Perunun dağlıq And bölgəsində, dəniz səviyyəsindən təxminən 2430 metr yüksəklikdə dünyanın ən sirli məkanlarından biri yerləşir — Maçu Piçu. Yaşıl dağ zirvələri və buludlarla əhatə olunan bu qədim ink şəhəri beş əsrdən artıqdır ki, öz gözəlliyi və sirləri ilə insanları heyrətləndirir.
Maçu Piçu XV əsrdə böyük inka hökmdarı Paçakutekin dövründə inşa edilib. Alimlər isə bu şəhərin hansı məqsədlə tikildiyi barədə hələ də yekdil fikrə gəlməyiblər. Bəzi tədqiqatçılar onun hökmdar iqamətgahı olduğunu düşünür, digərləri isə şəhərin dini mərkəz və ya astronomik müşahidələr üçün istifadə edildiyini hesab edir.
Qədim tikinti ustalarının məharəti bu gün də insanları valeh edir. Şəhərdəki tikililərin əksəriyyəti sement və ya hər hansı məhluldan istifadə olunmadan inşa edilib. Nəhəng daş bloklar bir-birinə o qədər dəqiq uyğunlaşdırılıb ki, onların arasına hətta nazik bıçaq belə salmaq mümkün deyil. Məhz buna görə tikililər çoxsaylı zəlzələlərə tab gətirərək günümüzədək qorunub saxlanılıb.

Şəhərin digər maraqlı xüsusiyyətlərindən biri mürəkkəb drenaj sistemidir. İnklər yağış sularının axıdılması üçün xüsusi kanallar yaradıblar. Bu mühəndislik həlli sayəsində Maçu Piçu dağlarda tez-tez baş verən güclü yağışlara baxmayaraq dağılmayıb.
Qədim şəhərdə 170-dən çox tikili mövcuddur. Buraya məbədlər, yaşayış evləri, meydanlar və kənd təsərrüfatı terrasları daxildir. Ən maraqlı abidələrdən biri isə İntiuatana daşıdır. Onun adı “Günəşin bağlandığı yer” mənasını verir. Alimlərin fikrincə, bu daş səma cisimlərinin hərəkətini izləmək və dini mərasimlər keçirmək üçün istifadə olunurdu.
Maraqlıdır ki, ispan işğalçıları Maçu Piçunu heç vaxt aşkar edə bilməyiblər. İnk imperiyasının süqutundan sonra şəhər tərk olunub və zamanla sıx bitki örtüyünün altında gizlənib. Dünya isə bu möhtəşəm məkan haqqında yalnız 1911-ci ildə amerikalı tədqiqatçı Hiram Bingemin araşdırmalarından sonra məlumat əldə edib.

“Maçu Piçu” adı keçua dilində “Qoca dağ” mənasını verir. Onun yaxınlığında ucalan Uayna Piçu dağı isə “Gənc dağ” kimi tərcümə olunur. Bu gün qədim şəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir və dünyanın yeni yeddi möcüzəsindən biri hesab olunur.
Çoxsaylı araşdırmalara baxmayaraq, Maçu Piçu hələ də bütün sirlərini açmayıb. Bəlkə də məhz bu sirr, valehedici təbiət mənzərələri və inkaların mühəndislik dahisi bu qədim şəhəri Yer planetinin ən heyrətamiz məkanlarından birinə çevirir.
Hacı Cavadov