Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/20/2026

Paylaşın

TARİX

Şah Təhmasib – Səfəvilərin on yaşında taxta çıxan, əlli iki il səltənət sürən hökmdarı

Şah Təhmasib, Şah İsmayıl Səfəvi, Şah İsmayıl Xətai, Səfəvilər

Üçüncü yazı

Dünya Fatehinin ordusunu yenən Sərkərdə

Şah İsmayıl Səfəvi dünyasını dəyişdikdən sonra Səfəvi əmirləri onun on yaşlı oğlu Təhmasibi hakimiyyətə gətirdilər. 1524-cü ilin may ayının sonunda hakimiyyətə gələn Şah Təhmasibin hökumdarlığının ilk illərində Qızılbaş əmirləri arasında çəkişmələr gedirdi. Elə dövləti də ilk illərdə Div Sultan Rumlu və digər əmirlər idarə edirdi. Bu dövrdə müxtəlif tayfaların nümayəndələri hakimiyyətdə daha çox təmsil olunmaq üçün bir-biri ilə ölüm-dirim savaşına girmişdilər.

Getdikcə böyüyən və idarəetmə səriştəsi artan Şah Təhmasib 1532-ci ildə ölkədəki ara müharibələrinə son qoydu və bütün hakimiyyəti öz əlində cəmləşdirdi. Şah Təhmasib hakimiyyətini möhkəmləndirdikdən sonra Çaldıran döyüşündəki məğlubiyyətin qisasını almaq və Şərqi Anadoludakı itirilmiş torpaqları geri qaytarmaq məqsədi ilə 50 minlik ordu ilə 1532-ci ildə Osmanlı torpaqlarına yürüş təşkil etdi. Səfəvilər bir neçə Osmanlı qalasını tutsalar da, bu ərazilərdə möhkəmlənə bilmədilər.

Şah Təhmasib, Şah İsmayıl Səfəvi, Şah İsmayıl Xətai, Səfəvilər

Əks hücum əməliyyatı nəticəsində Səfəvilər Van qalasını tutdular

Bu zaman Osmanlı Sultanı Süleyman Qanuni Şərqi Avropada habsburqlara qarşı hərbi əməliyyatlar aparırdı. Səfəvilərin Şərqi Anadoluya daxil olma xəbərini alan Sultan Süleyman habsburqlarla sülh bağlayıb Səfəvilərlə müharibəyə hazırlaşmağa başladı. 1534-cü ilin yazında 100 minlik ordusu ilə Səfəvilər İmperiyasına qəfil yürüş edən Osmanlı Sultanı iyunun ortalarında Səfəvilərin paytaxtı Təbriz şəhərinə daxil oldu. Bu zaman Şah Təhmasibin əsas qüvvələri Xorasandakı qiyamı yatırmağa getmişdi. Bu səbəbdən də şəhər başsız qalmışdı.

Şah Təhmasibin böyük bir ordu ilə Təbrizə yaxınlaşma xəbərini alan Sultan Süleyman şəhəri tərk edib İstanbula geri döndü. 1535-ci ildə Sultan Süleyman bu dəfə Səfəvilərin nəzarətində olan Bağdada yürüş təşkil etdi və şəhəri ələ keçirdi. Osmanlı ordusu Bağdadda möhkəmləndikdən sonra ikinci dəfə Təbriz istiqamətində yürüşə başladı. Şah Təhmasib öncədən tədbir görüb Təbriz əhalisini şəhərdən köçürmüş, bütün ərzaq və həyat üçün lazım olan infrastrukturu bilərəkdən məhv etmişdi.

Sultan Süleymanın ordusu İbrahim Paşanın sərkərdəliyi altında ikinci dəfə Təbrizə daxil olanda şəhər bomboş idi. Ərzaq qıtlığı və orduda yayılan vəba xəstəliyi Osmanlı qüvvələrinin geri çəkilməsinə səbəb oldu. Səfəvilər tərəfindən təqib olunan Osmanlı qüvvələri geri çəkilərkən xeyli itkilər verdilər və əks hücum əməliyyatı nəticəsində Səfəvilər Van qalasını tutdular.

 Kədərlisi isə odur ki, 1535-ci ildə Şah İsmayılın digər oğlu Əlqas Mirzə qardaşı Şah Təhmasibə qarşı qiyam qaldırdı. Bu zaman Əlqas Mirzə Şirvan bəylərbəyi idi. Qardaşının böyük qüvvə ilə üzərinə gələcəyini bilən Əlqas Mirzə İstanbula gedərək Sultan Süleymana sığınmışdı. O, Osmanlı Sultanını inandırmışdı ki, onun ordusu Qızılbaş torpaqlarına daxil olan kimi bir çox tayfalar Səfəvilərə qarşı üsyana qalxacaqlar.

Şah Təhmasib, Şah İsmayıl Səfəvi, Şah İsmayıl Xətai, Səfəvilər

Yol boyu ərazilərin yandırması Osmanlı ordusunun geri çəkilməsinə səbəb oldu

Səfəvi hökümdarı Sultan Süleymanın üçüncü dəfə Təbrizə hücum edəcəyindən xəbərdar idi. Ona görə də, Ərzincandan Təbrizə kimi bütün əraziləri məqsədli şəkildə viran qoymuşdu ki, Osmanlı ordusu ərzaq tapmasın. Bu dəfə Şah Təhmasibin qardaşı Əlqas Mirzə də Osmanlı ordusunun sıralarında Səfəvilərlə döyüşmək üçün ön sıralarda durmuşdu. Lakin bu dəfədə döyüş baş vermədi.

Şah Təhmasibin yol boyu əraziləri yandırması Osmanlıların bu dəfə də geri çəkilməsinə səbəb olmuşdu. Bu minvalla Sultan Süleyman bir neçə dəfə Azərbaycan torpaqlarına uğursuz yürüşlər təşkil etdi. Paytaxt Təbrizin Osmanlılar tərəfindən dəfələrlə tutulduğunu nəzərə alan Şah Təhmasib 1551-ci ildə dövlətin paytaxtını Qəzvin şəhərinə köçürmək qərarına gəldi. 1552-ci ildə Şah Təhmasib özü dörd ayrı istiqamətdən Osmanlı torpaqlarına yürüşə başladı. Şərqi Anadoluda Ərzurum başda olmaqla Osmanlının bir çox qalalarını tutan  Şah Təhmasib xeyli qənimətlə sarayına geri döndü. Şah Təhmasibin yürüşündən və qələbələrindən xəbər tutan Sultan Süleyman Səfəvilər  İmperiyasına qarşı  həll edici yürüşə başlamaq qərarına gəldi.

Sultan Süleymanın 1554-cü ilin mayında başlayan son yürüşü Təhmasibin oğlu İsmayıl Mirzənin Şərqi Anadolunun bir hissəsini ələ keçirməsinə və Ərzurum hakimi İskəndər Paşanın məğlubiyyətinə cavab vermək üçün idi. Osmanlı ordusu əvvəl xeyli üstünlüyü əldə edib Səfəvi torpaqlarına daxil olsa da, Qızılbaşların say üstünlüyünü görüb geri çəkilmək qərarına gəldi. Beləcə, Sultan Süleymanın Azərbaycana dördüncü yürüşü də nəticəsiz qaldı. Bu da sülh danışıqlarının başlamasına işarə idi. 1555-ci ildə Amasyada imzalanan sülh müqaviləsinə görə, Səfəvi və Osmanlı imperiyaları arasındakı müharibə bitmiş hesab olunurdu. Sülhün şərtlərinə görə Ərəb İraqı, Bağdad da daxil olmaqla Osmanlıda qaldı. Gürcüstan torpaqları isə iki dövlət arasında bölüşdürüldü. Səfəvi dövləti Təbriz daxil olmaqla Şimal-Qərb sərhədlərini qorumağı bacardı.

Şah Təhmasib, Şah İsmayıl Səfəvi, Şah İsmayıl Xətai, Səfəvilər

Şah Təhmasib dünyasını dəyişdikdən sonra Qızılbaş əmirləri onun həbsdə olan oğlu İsmayıl Mirzəni azad edib hakimiyyətə gətirdilər

Amasya Sülhündən sonra Şah Təhmasib demək olar ki, hərbi səfərlərə qatılmadı. 1576-cı il mayın 14-də Şah Təhmasib uzun sürən xəstəlikdən sonra vəfat etdi. 1524-cü ildən Səfəvilər İmperiyasının hökmdarı olan Şah Təhmasib dünyasını dəyişdikdən sonra Qızılbaş əmirləri onun həbsdə olan oğlu İsmayıl Mirzəni azad edib hakimiyyətə gətirdilər. 1576-cı ilin mayında II Şah İsmayıl adı ilə dövlətin başına keçən hökmdarın hakimiyyəti o qədər də uzun sürmədi. O, 1577-ci ildə ögey bacısı Pərixan Sultan tərəfindən zəhərləndi və bir neçə gün sonra həyatını itirdi. Bu faktla bağlı bir məqam da mövcuddur. Deyilənə görə, II Şah İsmayılın öldürülməsinə səbəb onun İslam dininin sünni təriqətinə rəğbət bəsləməsi olub. Çünki bu, o zaman Şiə ideologiyasının təsirində olan Səfəvilər İmperiyasında qəbul olunmaz hal idi. Buna görə də Qızılbaş əmirlər onu sünni olduğu üçün aradan götürüblər. II Şah İsmayıl hakimiyyətdə olduğu bir il ərzində gözləri görməyən qardaşı Məhəmməd Xudabəndədən başqa bütün varisləri edam etdirmişdi. Bu səbəbdən də  Səfəvilər taxtının yeganə varisi gözləri görməyən Məhəmməd Xudabəndə idi. Buna görə də əmirlər məcburi şəkildə Səfəvilər taxtına dünya işığından məhrum olan Məhəmməd Xudabəndəni gətirdilər. O, Şah Təhmasibin yaşca ikinci oğlu idi.

Şah Təhmasib, Şah İsmayıl Səfəvi, Şah İsmayıl Xətai, Səfəvilər

Qərarı millət vermiş, Xilaskarı zaman yetirmişdi!

Məhəmməd Xudabəndənin hakimiyyətdə olduğu 1577-1587-ci illərdə Səfəvilər İmperiyası tənəzzül dövrünü yaşamışdı. Qızılbaş əmirlərinin əlində allətə çevrilən Məhəmməd Xudabəndənin İmperiyanı idarə edə bilməməsindən dövləti  onun yerinə dövləti onun xanımı Məhdi Ülya idarə edirdi. Bu dövrdə Osmanlı İmperiyası Səfəvilərin xeyli ərazisini ələ keçirmiş, Şeybanilər Şərqdə Səfəvilərə qalib gələrək Xorasanın bir hissəsini tutmuşdu. Cənubda isə Portuqal donanması Hörmüz limanında möhkəmlənmiş və əksər ticarət yollarını nəzarətə almışdı.

Üstəlik Şirvan, Aran, paytaxt Təbriz və Səfəvilər İmperiyası  üçün xüsusi əhəmiyyət kəsb edən Ərdəbil şəhəri Qızılbaşların əlində çıxmışdı. Bu gedişlə Səfəvilər  İmperiyası məhvolma təhlükəsi ilə üz-üzə idi. Belə bir vəziyyətdə İmperiyanı xilas etmək üçün mühüm qərarlar alınmalı idi.

Qərarı millət vermiş, Xilaskarı zaman yetirmişdi! Tarix onu yaddaşına  Səfəvilər İmperiyasının nüfuzunu özünə qaytaran, Şeybanilər dövlətinin varlığına son qoyan, bu gün də üstündə qan su yerinə axan Hörmüz boğazını fəth edən, Şah İsmayıl Səfəvinin atının ayağının dəyidiyi bütün torpaqları bir bayraq altında birləşdirən hökmdar kimi yazacaqdı!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Ən son

GÜNDƏM

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq

GÜNDƏM

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin