Romanın çoxsaylı görməli yerləri arasında hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla insanı özünə cəlb edən bir məkan var. Söhbət İtaliyanın ən məşhur fontanı və dünyanın ən gözəl fəvvarələrindən biri hesab olunan Trevi fontanından gedir. Onun möhtəşəm görünüşü, zəngin tarixi və romantik əfsanələri bu məkanı Əbədi Şəhərin rəmzlərindən birinə çevirib.

Fontanın tarixi iki min ildən çox əvvələ gedib çıxır. Hələ eramızdan əvvəl 19-cu ildə qədim romalılar şəhərin mərkəzinə təmiz su gətirmək üçün Akva Virqo akvedukunu inşa etmişdilər. Məhz bu su mənbəyi sonradan məşhur fontanın yaradılmasının əsasını təşkil edib. Trevi fontanı müasir görkəmini XVIII əsrdə alıb. Tikintisi təxminən otuz il davam edib. Bu gün onun hündürlüyü 26 metrə çatır ki, bu da onu Romanın ən böyük fontanına çevirir.
Kompozisiyanın mərkəzində okeanlar tanrısı Okean yerləşir. O, dəniz ilbizinin qabığını xatırladan arabada dayanıb. Arabanı iki dəniz atı çəkir. Onlardan biri sakit, digəri isə həyəcanlı vəziyyətdə təsvir olunub. Heykəltəraşlar bununla dənizin dəyişkən xarakterini göstərmək istəyiblər. Çünki dəniz bəzən sakit, bəzən isə olduqca coşqun ola bilir.
Trevi fontanı dünya şöhrətini yalnız memarlıq gözəlliyinə görə qazanmayıb. Onunla bağlı məşhur bir ənənə də var. İnanclara görə, fontana bir sikkə atan insan yenidən Romaya qayıdır, iki sikkə romantik görüş vəd edir, üç sikkə isə xoşbəxt evliliyin xəbərçisi sayılır. Hər gün turistlər fontana minlərlə avro atırlar. İl ərzində burada toplanan vəsait bir milyon avronu keçir və həmin pullar xeyriyyə məqsədləri üçün istifadə olunur.
Fontanın populyarlığının artmasında kino da mühüm rol oynayıb. Rejissor Federiko Fellininin “Şirin həyat” filmi ekranlara çıxdıqdan sonra Trevi fontanı ətrafında çəkilmiş səhnə dünya kinosunun ən məşhur kadrlarından birinə çevrilib.

Bu gün Trevi fontanı sadəcə memarlıq abidəsi deyil. Bəziləri üçün o, sevginin rəmzidir, digərləri üçün arzuların həyata keçdiyi məkandır. Bir çox səyahətçi üçün isə Roma ilə bağlı ən unudulmaz xatirələrin ayrılmaz hissəsidir. Yəqin ki, elə buna görə də milyonlarla insan yenidən bu məkana gəlir, suya bir sikkə atır və öz arzularından kiçik bir parçanı burada qoyub gedir.
Hacı Cavadov