Son zamanlar dünyanın mübarizə apardığı məsələlərdən biri də qlobal xəstəliklərdir. COVID-19 pandemiyasının yayılmasından sonra baş verən hadisələr tək insanların səhhətinə deyil, ölkələrin iqtisadiyyatına, siyasətinə, bir sözlə bütün sahələrə zərər vurdu. Hazırda da bir sıra ölkələr bununla mübarizə aparır, pandemiyanın fəsadlarından qurtulmağa çalışır. Bundan əlavə bəzi qlobal xəstəliklər də öz təhdidlərini əsirgəmirlər. Xəstəliyin haradan və necə gələcəyini bilmək çətindir. Bu səbəbdən daim tədbirlər görülməli, mümkün ola biləcək halların qarşısı alınmalıdır. Əks təqdirdə, bu, yeni bəlalara səbəb ola bilər. Elə COVID-19 pandemiyası zamanı, ondan əvvəl və sonra da insanlar üçün sağlamlıq yönündə kifayət qədər maarifləndirici tədbirlər, bir sıra mühüm aksiyalar həyata keçirildi. Ancaq ən acınacaqlısı o olar ki, xəstəliklər insanların diqqətsizliyi, ehtiyatsızlığı səbəbindən yox, onların sağlamlığının keşiyində dayanmalı olan xəstəxanalar tərəfindən yaransın və yayılsın. Bu kimi halların yaşanmasına əsas səbəblərindən biri isə tibbi tullantıların məişət tullantıları üçün nəzərdə tutulan zibil qabılarına atılması, insanla təmasına gətirib çıxaran vəziyyətin yaradılmasıdır. Belə hallar kifayət qədər çoxdur.
Baki-Baku.az bu yazısında xəstəxanalardan və klinikalardan insan sağlamlığı üçün ciddi təhlükə yarada biləcək tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi məsələsindəki mövcud vəziyyətə toxunur.
Əvvəla bildirək ki, tibbi tullantıların idarə olunmasına dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 213 nömrəli, 2007-ci il 28 dekabr tarixli Qərarına əsasən tənzimlənir. Burada tibbi tullantıların saxlanması, təsnifatı, daşınması və digər məsələlər tam şəkildə öz əksini tapıb. Tullantılar müəssisənin özünə aid ərazisində yerləşdirilən, ayrıca bir hissədə qoyulmuş konteynerlərə daşınaraq saxlanmalı və toplanmalıdır. Tibbi müəssisələrdə tullantıların yığılması, müəssisə daxilində daşınması saxlanması, daşınmanın təmini, təşkili və bu kimi digər məsələlər Nazirlər Kabinetinin qərarında yer alıb.
Qeyd edək ki, bir sıra tibbi müsəssisələri, səhiyyə ocaqları Bakı şəhəri üzrə məişət tullantılarının daşınmasını yerinə yetirən “Kommunal Xidmətləri Müəssisəsi” MMC ilə müvafiq müqavilə bağlamaqla tibbi tullantıların daşınması və zərərsizləşdirilməsini həyata keçirir. Ancaq görünən odur ki, bəzi xəstəxana və klinikalarda bununla bağlı boşluqlar və problemlər mövcuddur. Redaksiyamıza daxil olan fotolardan aydın görünür ki, ümumi istifadədə olan və adi, yəni yoluxma riski olmayan məişət tullantılarının arasında tibbi tullantılar var. Bu cür tullantılar tibb müəssisəsinin ərazisində yerləşən ayrı konteynerdə olmalı və oradan daşınmalıdır. Bəs bunları həmin konteynerlərə yox, məişət tullantılarının olduğu zibil qabılarına atan kimlərdir? Onlar necə bir təhlükə yaratdıqlarından xəbərdardırlarmı?
Əldə etdiyimiz məlumata görə, tibbi tullantıların daşınması məsələsinin öhdəsindən gələ bilməyən həmin xəstəxanalar TƏBİB-in balansındadır. Görəsən, bu tullantıların zərərsizləşdirilməsi və daşınması üçün maneə nədir?
Dünyanın istənilən ölkəsində zavod və fabriklərdən zərərli tullantıların atılması halları müşahidə edilir. Ancaq bunun bir səhiyyə ocağı tərəfindən edilməsi qədər acınacaqlı hal yoxdur. Sağlamlıqla bağlı bu qədər çağırışların, təhdidlərin olduğu bir dönəmdə belə bihanəliyə səbəb nə ola bilər? İnsanlar məişət tullantılarını atarkən həmin zibil qablarında nələrin olduğunu çox zaman bilmir. Bu isə xəstəliklərə yoluxmaq üçün ən böyük təhlükədir.
Ərazilərə xidmət edən Mənzil-Kommunal Təsərrüfatı birlikləri və digər aidiyyəti qurumlar tərəfindən tibbi müəssilərinə dəfələrlə xəbərdarlıq olunsa da, bu kimi təhlükəli hallar yenə də təkrarlanır.
İnfeksionist Aytən Ziyadova açıqlamasında bu cür halların çox ciddi məsələ olduğunu bildirib.
Onun sözlərinə görə, tibbi tullantıların düzgün zərərsizləşdirilməməsi, xüsusilə də xəstəxana və klinikalarda bu tullantıların məişət tullantıları ilə qarışdırılması, əhəmiyyətli sağlamlıq riskləri yarada bilər: “Tibbi tullantılar, xüsusilə infeksion maddələr, kimyəvi və radiasion tullantılar, patogen mikroorqanizmlər və qanlı materiallar kimi təhlükəli maddələr daşıyır. Onların düzgün şəkildə toplanması, daşınması və zərərsizləşdirilməsi çox vacibdir.
A. Ziyadova qeyd edib ki, bu cür qaydaların pozulması bir sıra xəstəliklərə gətirib çıxarır: “Tibbi tullantıların düzgün yoxlanılmadan zibil qablarına atılması, xüsusilə də patogen bakteriyaların, virusların (Hepatit B, Hepatit C, HIV kimi) və digər infeksiyaların yayılmasına səbəb ola bilər.
Həmçinin tibbi tullantılar arasında antibakterial müalicə üçün istifadə olunan dərmanların qalıqları da ola bilər ki, bu, antibiotiklərə müqavimət göstərə biləcək yeni bakteriyaların yaranmasına yol açır.
Daha sonra, tibbi tullantılar arasında kimyəvi maddələrin, dərman qalıqlarının, infuziya və digər kimyəvi maddələrin də yer alması mümkündür. Bu maddələr düzgün zərərsizləşdirilmədikdə insanlar və ətraf mühit üçün zəhərlidir.
Bundan əlavə, tibbi tullantılar arasında, məsələn, vərəm və digər mikroorqanizmlər daşınan materiallar da ola bilər və bu cür tullantıların düzgün işlənməməsi infeksiyaların yayılmasına gətirib çıxarar”.
Qeyd edək ki, tullantıların zərərsizləşdirilməsi Abşeron rayonu Pirəkəşkül qəsəbəsində baş verir.