tarixinin yeni mərhələsində Azərbaycan dövləti müasir qlobal baxışları, rəqəmsal çağırışları və innovativ yanaşmaları rəhbər tutaraq öz inkişaf hədəflərinə doğru inamla irəliləyir. Bu mərhələdə əsas milli prioritet və strateji hədəf Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, işğaldan azad edilmiş yaşayış məskənlərinin bərpası və həmin ərazilərin ölkənin iqtisadi və sosial həyatına reinteqrasiyasıdır. Prezident İlham Əliyev 2022-ci il oktyabrın 5-də Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda bu barədə qeyd etmişdir: “Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır.”

Ulu Öndərin Respublikaya rəhbərlik etdiyi illərdə şəhərsalma və memarlıq sahəsində sistemli dövlət siyasəti həyata keçirilmişdir
XX əsr Azərbaycanda şəhərsalma və memarlığın inkişafında mühüm mərhələ kimi xarakterizə olunur. Bu dövrdə şəhərlərin planlı şəkildə inkişafı, urbanizasiya proseslərinin tənzimlənməsi və milli memarlıq ənənələrinin müasir yanaşmalarla sintezi xüsusi diqqət mərkəzində olmuşdur.
Görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun fəaliyyəti nəticəsində milli memarlıq məktəbinin formalaşması təmin edilmişdir. Onların yaratdığı üslub milli dəyərləri qorumaqla yanaşı, müasir şəhərsalma prinsiplərinin tətbiqinə də zəmin yaratmışdır.
Ulu Öndər Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi illərdə şəhərsalma və memarlıq sahəsində sistemli dövlət siyasəti həyata keçirilmiş, tarixi-memarlıq irsinin qorunması, abidələrin bərpası və şəhərsalma fəaliyyətinin institusional əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu siyasət müstəqil Azərbaycanın urban inkişaf strategiyasının formalaşmasında əsas baza rolunu oynamışdır.
Bu gün Azərbaycan həmin zəngin şəhərsalma ənənələrini müasir dövrün tələbləri ilə uzlaşdıraraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti ölkənin bütün regionlarını əhatə edir.
Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Bunun bariz nümunəsi kimi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsini, onun ölkəmizdə yüksək səviyyədə təşkilini göstərmək olar.

Bu, həm də Heydər Əliyevin zəngin irsinə, onun azərbaycançılıq məfkurəsinə və dövlətçilik ənənələrinə olan dərin hörmətin ifadəsidir
Tarixi Qayıdışın reallığa çevrildiyi müasir dövrdə Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək milli ideyaların həyata keçirilməsində fəal iştirak edir. Bu, həm də Ulu Öndər Heydər Əliyevin zəngin irsinə, onun azərbaycançılıq məfkurəsinə və dövlətçilik ənənələrinə olan dərin hörmətin ifadəsidir.
Üstündən 33 il ötəndən sonra belə xalqımız Ulu Öndərin xilaskarlıq missiyasını yüksək qiymətləndirir və qürur hissi ilə qeyd edir: 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanıldığı, milli həmrəyliyin təntənəsinə çevrildiyi müqəddəs tarixdir.
Şərəf Cəlilli