Bəzən filmin qorxulu olub-olmadığını anlamaq üçün tənqidçilərin rəylərinə deyil, tamaşaçıların ürək döyüntülərinə baxmaq kifayətdir. Məhz bu üsulla aparılan araşdırmanın nəticələrinə görə, amerikalı rejissor və ssenarist Skott Derriksonun “Sinister” filmi tarixin ən qorxulu ekran əsəri seçilib.
Baki-baku.az xəbər verir ki, Böyük Britaniyanın “Science of Scare” (“Qorxu elmi”) layihəsinin araşdırmasına əsasən, “Sinister” artıq dörd ildir qorxu filmləri reytinqində liderliyini qoruyur.
Siyahıda ikinci yeri Rob Sevicin “Astral. Onlayn”, üçüncü yeri isə Kayl Edvard Bollun “Skinamarink” filmi tutub.
Maraqlıdır ki, 2026-cı ildə çəkilmiş yeni qorxu filmlərindən heç biri tarixin ən qorxulu 25 filmi sırasına düşməsə də, bəziləri ilk 50-likdə yer alıb. Yeni ekran əsərləri arasında Ayen Tuasonun “Yarımton” filmi birinci olub. Ümumi siyahıda 33-cü yerdə qərarlaşan film Karri Barkerin “Obsessiya” ekran əsərini geridə qoyub. “Obsessiya” reytinqdə 35-ci yerdədir.
Qəfil qorxutma səhnələri üzrə siyahıda da dəyişiklik baş verib. 2020-ci ildən bəri bu kateqoriyada lider olan Ceyms Vanın “Astral” filmindəki səhnəni bu il Zak Kreqqerin “Resident Evil” filmindəki səhnə geridə qoyub.
Bəs bu filmlərin insanları nə dərəcədə qorxutduğu necə müəyyənləşdirilir?
“Science of Scare” komandası hər il ingilisdilli qorxu filmlərini seçərək onları bir neçə həftə ərzində 250 nəfərlik tamaşaçı qrupuna nümayiş etdirir. İştirakçıların ürək döyüntüləri xüsusi cihazlarla izlənilir, nəbzin orta hesabla nə qədər yüksəldiyi, ürək ritmindəki ən böyük sıçrayış və ürək döyüntülərinin dəyişkənliyindəki azalma ölçülür.
Bu göstəricilər əsasında filmlərin “qorxu indeksi” hesablanır. Beləliklə, ekrandakı dəhşətin təsiri yalnız tamaşaçıların təəssüratları ilə deyil, bədənin verdiyi reaksiyalarla da qiymətləndirilir.
Görünür, bəzi filmlərdə qorxunu gizlətmək mümkün olsa da, ürək döyüntülərini aldatmaq o qədər də asan deyil.