XIX əsrdə Azərbaycanda ənənəvi müsəlman və qabaqcıl Avropa sivilizasiyalarının elementlərini özündə birləşdirən yeni mədəniyyət təşəkkül tapmağa başlamışdı. Bu dövr həm də Azərbaycanda anadilli mətbuatın əsasının qoyulması ilə əlamətdardır.
Milli tariximizdə baş verən bu müstəsna hadisə Moskva Universitetinin məzunu, görkəmli maarifçi, pedaqoq Həsən bəy Məlikovun (Zərdabinin) (1842-1907) adı ilə bağlıdır. O, 1875-ci ildə Bakıda “Əkinçi” qəzetini nəşr etdirməyə başladı. Həsən bəy 30 il sonra qəzet buraxmağa başladığı vaxtları belə xatırlayır və onu bu işə vadar edən səbəblər haqqında yazırdı: “Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm, qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur”.
Göründüyü kimi, bütün ömrünü xalqın maariflənməsinə həsr etmiş H.Zərdabi həmvətənlərinin “sözə, ələlxüsus da doğru sözə” ehtiyacını dərk edərək mətbuatı mədəni tərəqqinin ən mühüm elementlərindən biri olaraq dəyərləndirirdi.
Lakin qəzet çıxarmaq heç də asan məsələ deyildi və Həsən bəy 30 il əvvəl qarşılaşdığı çətinlikləri xatırlayaraq deyirdi: “Bəs qəzeti necə çıxarım? Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox [şrift – F.C.], əmələ [işçi – F.C.] yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır”. Bütün bu narahatlıqlara baxmayaraq, işlər heç də pis getmədi. Qəzetin çapına icazənin alınmasını böyük müşkül sayan H.Zərdabi gözlənilmədən Bakı qubernatoru Dmitri Staroselskinin dəstəyini qazandı. Həsən bəyin sözlərinə görə, qəzetin “Əkinçi” adlandırılması da məhz qubernatorun təşəbbüsü idi. Artıq 1875-ci ilin əvvəlində qəzetin çıxmasına rəsmi icazə verildi. Növbəti məsələ – hürufat və mətbəə məsələsi də uğurla həll olunurdu – İstanbuldan hürufat alınır, qəzetin Bakı quberniya mətbəəsində çapı qərarlaşdırılır. Belə bir ehtimal da var ki, Rusiyada yaxşı türk hürufatı olmadığından H.Zərdabi şəxsən İstanbula gedib oradan hürufat gətirmişdi.
Nəhayət, 1875-ci il iyulun 22-də “Əkinçi”nin birinci nömrəsi çıxdı. Nə qədər qəribə görünsə də, qəzetin redaksiyası bir nəfərdən ibarət idi: H.Zərdabi nəinki redaktor və naşir, həm də korrektor, bəzən isə mürəttib vəzifələrini icra edirdi. İlk vaxtlarda qəzetin nəşri ona maddi zərər gətirirdi, çünki müsəlman cəmiyyətinin əksəriyyəti qəzetin nə olduğunu bilmirdi. İnsanları alışdırmaq üçün naşir qəzeti pulsuz paylamaq məcburiyyətində idi. Bu fədakarlıq Bakıya gələn bir fransız müxbiri o qədər heyrətləndirmişdi ki, o, Həsən bəyə demişdi: “Siz həqiqi qəhrəmansınız. Bizdə belə bir kasıb qəzetdə işləməyə razı olan bir nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz xalqınızı ürəkdən sevirsiniz”.
Qısa müddət ərzində ziyalılar, həmçinin gənclər qəzetlə əməkdaşlıq etməyə başladılar. Mirzə Fətəli Axundzadə, Əsgər ağa Adıgözəlov (Gorani), Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov və başqaları burada öz məqalələrini, Seyid Əzim Şirvani şeirlərini dərc etdirirdilər. “Əkinçi”nin səhifələrində maarifin inkişaf etdirilməsinin, geriliyin aradan qaldırılmasının vacibliyi ön plana çəkilir, milli birlik ideyaları təbliğ olunurdu. Qəzetdə həmçinin kəndlilər arasında yeni əkinçilik üsulları haqqında məqalələr dərc edilirdi. Həsən bəy bu sahədə mütəxəssis olduğu üçün özü həmin mövzuda bir neçə məqalə ilə çıxış etmişdi.
“Əkinçi”nin tirajı 800-900 nüsxə, abunəçiləri isə orta hesabla 400 nəfərə qədər idi. Qəzetin anlaşıqlı dildə çap olunması ona Azərbaycan türkləri arasında böyük populyarlıq qazandırmışdı. Lakin qəzetin ömrü uzun sürmədi və 1877-ci ildə Rusiya ilə Osmanlı dövləti arasında müharibə başlayanda Çar hökuməti iki il ərzində cəmi 56 nömrəsi çıxan qəzeti bağladı. Buna baxmayaraq, H.Zərdabinin açdığı cığır sonrakı illərdə milli mətbuatımızın yeni, parlaq nümunələrinin işıq üzü görməsinə vəsilə oldu. “Əkinçi” və H.Zərdabi məktəbinin ənənələrini yaşadan “Ziya”, “Kəşkül”, “Həyat”, “İrşad”, “Açıq söz” və onlarla başqa qəzet sələflərinin yolunu davam etdirərək, xalqın oyanması, maariflənməsi, tərəqqisi işinə xidmət göstərdi.
H.Zərdabi 1907-ci ildə, 70 yaşında vəfat etdi. Onun dəfn mərasimi minlərlə insanın iştirakı ilə keçirilmişdi, hələ Bakı belə dəfn mərasimi görməmişdi. Həsən bəyin ölümü münasibətilə yazılmış nekroloqda onun böyüklüyü, xalqına xidməti bu sözlərlə ifadə olunmuşdu: “Allah sənə rəhmət eləsin, ey Zaqafqaziya müsəlmanlarını qəflət yuxusundan oyadan ilk şəxs!”
(Məqalədə Mirzəbala Məhəmmədzadənin və Akif Aşırlının tədqiqatlarının materiallarından istifadə olunub).