Qida zəhərlənməsi insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Vaxtında aşkar edilmədikdə qusma və ishal nəticəsində orqanizmdə maye itkisi – susuzlaşma baş verə bilər.
Baki-baku.az xəbər verir ki, qida zəhərlənməsinə əsasən yararsız və xarab olmuş qidaların qəbulu, eləcə də bakteriya və viruslar, onların ifraz etdiyi toksinlər səbəb olur. Xəstəlik törədiciləri qida vasitəsilə orqanizmə daxil olaraq çoxalır və müxtəlif narahatlıqlar yaradır.
Mütəxəssislərin diqqət çəkdiyi əsas əlamətlər bunlardır:
Qarın nahiyəsində ağrı;
Bədən hərarətinin yüksəlməsi;
Ürəkbulanma;
Qusma;
Tez-tez təkrarlanan, sulu və kəskin qoxulu ishal;
Baş ağrısı və halsızlıq;
Qızdırma;
Üşütmə və titrətmə;
Başgicəllənmə;
Dərinin solğunlaşması və ümumi narahatlıq.
Qida zəhərlənməsi zamanı xüsusilə qusma və ishal nəticəsində yaranan maye itkisinə diqqət yetirmək lazımdır. Susuzlaşmanın qarşısını almaq üçün maye qəbul etmək vacibdir.
Əgər qusma və ishal şiddətlidirsə, maye qəbul etmək mümkün olmursa, sidik azalırsa, güclü başgicəllənmə, huşda dəyişiklik və ya yüksək hərarət müşahidə edilirsə, dərhal tibbi yardım almaq lazımdır.
Unutmaq olmaz ki, qida zəhərlənməsinin əlamətlərini vaxtında tanımaq və düzgün tibbi yardım almaq mümkün ağırlaşmaların qarşısını almağa kömək edir.