Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 17-də “Şuşa gecələri – interaktiv poeziya saatı” gerçəkləşib.
Baki-baku.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, yazıçı İlqar Fəhmi tədbiri açaraq poeziya bayramının əhəmiyyəti barədə danışıb.
Sonra tədbir AYB-nin Poeziya sekiyasının sədri şair İbrahim İlyaslı və birliyin Gənclər Şurasının sədri yazar Fərid Hüseynin moderatorluğu ilə davam edib.
Ədəbi-bədii gecədə şairlər Səlim Babullaoğlu, Rəsmiyyə Sabir, Məhəmməd Turan, İntiqam Yaşar, Narıngül Nadir, Gəray Göyyurd, Mustafa Rasimoğlu, Elşad Ərşadoğlu, Hafiz Hacıxəlil, Nadir Yalçın, Güləmail Murad, Xatirə Fərəcli və başqaları şeirlərini səsləndiriblər. Daha sonra qiraətçilərin ifasında Azərbaycan poeziyasından klassik nümunələr oxunub. Poeziya axşamında şairlərin səsləndirdiyi poetik nümunələri tarda Səxavət Məmmədov müşayiət edib.

