“Üzüklərin hökmdarı: Hakimiyyət üzükləri” (The Lord of the Rings: The Rings of Power) serialının üçüncü mövsümü “Amazon Prime Video” platformasında yayıma başlayıb. Yeni mövsüm əvvəlki hissələrlə müqayisədə daha qaranlıq atmosferi, müharibə səhnələri və gərgin hadisələri ilə diqqət çəkir.
Con D. Peyn və Patrik Makkeyin şou-rəhbərliyi ilə ərsəyə gələn serial Con Ronald Ruel Tolkinin məşhur əsərləri əsasında çəkilib. Hadisələr Orta Dünyada cərəyan edir. Sauron elflərə qarşı genişmiqyaslı müharibəyə hazırlaşır, doqquz üzüyün sahiblərini axtarır və öz hakimiyyətini gücləndirməyə çalışır. Bu arada Qaladriel və onun müttəfiqləri qaranlıq qüvvələrə qarşı mübarizəni davam etdirirlər. Cırtdanlar səltənətində taxt uğrunda mübarizə, insanların dünyasında isə siyasi intriqalar və xəyanətlər baş verir.
Yeni mövsümdə Daniel Ueymanın canlandırdığı Qandalf obrazı da hadisələrin mühüm iştirakçısına çevrilir.
Tənqidçilərin fikrincə, serialın yeni mövsümü daha tutqun və sərt atmosferi ilə seçilsə də, çoxsaylı paralel süjet xətlərinin hadisələrin inkişaf tempini zəiflətməsi əvvəlki mövsümlərdən qalan problemlər sırasındadır. Bununla belə, möhtəşəm döyüş səhnələri, vizual effektlər və Tolkinin yaratdığı fantastik dünyanın zənginliyi ekran əsərinin əsas üstünlükləri olaraq qalır.
2022-ci ildə ilk mövsümü təqdim olunan layihə televiziya tarixinin ən bahalı seriallarından biri hesab olunur. Yeni mövsüm isə həm Tolkin yaradıcılığının pərəstişkarları, həm də fantastik janrın sevənləri üçün Orta Dünyaya yenidən qayıtmaq imkanı yaradır.