Bu gün – noyabrın 20-də Azərbaycanın yaxın tarixinin ən ağır və faciəli hadisələrindən biri olan Qarakənd faciəsinin 35-ci ildönümüdür. 1991-ci ilin həmin günündə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın hərbi helikopterinin vurulması nəticəsində ölkənin bir sıra tanınmış dövlət xadimləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və jurnalistləri həyatını itirib.
1991-ci il noyabrın 20-də Azərbaycanın dövlət nümayəndə heyəti Dağlıq Qarabağda yaranmış vəziyyətlə tanış olmaq, bölgədəki gərginliyi müzakirə etmək və hadisələrin qarşısını almaq məqsədilə helikopterlə Xocavənd istiqamətində hərəkət edirdi. Göyərtəsində dövlət və hökumət nümayəndələrinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, jurnalistlərin olduğu “Mi-8” tipli hərbi helikopter Qarakənd kəndi yaxınlığında vuruldu.
Faciə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı həlak oldu. Bu hadisə Azərbaycanın dövlət idarəçiliyinə, siyasi elitasına və milli mətbuatına ağır zərbə vurdu. Ölkə bir gündə bir sıra nüfuzlu dövlət xadimlərini, peşəkar jurnalistləri və hərbi heyət üzvlərini itirdi.
Qarakənd faciəsində həlak olanlar:
- Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi;
- İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror;
- Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri;
- Zülfi Saleh oğlu Hacıyev – baş nazirin müavini;
- Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili;
- Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili;
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri;
- Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini;
- İqor Aleksandroviç Plavski – DQMV-nin prokuroru;
- Vladimir Vladimiroviç Kovalyov – DQMV Daxili İşlər İdarəsinin rəisi;
- Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi;
- Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı;
- Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirinin müavini;
- Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru;
- Oleq Nikolayeviç Koçerev – polkovnik-leytenant;
- Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi;
- Alı Mustafa oğlu Mustafayev – telejurnalist;
- Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısı;
- Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator;
- Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri;
- Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü;
- Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.
Qarakənd faciəsi Azərbaycan tarixində yalnız bir helikopterin vurulması ilə nəticələnən hadisə deyil. Bu, ölkənin müstəqilliyinin ilk illərində üzləşdiyi ağır siyasi və hərbi sınaqların, Qarabağ münaqişəsinin doğurduğu faciələrin yaddaşında xüsusi yer tutan qanlı səhifədir.
Aradan 35 il keçsə də, həmin gün həyatını itirən 22 insanın xatirəsi xalqımızın yaddaşında yaşayır. Onların hər biri Azərbaycanın tarixində öz adı, fəaliyyəti və xidmətləri ilə iz qoyub.
Qarakənd faciəsi unudulmayan tarix, yaddaşımızdan silinməyən ağrıdır.