Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/22/2026

Paylaşın

TARİX

Şəmsi Əsədullayev: “Nobellərin qənimi”nin yüksəliş yolu

Şəmsi Əsədullayev

XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı şəhəri neft sənayesinin sürətli inkişafı ilə seçilirdi. Bu dövrdə Bakıda yeni sahibkarlar formalaşır və iqtisadi həyat canlanırdı. Həmin şəxslərdən biri də Azərbaycanın neft maqnatı, milyonçu və ictimai xadim Şəmsi Əsədullayev olub. O, neft sahəsində fəaliyyət göstərərək qısa müddətdə tanınmış sənaye maqnatlarından birinə çevrildi, eyni zamanda xeyriyyəçilik işləri ilə də yadda qalıb. Şəmsi Əsədullayev neftin Rusiyaya daşınmasında ilk dəfə buxar gəmisindən istifadə edən sahibkarlardan biri kimi tarixə düşüb.

Şəmsi Əsədullayev

Şəmsi Əsədullayev 1840-cı ildə (bəzi mənbələrdə 1841-ci ildə) Bakının Əmircan kəndində anadan olub. O da bir çox Bakı milyonçuları kimi yoxsul ailədə anadan olmuşdu. Gənc yaşlarında kənddə atasının əkin-biçin işlərinə kömək edir, araba ilə biçilmiş taxıl daşıyırdı. Bu illərdə Əmircanlıların əsas taxıl yerləri Suraxanı torpaqlarında idi.

20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanıda neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirləri — Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alındı. Onlar Suraxanıda Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirdilər. Həmin vaxt torpaqsız qalan Suraxanı və Əmircan kəndinin sakinləri neft mədənlərində işləməyə məcbur olurlar. Bu səbəbdən Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq neft sənayesində işləməyə başlayır və artıq 1860-cı ildə Kokorevin yanında işlər müdiri vəzifəsinə qədər yüksəlir.

Əsədullayev bir müddət sonra neft və duz podratçılığı ilə məşğul olur. 15 il müddətində xeyli qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq öz kerosin zavodunu açır və 1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfərlə birlikdə şirkət təsis edir. Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması barədə daha çox düşünən Şəmsi Əsədullayev 1891-ci ildə neftin Xəzər vasitəsilə daşınması sahəsində Bakı neft kapitalistləri içərisində ilk dəfə olaraq buxar sükanlı, iki və üç dorlu yelkənli gəmi sifariş verir.

Şəmsi Əsədullayev

1893-cü ildə cəmi 500 manat kapitalla işə başlayan Əsədullayevin firması, 1913-cü ildə artıq 10 milyon manat kapitala sahib idi.

Şəmsi Əsədullayev Sabunçu, Suraxanı və Ramanada yerləşən 37 neft quyusunun, mexaniki emalatxanaların, neftayırma zavodlarının və Xəzər dənizində neft məhsulları daşıyan gəmilərə malik idi. Eyni zamanda Moskvanın mərkəzində böyük daşınmaz mülklər ona məxsus idi.

1895-ci ildə təzə aldığı torpaq sahələrinin birində neft fontan vurur. Bu fontan 56 gün davam edir və hər gün 1 milyon 600 min pud (16,4 kq-a bərabər köhnə rus ağırlıq ölçü vahidi) neft verirdi. Bu hadisə Bakı neft sənayesi tarixində böyük əks-səda doğurmuşdu, çünki ən məşhur fontanlardan biri idi.

Şəmsi Əsədullayev həm neft mədəni, həm də neft daşıyan dəniz və çay gəmiləri donanmasına sahiblik edib.

Tarixi sənədlərdə əks olunan məlumata əsasən, Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şosesi üzərindəki “Bakinski dok”da quraşdırılıb. Cərəyan alman istehsalı olan “Algemayne” sisteminin dinamo-maşınından verilirdi. 1903-cü ildə elektrik stansiyalarının sayı artıq 70-ə çatıb. Hələ 1880-ci ildə Volqa çayında və Xəzər Dənizində gəmiçiliklə məşğul olan “Qafqaz və Merkuri” gəmiçilik şirkətləri Bakıda sərnişin limanında yeni elektrik fənərləri quraşdırmışdı. Fənərlər axşamdan sübhə qədər tutqun rəngli, lakin davamlı işıqla yanırdı ki, bu da şəhər əhalisində və bura gələn qonaqlarda xüsusi bir heyranlıq hissi doğururdu. Bu şirkətlərin reyslərinə sərnişin sayı çoxalmış, liman isə şəhər sakinlərinin ən sevimli gəzinti yeri olmuşdu.

Azərbaycanda neft sənayesinin inkişafı elektroenergetika sahəsinə də böyük stimul verib. Həmin dövrdə Bakı neft sənayesinin məşhur iş adamlarından biri olan Şəmsi Əsədullayev də limanın elektrikləşdirilməsinə biganə qalmayıb. O, şəxsi elektrik stansiyasına sahib olub və stansiyaya xidmət etmələri üçün xaricdən mütəxəssislər dəvət edib. Elektrik stansiyası sahibkarın Bakının mərkəzində yerləşən çoxmərtəbəli evini də işıqlandırırdı.

Şəmsi Əsədullayevin evi, həmçinin “Neft kralının sarayı” kimi tanınan üçmərtəbəli saray tipli yaşayış binası Bakı şəhərində yerləşir və 1896-cı ildə onun sifarişi ilə memar İohan Edel tərəfindən inşa edilib. Bina Mərdanov qardaşları (Praçeçnaya), Tolstoy (Gimnaziçeskaya) və Həzi Aslanov (Karantinnaya) küçələrinin kəsişməsində ucaldılıb və saray üslubunda tikilərək milyonçunun şəxsi mülkiyyəti olub. “Neft və kerosin kralı” kimi tanınan Şəmsi Əsədullayevin şirkətlərinin baş ofisi də məhz bu binanın birinci mərtəbəsində yerləşirdi.

Ölkəmizin neft sənayesində xarici sərmayə ilə yanaşı, yerli sərmayənin payı Şəmsi Əsədullayev və onun kimi digər milyonçuların sayəsində artdı. Ramananın neftlə zəngin torpağına kapital qoyan yerli burjuaziyanın ilk nümayəndələrindən biri Şəmsi Əsədullayev olub. Kəndə yatırım qoyan milyonçu yerli əhalini işə cəlb etdi, neft biznesi ilə yanaşı bir sıra digər sahələrdə işlər görüb, kənddə müxtəlif təyinatlı tikililər inşa etdirib. Onun bir zamanlar tikdirdiyi binalar bu gün də kənd camaatı arasında “Əsədullayevin evləri”, “Əsədullayevin uşaqlarının evləri” kimi xatırlanır. Ramana qalasının arxasındakı ərazidə milyonçuya aid fəhlə yataqxanaları mövcud olub.

Şəmsi Əsədullayevə “Nobellərin qənimi” deyirdilər. O, “Nobel qardaşlarının neft istehsalı şirkəti” (“Nobel Brothers Oil Company” və ya “Branobel”) ilə rəqabət aparır, onların dükan və kontorlarının yanında öz obyektlərini açır və nefti daha ucuz sataraq onlara mane olurdu. Volqa çayında naviqasiya payızın sonunda bağlananda Bakıda neft ucuzlaşırdı. Şəmsi və digər böyük neftxudalar bu vaxt xırda mədən sənayeçilərindən nefti ucuz alıb anbarlarda saxlayır, yazda naviqasiya açılınca Rusiyaya göndərirdilər.

Şəmsi Əsədullayev

Onun Bakıda müsəlman, Moskvada isə Mariya Pavlovna adlı rus həyat yoldaşı, iki oğlu (Mirzə, Əli) və qızları (Səriyyə, Xədicə və Ağabacı) vardı. Mariyanın atası çar ailəsinə yaxın senator idi. Neftdən qazandığı böyük sərvət və bu qohumluq əlaqələri sayəsində Şəmsinin qarşısında bir çox imkanlar açılmışdı. O, Peterburqda Neva sahilində, Qış sarayının yaxınlığında böyük bina tikdirib, Moskvada isə Mariya üçün hovuzlu və oranjereyalı dəbdəbəli mülk almışdı. Öz ailələrində övlad sahibi olmayan Ağa Şəmsi və Mariya Petrovna boş və yararsız torpaq sahələrini satın alaraq həmin ərazilərdə uşaq evləri və sığınacaqlar inşa edir, maddi çətinlik yaşayan tələbələrə dəstək olur, kasıbların ehtiyaclarını qarşılamaq üçün böyük məbləğdə ianələr verirdilər.

Şəmsi Əsədullayev

Şəmsi Əsədullayevin böyük oğlu və müsəlman həyat yoldaşı onunla Mariya üstündə tez-tez mübahisə edirdilər. Şəmsi qış aylarını əsasən Moskva və Peterburqda keçirir, tacirlərlə müqavilələr bağlayır, Novruz bayramından əvvəl Bakıya qayıdaraq satdığı nefti müştərilərə göndərirdi. Bakıya gəldiyi zaman əsasən Mərdəkandakı malikanəsində yaşayardı.

Əsədullayevin sərəncamında olan böyük gəmi donanması barədə danışan zaman bunu da qeyd etmək yerinə düşər ki, Ağa Şəmsi gəmilərin fitinə yaman aşiq idi və buna görə də bütün gəmilərin sirenaları xüsusi sifarişlə hazırlanırdı. Hətta bir dəfə köhnə gəmisini satanda, müştəri Ağa Şəmsiyə gəminin çox köhnə olmasını deyir və Əsədullayev də cavab verir ki, “köhnəliyinə nə baxırsan, sən onun fitinə qulaq as, yeddi diyarda eşidilir”.

Şəmsi Əsədullayev həyatında bir neçə dəfə böyük maliyyə itkisi yaşayıb. Onun demək olar ki, tamamilə müflis olmasının səbəbkarı böyük oğlu Mirzə olub. Ağa Şəmsi hər il payızın axırlarında Rusiyada müştəri tacirlərlə müqavilələr bağlayıb onları yazda neftlə təmin edəcəyinə dair öhdəlik götürürdü. Bakıdakı idarənin müdirinə teleqram vurub ki, Bakıda neftin xeyli ucuzlaşmasından istifadə edərək xırda sahibkarlardan olduqca böyük həcmdə neft alıb anbarlara tədarük etsin ki, yazda Volqa çayında gəmilər hərəkətə başlayan zaman baha qiymətə göndərsin müştərilərə. Teleqram Bakıya cümə günü gəlib çatır, idarənin rəhbəri işdə olmur və buna görə oğlu Mirzəyə verilir. Mirzə teleqramı oxuyur, anası ilə birlikdə plan quraraq qisas almaq üçün onu gizlədir. Ağa Şəmsinin Bakıya gəlməsindən bir həftə əvvəl də anası ilə birlikdə Xorasana gedir. Şəmsi Əsədullayev Bakıya gəlir, tapşırıq verir ki, alınan neft gəmilərə yüklənsin və göndərilsin Rusiyadakı müştərilərə. Məlum olur ki, teleqram idarə müdirinə çatmayıb və o da icazəsi olmadığı üçün neft tədarük etməyib. Yazda neft xeyli bahalaşıb, Ağa Şəmsi də bağladığı müqavilələrin şərtlərini yerinə yetirmək üçün məcbur olub bir neçə dəfə baha qiymətə Bakıdan neft alıb və yol xərcini də özü çəkərək Rusiyanın uzaq şəhərlərinə xeyli ucuz qiymətə satıb. Bu hadisədən sonra gəmilərin xeyli hissəsi, kerosin zavodu, Ramanadakı neft mədəni satılır. Mərdəkandakı bağ, şəhərdəki bir neçə mülk və Suraxanıda əkin sahəsinin satılması nəzərdə tutulur ki, borclar tam bağlansın.

Bu zaman digər məşhur Bakı milyonçusu, neft hasilatçısı Ağa Musa Nağıyev Şəmsi Əsədullayevin köməyinə çatır. Musa Nağıyevin qızı Ümbülbanu Şəmsinin gəlini, böyük oğlunun həyat yoldaşı idi. Musa çətin günlər yaşayan qudasına kömək edir, onu tamamilə müflis olmaqdan qurtarır. Rusiyadakı müştərilərə neft göndərib şəhərdəki mülklərin, bağın və Suraxanıdakı torpaq sahəsinin satılmasına imkan vermir.

Tale Ağa Şəmsinin üzünə gülür. Fətulla bəy Rüstəmbəyovun məsləhətindən sonra Suraxanıdakı torpaqlarda Musa Nağıyevin pulu ilə buruq qurdurur, quyu qazdırır. Qazıntı işləri aparılan zaman qısa müddət ərzində quyu elə bir fontan vurur ki, ətraf ərazilər neft dənizinə dönür. Keyfiyyət baxımından demək olar ki, benzinə bərabər olan xalis Suraxanı nefti hasil edilir və xeyli müştəri müraciət edir. Gündəlik hasilat 10 min tonu keçir. Həmin o quyu da məşhur fontan vuran quyularla bərabər Bakı neft qazma tarixinə daxil edilib.

Şəmsi Əsədullayev XIX əsrin sonu – XX əsrin əvvəllərində tanınmış azərbaycanlı neft maqnatı və xeyriyyəçi kimi həm iqtisadi, həm də ictimai sahədə böyük iz qoyub. O, xeyriyyəçiliklə məşğul olub, elmə və mədəniyyətə xüsusi qayğı göstərib, onlarla azərbaycanlı gəncin Almaniya, Fransa, Varşava, Kazan, Kiyev, Moskva, Odessa, Peterburq və Xarkovda təhsil almasına dəstək verib.

Rusiyanın Həştərxan vilayəti ərazisində yerləşən Assadulayevo qəsəbəsinin yaranması da onun adı ilə bağlıdır. Bu qəsəbə Privoljsk rayonunda yerləşir və Şəmsi Əsədullayevin şərəfinə adlandırılıb. XIX əsrdə burada “Qafqaz və Merkuri” cəmiyyətinə məxsus neft bazası fəaliyyət göstərib, Bakıdan gətirilən neft məhsulları saxlanılıb. Orada Şəmsi Əsədullayevə məxsus neft limanı, mazut zavodu, anbarlar, ehtiyat parklar və “Mazut” cəmiyyətinin infrastrukturu mövcud olub. Fəhlələri uzaqdan gətirmək sərfəli olmadığından onlar üçün kazarma tipli evlər tikilib və daimi yaşayış formalaşıb. 1917-ci il Oktyabr inqilabındən sonra bütün obyektlər milliləşdirilib, 1918-ci ildən isə qəsəbə rəsmi şəkildə xəritəyə düşüb.

Şəmsi Əsədullayev

Şəmsi Əsədullayev Bakıda Real Məktəbi (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) binasının tikintisinə böyük maliyyə dəstəyi göstərib. Heç bir formal təhsili olmasa da, maarifçiliyə xüsusi diqqət ayırıb, Tiflisdəki Aleksandrov Müəllimlər İnstitutunu himayə edib, orada öz adına iki təqaüd təsis edərək müsəlman tələbələr üçün yerlərin artırılmasına nail olub. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə həmin institutda yenidən iki təqaüd yaradıb.

Moskvada isə xeyriyyə fəaliyyətini davam etdirərək yoxsul uşaqlar üçün məktəblər açdırıd, Kiçik Tatar döngəsində tikdirdiyi evi Tatar Mədəniyyət Cəmiyyətinə bağışlayıb, Vozdvijenkadakı malikanələrindən birini müsəlman icmasına verib. Bu binada müsəlman uşaqları üçün məktəb fəaliyyət göstərirdi, onun vəfatından sonra – 1917-ci ildə orada Ümumrusiya müsəlmanlarının qurultayı keçirilib.

O, ictimai-siyasi həyatda da fəal olmuş, 1905-ci ilin avqustunda Nijni Novqorodda keçirilən Ümumrusiya müsəlmanlarının birinci qurultayında iştirak etmiş və Nəşri-Maarif Cəmiyyətinin üzvü kimi maarifçilik işinə töhfə verib. Bundan əlavə, Kaluqada öz vəsaiti hesabına kilsə tikdirməsi onun dini və sosial tolerantlığını göstərən mühüm nümunələrdən biridir.

Tanınmış xeyriyyəçi Şəmsi Əsədullayevin Azərbaycan xalqı və Türk dünyası qarşısında da böyük xidmətləri olub. Osmanlı-Rusiya müharibəsi zamanı Azərbaycandan kütləvi şəkildə Osmanlıya dəstək üçün insanlar yola düşür. Bunun qarşısını almaq üçün Bakı qubernatoru Dmitri Staroselski, o dövrün Şeyxülislamı Axund Ağa Əlizadəni (həmin vaxt Təzəpir məscidinin axundu idi) çağırır və tapşırır ki, Təzəpirin minbərinə qalxıb Osmanlı əleyhinə fətva versin. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev və Həbib bəy Mahmudbəyovun istəyi ilə Şeyxülislam Ağa Əlizadə minbərdən Osmanlı əleyhinə deyil, əksinə, Osmanlıya ianə toplanması haqqında fətva verib. Bakılılar öz sərvətlərini ora daşımaqla yanaşı, bakılı qızlar da nişan üzüklərini ianə edir. Bu fətvadan sonra Bakı əhalisi tərəfindən böyük miqdarda yardım toplanır. Həmin ianələrin çatdırılması üçün Şəmsi Əsədullayev üç gəmi ayırır və bu yardımlar Osmanlıdakı şəhid və qazi ailələrinə göndərilir.

Şəmsi Əsədullayev

Həmçinin bir tarixi faktı da qeyd etmək lazımdır ki, Osmanlı-Rusiya müharibəsində əsir götürülən Osmanlı əsgərləri Nargin adasında yerləşdirilir. Orada onların qida və müalicə problemləri yaranır, xəstəliklər baş qaldırır. Yenə də Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev və Həbib bəy Mahmudbəyovun təşəbbüsü ilə qrup yaradılır, ianələr toplanır. Nəriman Nərimanovun, Nigar Şıxlinskayanın və Əliağa Şıxlinskinin rəhbərliyi ilə Nargin adasına həkim briqadası göndərilir.

Bakının sürətli inkişafında üç şəxsiyyətin müstəsna rolu olub: Hacı Zeynalabdin Tağıyev, Nabat xanım Aşurbəyova və Şəmsi Əsədullayev. Bu üç şəxs tikdikləri binaları və mülkləri xalqa bağışlayıb, bir sıra digər varlılar isə tikdiklərini əmlak olaraq özlərində saxlayıb.

Şəmsi Əsədullayevin xalqımız qarşısında böyük xidmətlərindən biri Bakıda daşnak-bolşevik hərbi dəstələri tərəfindən törədilən mart soyqırım zamanı bütün sərvətini ortaya qoyması olub. Hacı Zeynalabdin Tağıyevin rəhbərliyi ilə soyqırım qurbanları Təzəpirdə yuyulub kəfənlənir. Tağıyevin toxuculuq fabrikindən ayrılan parçalarla şəhidlər kəfənlənir, Şəmsi Əsədullayevin yardımı ilə onlar üçün ehsan süfrələri açılır, ailələrinə böyük yardımlar edilir.

Şəhidlərin Təzəpir məscidindən Çəmbərəkənd qəbiristanlığına “40 pilləkən”lə qaldıran zaman Seyid Şuşinski qızıldan işlənmiş qavalda “Zəmin-xarə” muğamını ifa edir. O qavalın da maraqlı tarixçəsi var. Hadisələr Şəmsi Əsədullayevin qızının toyu ilə başlayır. Toyu məşhur xanəndə Cabbar Qaryağdıoğlu idarə edir. Cabbar Qaryağdıoğlu Mahmud Ağanın (Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə, 1826 -1896) Şamaxıda təşkil etdiyi muğam məclislərindən birində ona bağışlanan qızıl qavalı məşhur xanəndə Seyid Şuşinskiyə hədiyyə edir.

Şəmsi Əsədullayev

Tale elə gətirir ki, eyni muğam — “Zəmin-xarə” on illiklər sonra xalqımızın yaddaşına qanla yazılan 20 Yanvar faciəsi zamanı da şəhidlərin dəfni zamanı ifa edilir. Bu dəfə isə Azərbaycan şəhidlərinin Azadlıq meydanından Çəmbərəkəndə — Şəhidlər Xiyabanına qaldırıldığı anlarda bu kədərli musiqini görkəmli qoboy ustası Kamil Cəlilov ifa edir. Şeyxülislamlıq missiyasını Allahşükür Paşazadə yerinə yetirir.

Şəhidlərin Təzəpir məscidində yuyulub kəfənlənməsi üçün xüsusi komissiya yaradılır. Bu tarixi prosesdə iştirak edən Dövlət Komissiyasının tərkibində əvvəlki xeyriyyəçi və din xadimlərinin nəsillərindən olan nüfuzlu şəxslər təmsil olunurlar: akademik Akif Əlizadə – 1918-ci ildə Osmanlıya yardım fətvası verən Şeyxülislam Ağa Əlizadənin nəvəsi və böyük şəxsiyyət Həbib bəy Mahmudbəyov nəslinin nümayəndəsi Eldar Əzizov babalarının ənənələrini davam etdirərək, şəhidlərin Azadlıq meydanından Çəmbərəkəndə (Şəhidlər Xiyabanına) qaldırılması prosesində komissiya üzvü kimi fəal iştirak edirlər. Bu, Azərbaycan tarixində milli birliyin və xeyriyyəçilik ənənələrinin nəsildən-nəslə keçməsinin bariz nümunələrindən biri kimi qeyd olunur.

Beləliklə, Şəmsi Əsədullayevin ailə şadlığından başlayan bir eksponat (qaval) və həmin musiqi alətində ifa edilən “Zəmin-xarə” muğamı Azərbaycanın ağrılı-acılı şəhidlik tarixinə şahidlik edir.

Şəmsi Əsədullayevin ailə həyatı da dövrünün tanınmış şəxsləri ilə bağlı idi. Onun böyük oğlu Mirzə Musa Nağıyevin qızı ilə evlənmişdi. Kiçik oğlu Əli isə Zeynalabdin Tağıyevin Leyla adlı qızı ilə ailə qurmuşdu. Qızı Sara atasının işlər müdiri Zal Həsənovun həyat yoldaşı olub və Paris şəhərində vəfat edib. Ailənin davamçıları arasında tanınmış şəxsiyyətlər də olub. Azərbaycanlı yazıçı Banin (Ümmülbanu) Mirzə Əsədullayevin qızı idi. O, əsərlərini fransız dilində yazırdı və iki məşhur milyonçu — Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi idi.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra kommunist rejimi Əsədullayevin bütün mülklərini milliləşdirib. Onun Mərdəkanda çox böyük əraziyə malik, əzəmətli tağvari qapısı ilə seçilən bağı var idi. XIX əsrin sonlarında salınmış bu bağ Sovet hakimiyyəti tərəfindən müsadirə edilərək sanatoriyaya çevrilib.

Şəmsi Əsədullayev

Şəmsi Əsədullayev 1913-cü il 20 apreldə Yaltada günvurmadan 73 yaşında (bəzi mənbələrdə 72) vəfat edib. Bakıda dəfn edilib.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Azərbaycanın iqtisadi mərkəzi kimi sürətli urbanizasiya və əhali axını ilə üzləşir. Bu proses kirayə bazarını qızışdırır.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin