Ayrılıq kədər, nisgildi. Onun gözəllik adına bağlı olması isə istər-istəməz adamda yaddaş ağrısı, acısı yaşadır. SSRİ dövründə tikilən gözətçi daxmasının adını daşıyan sərt qayaların, qəlbi dağların yaxasından süzülən, 34 metr hündürlükdən tökülən, Cənub möcüzəsi , eyni zamanda Yardımlının vizit kartı hesab olunan məhşur Təkdam şəlaləsi barədə yəqin ki, az adam məlumatlıdır. Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən bu tarixi məkan keçilməz meşələrin qoynunda, strateji əhəmiyyətə malik sərhəd zolağında yerləşir. Təkdam şəlaləsi adını da məhz buradan sərhəd gözətçi məntəqəsindən alıb.

“Gülüstan” və “Türkmənçay” müqavilələri ilə iki imperiya arasında bölünən Vətənin gözyaşı, həsrət, nisgil nəğməsi kimi o, kədərli illərdən miras qalan Təkdam şəlaləsi Masallı-Yardımlı yolunun qırağında, Peştəsər dağının yaxasında yerləşir. Təbiətin bu nadir incisinin, möcüzəsinin ziyarətinə maşınla, nəqliyyat vasitəsi ilə getmək mümkün olsa da, bu gözəlliyi uzaqdan seyr etmək istəyənlər, Təkdamın ülviyyətinə nuruna qərq olmaq üçün pay-piyada getməyi üstün tuturlar. Deyilənə görə min illik qədim süxurlardan süzülən şəlalə bahar fəsli, yaz ayları gələndə cənnətin köşəsinə çevrilir.

Nisəqala – Viləşçayın Ay daşı – On iki şəlalənin ən böyüyü
Nisəqala ilə Çayüdü kəndlərinin yaxasında yerləşən dərəni yerli əhali Təng, yəni keçilməz, dar boğaz adlandırır, dik yamaclardan su fışqırdığı üçün ona Suatılan deyir. Viləşçayın qolu boyunca uzanan bu çayda nə az, nə çox düz on iki şəlalə var. Peştəsər dağ silsiləsindən qidalanan bu şəlalələrin bəziləri məhşur Təkdam və Zeynələzi şəlalələri ilə müqayisə olunsa da , onların öz gözəlliyi var. Yürüş yolu asan olan Nisəqala şəlaləsinə avtomobil yolu olmasa da, kəndin qurtaracağından iki min metr piyada və ya dörd açar maşınla getmək mümkündür. Çay keçidləri üçün su başmaqlarından- çəkmələrdən istifadə etməklə təbiətin bu nadir on iki incisinin cəm olduğu Nisəqalanı seyr etmək mümkündür.
Şərəf Cəlilli