Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/04/2026

Paylaşın

Mədəniyyət

Müstəqilliyin səhnədəki təntənəsi: “Koroğlu”nun zəfər nəğməsi

“Koroğlu” operası

28 May – Müstəqillik Günündə Heydər Əliyev Sarayının səhnəsində nümayiş olunan Üzeyir Hacıbəylinin ölməz “Koroğlu” operası sadəcə növbəti tamaşa deyildi. Bu, milli dövlətçilik ruhunun, xalqın azadlıq idealının və qəhrəmanlıq ənənələrinin musiqi və səhnə dili ilə ifadə olunan möhtəşəm təntənəsi idi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra hər il xüsusi ehtiramla qeyd edilən bu əlamətdar gündə məhz “Koroğlu”nun səhnəyə qayıtması rəmzi məna daşıyırdı. Çünki Koroğlu obrazı əsrlər boyu xalqın azadlıq eşqinin, zülmə qarşı mübarizə əzminin və milli qürurunun təcəssümü kimi yaşayır.

1937-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin yaratdığı “Koroğlu” operası Azərbaycan opera sənətinin zirvəsi hesab olunur. Bəstəkar xalq dastanının ruhunu qoruyaraq onu dünya opera sənətinin ən yüksək estetik meyarları ilə birləşdirmiş, milli musiqimizin gücünü beynəlxalq səviyyədə nümayiş etdirən nadir sənət incilərindən birini yaratmışdır. “Koroğlu” yalnız bir opera deyil, Azərbaycan xalqının mənəvi pasportu, musiqi tariximizin qürur səhifəsidir.

“Koroğlu” operası

Tamaşa başlayan andan etibarən zalı bürüyən həyəcan hissi ilk növbədə məşhur “Koroğlu” uvertürasınınm möhtəşəm səslənişi ilə zirvəyə yüksəldi. Əsərin ilk akkordları sanki bütün salonu ayağa qaldıran görünməz bir enerji yaratdı. Orkestrin güclü nəfəsi, mis alətlərin qəhrəmanlıq ruhunu ifadə edən parlaq səslənişi, ritmin hərarəti və musiqinin coşqusu səhnədə baş verəcək hadisələrin miqyasını əvvəlcədən hiss etdirirdi. Bu uvertüra operanın giriş hissəsi olmaqla bitmir, Azərbaycan musiqisinin ən qüdrətli simfonik səhifələrindən biridir. Həmin anlarda sanki Çənlibelin qayaları, Koroğlunun nərəsi və xalqın azadlıq arzusu bütün zalda duyulurdu.

Əməkdar artist Əyyub Quliyevin dirijorluğu tamaşanın ən mühüm uğurlarından biri kimi yadda qaldı. O, orkestrin hər bir qrupunu böyük dəqiqliklə idarə edir, musiqinin dramatik xəttini səhnədəki hadisələrlə ahəngdar şəkildə birləşdirirdi. Xüsusilə uvertürada və kütləvi səhnələrdə orkestrin zəngin səslənməsi, dinamik keçidlərin ustalıqla qurulması tamaşaya xüsusi nəfəs gətirirdi. Əyyub Quliyevin interpretasiyasında Üzeyir Hacıbəylinin musiqisi həm monumental, həm də emosional çalarları ilə tam açılırdı.

“Koroğlu” operası

Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda opera klassik ənənələrə sadiq qalmaqla yanaşı, müasir tamaşaçı üçün də təsirli görünürdü. Rejissor kütləvi səhnələrin ritmini qorumağı, hadisələrin dramaturji gərginliyini saxlamağı bacarmışdı. Çənlibel səhnələri, xalqın üsyan əhval-ruhiyyəsini əks etdirən epizodlar və finaldakı zəfər ab-havası tamaşa boyu vahid ideya xəttinə xidmət edirdi.

Səhnə əsərinin quruluşçu baletmeysteri SSRİ Xalq artisti Qəmər Almaszadənin də ruhu şad idi, əminəm. Rəqslərin zərifliyi və eyni zamanda da mükəmməlliyi gözdən yayınmırdı.

“Koroğlu” operası

Gecənin ən çox maraq doğuran məqamlarından biri dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazovun Koroğlu obrazı idi. Onun səsindəki güc, qəhrəmanlıq temperamentini ifadə edən vokal imkanlar və səhnə hökmranlığı obrazın xarakterini inandırıcı şəkildə açırdı. Koroğlu yalnız qılınc sahibi bir qəhrəman kimi deyil, xalqının ağrısını və ümidlərini daşıyan lider kimi təqdim olunurdu. Xüsusilə qəhrəmanlıq səhnələrində Eyvazovun ifası zal tərəfindən böyük rəğbətlə qarşılandı.

Nigar rolunda çıxış edən Afaq Abbasova obrazın lirizmini, zərifliyini və mənəvi gücünü uğurla təqdim etdi. Onun ifasında Nigar həm yarına aşiq, sadiq bir qadın, həm də sevgisi uğrunda və haqq yolunda mübarizə aparan cəsarətli bir xarakter kimi görünürdü. Səhnədəki emosional səmimiyyət və vokal təmizliyi obrazın tamaşaçıya yaxınlaşmasına imkan yaradırdı.

“Koroğlu” operası

Lakin tamaşanın əsl sürprizlərindən biri Həsən xan rolunun ifaçısı Mahir Tağızadə oldu. Səhnəyə çıxan sənətçi obrazın zalım mahiyyətini, daxili qorxularını və hakimiyyət ehtirasını böyük ustalıqla canlandırdı. Mahir Tağızadənin yaratdığı Həsən xan birmənalı mənfi qəhrəman təsiri bağışlamırdı; o, həm qəddar, həm də hakimiyyətini itirmək qorxusu yaşayan mürəkkəb bir xarakter kimi təqdim olunurdu. Onun vokal imkanları ilə aktyor oyununun vəhdəti xüsusilə sarayın səhnəsində diqqəti cəlb edir, tamaşaçıda obrazın dramatik taleyinə maraq yaradırdı. Mahir Tağızadənin çıxışı tamaşanın ən yaddaqalan aktyor işlərindən biri kimi qiymətləndirilə bilər.

Xalq artisti Əkrəm Poladovun Alı obrazı faciəvi təsir gücü ilə seçildi. Kor edilmiş ata obrazının ağrısı və ləyaqəti onun ifasında olduqca təsirli görünürdü. Nəzər Bəylərovun Eyvazı, Fəhmin Əhmədlinin Ehsan paşası, Tural Ağasıyevin Həmzə bəyi də tamaşanın ümumi uğuruna töhfə verən obrazlar sırasında idi. Xüsusilə Həmzə bəyin hiyləgər və məkrli xarakterinin təqdimatında aktyorun səhnə plastikasını qeyd etmək lazımdır.

“Koroğlu” operası

Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivi yenə də operanın əsas qəhrəmanlarından biri təsiri bağışlayırdı. Xalq səhnələrində, üsyan və birlik çağırışlarında xorun güclü səslənişi operanın ideya yükünü daha da artırırdı.

Müstəqillik Günündə səhnələşdirilən “Koroğlu” göstərdi ki, Üzeyir Hacıbəylinin yaratdığı bu möhtəşəm əsər zamanın sınağından qalib çıxaraq bu gün də öz aktuallığını qoruyur. Azadlıq, ədalət və xalq birliyi kimi dəyərlər əsərin hər notunda yaşayır. Tamaşanın sonunda səslənən alqışlar yalnız ifaçılara deyil, həm də Üzeyir Hacıbəyli dühasına, Azərbaycan musiqisinə və xalqımızın sarsılmaz müstəqillik ruhuna ünvanlanmış ehtiram idi.

“Koroğlu” operası

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mayın 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının "Buratino" ( Aleksey Tolstoy) nağıl-tamaşası Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzində

Ən son

GÜNDƏM

Bu gün Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin

GÜNDƏM

Bu gün Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin